Şrift:
Nyu-York qubernatoru koronavirusun ştata haradan gəldiyini izah edib
25.04.2020 [14:06] - Gündəm, Sağlıq
Nyu-York ştatına koronavirus Çindən deyil, Avropa ölkələrinin birindən gəlib.

Bu barədə jurnalistlərə Nyu-York ştatının qubernatoru Endryu Kuomo deyib.

Şimal-Qərbi ABŞ Universitetinin apardığı tədqiqatın nəticələrinə əsasən, Nyu-York ştatında koronavirusa ilk yoluxma halının qeydə alındığı martın 1-də 10 mindən çox sakin artıq COVID-19 xəstəliyinə tutulmuşdu. Qubernatorun fikrincə, virusun İtaliyadan gəlməsi versiyası daha inandırıcıdır.

Endryu Kuomo xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp Uxan şəhərində xəstəliyin yayılması barədə məlumatlardan təxminən bir ay sonra - fevralın 2-də Çindən səfərləri qadağan edib, lakin Avropadan ölkəyə girişlər isə xəstəlik ABŞ-da geniş vüsət aldıqdan sonra - mart ayında məhdudlaşdırılıb.

Qubernator ABŞ administrasiyasını epidemiyanın yayılmasına ləng reaksiya verməkdə təqsirləndirib. Onun sözlərinə görə, həmin iki ay müddətində Avropadan Nyu-York və Nyu-Cersi aeroportlarına 2,2 milyon insan gəlib və onların da bir hissəsi çox güman ki, COVID-19 daşıyıcısı olub.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 13:50-yə olan məlumatına əsasən, ABŞ-da 925 mindən çox yoluxma və 52 min 217 ölüm faktı qeydə alınıb, 110 min 432 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Nyu-York ştatında isə yeni koronavirusa yoluxanların sayı 277 min nəfəri ötüb, 21 min 291 nəfər isə bu xəstəlik səbəbindən dünyasını dəyişib.
Bu xəbər oxucular tərəfindən 530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed