Şrift:
Erməni eks-nazir ölkəsinin gələcəyini qaranlıq görür.
10.10.2012 [11:12] - Sosial
Aşot Bleyan işğalçı dövlətin orta məktəblərini həbsxana ilə müqayisə edib: “Burada nə qədər az qalsan, bir o qədər yaxşıdır...”

Ermənistan rəsmiləri nə qədər pafoslu bəyanatlar versələr də, Rusiyadan nə qədər peşkəş silah-sursat alsalar da, təcavüzkar dövlətin sosial-iqtisadi durumu ağır, hərbi qüdrəti kövrək olaraq qalır. 21 ildir müstəqil olsa da, Ermənistan iqtisadiyyatı hələ də rüşeym halında qalıb, ötən əsrin 80-ci illəri səviyyəsindən yuxarı qalxa bilməyib.

Bu müddətdə ölkədən xaricə miqrasiya edənlər ilbəil artıb ki, azalmayıb. “Böyük Ermənistan” mifi ilə yaşayan ermənilərdən fərqli olaraq, həm yerli müstəqil iqtisadçı ekspertlər, həm də uzağı görən praqmatik erməni siyasətçiləri (Levon Ter-Petrosyan və s.) dəfələrlə bəyan və etiraf ediblər ki, Qarabağ ixtilafı çözülməyincə, Türkiyə və Azərbaycanla sərhədlər bağlı qaldıqca, siyasi, diplomatik, insani əlaqələr bərpa edilməyincə Ermənistan kimi cırtdan dövlətin inkişaf perspektivi, gələcəyi sadəcə yoxdur, olmayacaq. Dünya okeanına çıxışa, müttəfiqi Rusiya ilə quru sərhəddə malik olmayan bu ölkənin iqtisadiyyatını yalnız İranın hesabına xilası isə mümkün deyil.

Ermənistanda yaşanan iqtisadi, demoqrafik böhran özünü şübhəsiz ki, təhsil sferasında da bariz göstərməkdədir. Təhsil isə istənilən ölkənin, xalqın gələcəyinə həlledici təsir etmək gücündə olan strateji sahələrdən sayılır. Bunu da erməni təhsil mütəxəssisləri gizlətmirlər. Ermənistanın sabiq təhsil naziri Aşot Bleyan onların sırasındandır.

Bleyan Beynəlxalq Müəllim Günündə ölkəsindəki təhsil problemlərindən danışarkən (vesti.az) deyib ki, “bu gün bütün cəmiyyət üçün nə çatışmırsa, Ermənistan məktəblərinə də o çatmır - fikir və ideyaları yaymaq missiyası”. Müəllimlərin əməkhaqqının çox aşağı olduğunu deyən keçmiş nazirə görə, son 4-5 ildə məvaciblərdə ümumiyyətlə, artım olmayıb və yaxın illərdə heç gözlənilmir də.

“Bizdə qiymətlər sürətlə qalxır. Müəllim gündəlik minimum ehtiyacını təmin eləmək zorunda qoyulub, nəinki dəyərləri yaymaq”, - söyləyir tanınmış təhsil eksperti. Sabiq nazir daha sonra deyib: “Biz vətənimizlə əlaqəmizi itirmişik. Proqramlar, ölkənin müxtəlif guşələrinə, dağlarına, çaylarına səyahətlər olmalıdır. Şagird öz ölkəsini tanımalı və onunla fəxr etməlidir, nəinki emiqrasiya arzuları ilə böyüməlidir”.

Bununla keçmiş təhsil məmuru da etiraf edir ki, ölkə boşalır, əhali, gənc nəsil Ermənistanın gələcəyini görmür, xalqın rifaha qovuşacağını təsəvvür eləmir. Ən maraqlısı isə odur ki, Bleyan ölkənin orta məktəblərini türmə ilə müqayisə edib. Onun sözlərinə görə, 12 illik təhsil proqramının tətbiqi mövcud problemləri həll etməyəcək: “Buna həbsxanada keçirilən müddət kimi baxsaq, burada nə qədər az ”yatsan", bir o qədər yaxşıdır..."

Həbsxana söhbəti yerinə düşür. Çünki bu gün ölkənin başında duran şəxs elə kriminal bioqrafiya daşıyıcısı, Xocalı hərbi canilərindən olan Serj Sərkisyandır. Türmənin şoxdan darıxdığı Sərkisyan. Erməni xalqını rifah nağılları ilə “yedizdirən” Sərkisyan rejimi nə təhsil sahəsinin, nə də ümumən ölkə iqtisadiyyatının köklü problemlərini çözmək iqtidarında deyil. Niyə? Ona görə ki, o, “müharibə partiyası”nın iki odioz nümayəndəsindən biridir və Qarabağ probleminin ədalətli həllinin, demək, Azərbaycan və Türkiyə ilə normal əlaqələrin tərəfdarı deyil. Altını isə təbii ki, erməni xalqı çəkir.

Ancaq bir rus məsəlində deyildiyi kimi, “suda boğulanın xilası ən əvvəl suda boğulanın problemidir”. Yəni erməni xalqı quldur-banditlərdən, onların şirin Qarabağ nağıllarından, “ikinci erməni dövləti” haqda sərsəmləmələrindən, Rusiyanın bahalı və təhlükəli himayəsindən ilk növbədə özü qurtulmalıdır. Və nə qədər tez qurtulsa, bir o qədər erməni xalqı üçün də, bölgə xalqları üçün də yaxşı olar...

ZAHİD
Bu xəbər oxucular tərəfindən 1472 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed