Şrift:
Bir gündə Tehran xəstəxanalarına koronavirusla bağlı 6 mindən çox şəxs müraciət edib
23.04.2020 [19:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın Koronavirusla Mübarizə Qərargahının komandanı Əlirza Zali ötən gün 6 min 390 nəfərin vətəndaşın koronavirusla bağlı paytaxt xəstəxanalarına müraciət etdiyi barədə məlumat yayıb.



Onun sözlərinə görə, həmin şəxslərdən təxminən 400 nəfərində koronavirus əlamətləri olduğundan, onlar xəstəxanalara yerləşdiriliblər.



Komandan qeyd edib ki, 312 nəfər adi palatalara, vəziyyətləri ağır olan 81 nəfər isə xüsusi rejimli şöbələrə yerləşdiriliblər.



Əlirza Zali qalan müraciət edənlərin vəziyyətlərinin necə olduğu və onlarda koronavirus əlamətlərinin müşahidə edilib- edilmədiyi barədə detalları açıqlamayıb. Lakin o, paytaxt ərazisində infeksiyaya yoluxanların yenidən orta sürətlə yüksəldiyini deyib.



Ötən günlər ərzində Azərbaycan əyalətləri və Mazandaranın tibb rəsmiləri ölkə ərazisində bəzi məhdudiyyətlərin aradan qaldırılmasından sonra koronavirusun yayılmasının 2-ci dalğasının başlandığını bəyan ediblər.



Bununla belə, Səhiyyə naziri Səid Nəməki ötən gün etdiyi çıxışda infeksiyaya yoluxanların günlük sayının 53%, ondan ölənlərin sayının isə 30% azaldığını iddia edib.



İranlı deputatlardan, eləcə də Şəhər Şuraları üzvlərindən bir çoxu dəfələrlə Səhiyyə Nazirliyini koronavirusla bağlı yaydığı statistikalarda real rəqəmləri gizlətməkdə ittiham ediblər. Bu səbəbdən Səid Nəməkinin dünən dediklərinin həqiqəti əks etdirmədiyi düşünülür.
Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed