Şrift:
Paşinyan Ermənistana göndərdiyi məhsullara görə İrana təşəkkür edib
22.04.2020 [16:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İşğalçı Ermənistan rejiminin Baş naziri Nikol Paşinyan İrana Ermənistana (və Qarabağ-red.) göndərdiyi məhsullara görə təşəkkür edib.



İran Dövlət Teleradio Şirkətinin xəbər agentliyinin Ermənistan şöbəsinin məlumatına görə, o, televiziyada etdiyi çıxışda rəsmi Tehranın Ermənistana tərəddüd etmədən lazım olan bütün məhsulları anında göndərdiyini deyib.



Paşinyan İranın sayəsində bir çox ölkələrdə koronavirusla əlaqədar mağaza rəflərinin boş qaldığını, lakin İranın sayəsində Ermənistanda bu vəziyyətin baş vermədiyini deyib:



"Bu məsələ ilə əlaqədar təkcə Ermənistanın iqtisadiyyat sahəsində çalışanlara deyil, Ermənistana heç bir tərəddüd etmədən vaxtında məhsul göndərən İrana da təşəkkür etmək istəyirəm", - deyə Paşinyan əlavə edib.



İşğalçı Ermənistan rejiminin Baş naziri sonda bu istiqamətdə Rusiya və Gürcüstana da təşəkkür edib.



Qeyd etmək lazımdır ki, koronavirusun yayılmasından sonra İranla Ermənistan arasında viza rejimi yenidən tətbiq edilib. Lakin Dövlət Teleradio Şirkətinin xəbər agentliyinin xəbərində qeyd edilir ki, koronavirusa rəğmən, İrandan Ermənistana məhsul ixracatı davam edir və bu, daha da genişlənməkdədir.



Digər tərəfdən, bir neçə gün öncə İranın Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsinə onlarla yük maşınında ucuz yanacaq göndərdiyini əks etdirən videolar yayılmışdı. Bu görüntülərdən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi İrana etiraz etmişdi. Sonrakı günlərdə bununla kifayətlənməyən Tehran rejimi yenə də Azərbaycan xalqına qarşı hörmətsizliyə davam edib.



Bir neçə gün öncə İran Səhiyyə Nazirliyinin koronavirusla bağlı hazırladığı "Mask" adlı tədbirdə Qarabağ müstəqil "respublika" kimi göstərilmişdi. Bundan savayı, İranın Ermənistana və Qarabağa məhsul və yanacaq göndərməyə davam etməsinə dair yenidən video yayılmışdı.



Azərbaycan Respublikası mart ayının əvvəllərində koronavirusla mübarizə üçün İrana 5 milyon dollar yardım etmişdi. Amma bu məsələni İranın media qurumları cüzi şəkildə işıqlandırmışdılar.
Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed