Şrift:
Azərbaycan türkçülüyü ideyası - XVIII
10.10.2012 [15:55] - DAVAMın yazıları
Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru


Mirzə Bala Məmmədzadə: islamçılıqdan türkçülük, türkçülükdən isə Azərbaycan türkçülüyü-azərbaycançılıq yaranmışdı

Gənc yaşlarından türkçülük hərəkatına qoşulan, Azərbaycan Cümhuriyyəti Sovetlər Birliyi tərəfindən işğal olunduqdan sonra Türkiyədə və başqa ölkələrdə mühacirət həyatı yaşamağa məcbur olmuş Mirzə Bala Məmmədzadənin (1898-1959) də milli fəlsəfi fikrinin əsasında türkçülük, Azərbaycan türkçülüyü (azərbaycançılıq), milli istiqlal davası və bu yolda gördüyü başqa milli əməlləri dayanır.

Azərbaycan türkçülüyü ideyası, Azərbaycanın istiqlal davası, ümumilikdə Azərbaycan milli ideologiyasının yaranması və inkişafının mahiyyətinin öyrənilməsi baxımından M.B.Məmmədzadənin ən qiymətli əsəri 1938-ci ildə Almaniyada-Berlində nəşr olunan «Milli Azərbaycan hərəkatı»dır. Bu əsərində Məmmədzadə türkçülük, Azərbaycan türkçülüyü ideyasının yaranması və təkamülü ilə yanaşı, mühacirət dövründə türkçülük və turançılığın türk xalqları üçün hansı: siyasi yoxsa, mədəni birlik mənası daşıması ilə bağlı mövcud olan fikirləri dəyərləndirməyə və bu məsələdə tutduğu mövqeyi ifadə etməyə çalışmışdı.

M.B.Məmmədzadə Azərbaycan türklərinin milliyyətdən millətə keçməsini cəmiyyətin ayrı-ayrı üzvləri arasında milli iradənin, milli düşüncənin, milli müqavimətin və s. yaranması ilə izah edir. Onun fikrincə, artıq XX əsrin əvvəllərində mütərəqqi Azərbaycan ziyalıları özlərini Xanlıqlar dövründə saraylara toplaşaraq xanların zövqünə uyğun olaraq özünü aparan şair və mütəfəkkirlər deyildir: «Bu kollektiv bir hərəkat idi. Bu kollektiv hərəkatdan həqiqətən kollektiv bir vicdan, kollektiv bir şüur və iradə doğacaqdı. Bu şüur və iradə büllurlaşdıqca mahiyyəti və hədəfi artıq büllurlaşmış olan milli hərəkat öz zahiri simasını ad taparaq islami etiketdən çıxır, milli türk simasını alırdı. Çünki kollektiv vicdan islami mahiyyətini çoxdan tərk etmiş, ictimai münasibətlərdə dinin bağlıyıcılıq yerini dil almış olurdu».

Onun fikrincə, bu şüurlu və kollektiv hərəkat isə türkçülük doğurdu və mədəni millətçiliyə yeni bir yön verdi. Mədəni millətçiliyin sonrakı forması da tanınmış türkçülərdən Əli bəy Hüseynzadə tərəfindən «türkləşmək, islamlaşmaq və avropalaşmaq» kimi bir prinsip halına gətirilmiş, daha sonra «Müsavat»ın başlıca şüarı və milli Azərbaycan bayrağının əsasını təşkil etmişdir. Məmmədzadəyə görə, beləliklə, türk milli hərəkatı gərək geniş mənası ilə, gərəksə də Azərbaycan ölçüsündə XX əsrin əvvəllərinə doğru şəkillənməyə başlamışdır. Belə ki, XX əsrin əvvəllərində mədəni millətçilik, mədəni türkçülük siyasi-ideoloji şəkil alaraq əvvəlcə türk birliyini (türkçülüyü), daha sonra isə Azərbaycan türkçülüyünü, başqa adla azərbaycançılığı hədəfləmişdir.

XIX əsrin ortalarından etibarən yaranmağa başlayan mədəni millətçiliyin, mədəni türkçülüyün XX əsrin əvvəllərində siyasi-ideoloji şəkil almasını çox doğru müəyyənləşdirən M.B.Məmmədzadə qeyd edir ki, bu dövr Azərbaycan-türk ziyalıları iki dilemma: 1) daxili mühafizəkarlarla; 2) çar Rusyası ilə mübarizə qarşısında qalmışdı. Məhz bu dilemma Azərbaycan idealist millətçilərini XX əsrin əvvəllərində iki qrupa ayırmışdı: «Nəticədə rus liberalları ilə həmfikir olan tərəqqipərvər zümrə və rus inqilabçıları ilə həmfikir olan inqilabi gənclik kimi iki ictimai hizb (qüvvə) meydana gəlmişdi. Xatırladılan hər iki hizb (qüvvə) XIX əsrin idealistləri tərəfindən elan edilmiş millətçilik prinsiplərinə sədaqətdə ortaq idi».

Deməli, XIX əsr Azərbaycan türk ziyalıları M.F.Axundzadə, H.Zərdabi və b. mədəni millətçiyliyin, mədəni türkçülüyün əsasını qoymuş, onların davamçıları-siyasi türkçülər isə XX əsrin əvvəllərində bu ideyanı bir qədər də inkişaf etdirərək, eyni hədəfə istiqamətlənməsinə baxmayaraq, iki fərqli qüvvə 1) rus liberalları ilə həmfikir olan milli liberallar-«ittifaqçılar» (Ə.Topçubaşov, İ.Qaspıralı və b.), 2) rus inqilabçıları ilə həmfikir olan milli inqilabçılar (M.Ə.Rəsulzadə, A.Kazımzadə və b.) şəklində meydana çıxmışdır. Bu iki qüvvənin əsas rəqibləri isə çar Rusiyası və onun siyasətini Azərbaycanda dəstəkləyən yerli mürtəce mühafizəkarlar idi. Çar Rusiyasına qarşı mübarizədə milli inqilabçıların doğru yol tutduğuna inanan Mirzə Bala qeyd edir ki, hadisələrin sonrakı gedişi də milli liberalların-«ittifaqçılar»ın deyil, milli inqilabçıların doğru yol tutduğunu ortaya qoydu.

M.B.Məmmədzadə yazır ki, Azərbaycanda «ümmətçilik»dən «millətçiliy»ə keçən, milli ideologiyanın təməl prinsiplərini işləyib hazırlayan ilk ziyalı isə böyük türkçü, Azərbaycan türkçülüyü ideyasının ideoloqu Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Belə ki, tanınmış Azərbaycan-türk mütəfəkkiri Ş.C.Əfqanin yolunu davam etdirən M.Ə.Rəsulzadə «islam millətçiliyi»nin yerinə «türk millətçiliyi»ni irəli sürmüşdür. M.B.Məmmədzadə yazır: «Şeyx Cəmaləddin Əfqani kimi Məhəmməd Əmin bəy də islamiyyətin və müsəlmsanlığın milliyyət deyil, «ümmətçilik» ifadə etdiyini, milliyyətin isə din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulduğunu və bu milli diriliyin təməlini təşkil edən milli mədəniyyətin ünsürlərini izah edərək milli hərəkatın ictimai fəlsəfəsini qurmuşdur». Onun fikrincə, 1915-ci ildən işıq üzü görən «Açıq söz» qəzetində ilk dəfə olaraq «müsəlman», «tatar» əvəzinə «türk» sözünü işlədən, «Biz türkük!» deyən M.Ə.Rəsulzadə bu surətlə «ümmət» və «ümmətçilik» dövrünü rəsmən qapamış, «millət», «türk millətçiliyi» dövrünün başlandığını elan etmişdir.

Onun fikrincə, milli davada Azərbaycan türkçülüyü-azərbaycançılıq isə xüsusi bir yer tutmuşdur. Bu fikrini əsaslandırmağa çalışan Mirzə Bala yazırdı ki, hələ çar Rusiyasının dağılması ərəfəsində türkçulər və turançılar vahid türk dövlətinin qurulması istəyində bulunsalar da, bunun imkansız olduğunu anlamışdılar: «Rusiyanın xarabalıqları üzərində vahid deyil, ayrı-ayrı türk dövlətləri qurulur və yaxud qurulmaq istənir. Dünya türklərinin geopolitik vəziyyəti, coğrafi vəziyyət etibarilə dağınıq və bir-birilərindən uzaq olmaları, onları ayrı-ayrı dövlətlər qurmağa sövq etmişdi. Doğrudur, «Müsavat» firqəsi bu vəziyyəti nəzərə almış və bu milli dövlət prinsipini dilə gətirərkən bir gün bu dövlətlərin federasiya yaradacaqlarını təsəvvür etmişdi. Fəqət o «bir gün» uzaq, bu gün isə yaxın idi. Türk dünyasının geopolitik vəziyyəti, mədəniyyət və kültür xüsusunda eyni məfkurə, qayə və taktikaya sahib müxtəlif türk ellərini siyasi-dövlətçilik sahəsində məhəlli yurdçuluq-vətənçilik yoluna sövq etmişdi». Onun fikrincə, bir bütün halda başlayan türk milli hərəkatının ayrı-ayrı yurdçuluq və milli dövlətçilik halına gəlməsində siyasi, coğrafi, iqtisadi və strateji səbəblər mühüm rol oynamışdı.

Məhz bu səbəblərin nəticəsidir ki, Türkiyədə milli hərəkata başlayanlar yalnız Türkiyə türklərini düşünmüş, onların proqramında Türkiyə xaricindəki türklərdən bəhs olunmamış, hətta Türkiyə Misaqi-Millini gerçəkləşdirmək üçün Qərbi Avropa imperialistləri ilə döyüşdə Türküstan, Krım, İdil-Ural və Azərbaycan türklərinin mübarizə apardıqları Rusiya ilə müttəfiq olmaq məcburiyyətində qalmışdı. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra da bu proses davam etmiş və türk birliyi uğrunda mübarizə aparan «Türk ocağı» əvvəlcə fəaliyyətini Türkiyə ilə məhdudlaşdırmış, daha sonra isə bir müddət qapanmışdır. Məmmədzadə yazır: «Artıq Türkiyədə bir Türkiyə türkçülüyü doğmuşdu və bu halın cığırından sapmış bir xətası olmaq üzrə «Anadolu miləltçiliyi» epizodu da müşahidə edilmişdi. «Anadolu» məcmuəsi ətrafında toplanan bir qrup ziyalılardan ibarət zümrənin irəli sürdyü iddiaya görə türklük bir millət deyil, bir irqdir və bu irqə Anadolu, Azərbaycan, Türküstan və i.a. kimi millətlər daxildir».

Doğrudan da bu dövrdə, türkçülüyün ideoloqu sayılan Z.Gökalp belə türkçülüyün və turançılığın real siyasi-ideoloji hədəfi kimi türkiyəçiliyi götürmüşdü. Onun fikrincə, uzaq gələcəkdə oğuzçuluq və daha sonra turançılıq mümkündür ki, bu isə daha çox siyasi deyil, mədəni birlik mahiyyətli idi. Gökalp yazır: «Yüz milyon türkün bir millət halında birləşməsi türkçülər üçün qüvvətli bir coşqunluq qaynağıdır. Turan məfkurəsi olmasaydı, türkçülük bu qədər sürətlə yayılmayacaqdı. Bununla bərabər, kim bilir, bəlkə gələcəkdə Turan ülküsünün gerçəkləşməsi də mümkün olacaqıdr». Gökalpın bu fikirlərini əsas tutaraq M.B.Məmmədzadə qeyd edir ki, bu mənada artıq türkçülük-türk birliyi kimi romantik turançılıq da əski mənasını tamamilə dəyişdirmişdi.

O yazır ki, türkçülük və turançılıq məsələsində «Müsavat»ın 1936-cı ildə qəbul etdiyi «Yeni proqram əsasları»na görə, ümumi türkçülüklə Azərbaycan türkçülüyünü-azarbaycançılığı ideal bir surətdə birləşdirməyə nail olmaqdan ibarətdir. Yəni müsavatçılar da türk mədəni birliyinə sadiq və bağlı qalmaqla yanaşı, müstəqil Azərbaycan türkçülüyü ideyasını müdafiə edirlər: «Müsavatçılıq böyük türk kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənsevərliyidir. Böyük türklüyə mənsub bir məmləkət olması səbəbilə Azərbaycan digər türk elləri ilə kültürəl surətdə bağlıdır. Bu bağlılığın bundan əvvəl olduğu kimi, bundan sonra da qorunmasını müsavatçılıq ciddiyyətlə müdafiə edər».

Beləliklə, müstəqil və milli Azərbaycan ideyasını müdafiə edən Məmmədzadə və başqa müsavatçılar hesab etmişdilər ki, Azərbaycan türkçülüyünün-azərbaycançılığın tarixi bir missiyası vardır. Bu missiya «Müsavat»ın «Yeni proqram əsasları»ında da öz əksini belə tapmışdı: «Azərbaycan qədim zamanlardan bəri tarixin müxtəlif dövrlərində özünəməxsus siyasi varlıq göstərərək müstəqil dövlət halında yaşamışdır. Azərbaycan xalqı isə müasir millət olmaq üzrə zəngin bir kültür həyatına malik bulunmuş və bunun məntiqi nəticəsi olaraq siyasi bir ideal daşımışdır. Bu ideala tərcüman olan milli Azərbaycan «Müsavat» xalq firqəsi 1918-ci ildə milli Azərbaycan Cümhuriyyəti istiqlalının elanındakı təşəbbüsü, bu təşəbbüsün fikirdən işə keçirilməsi yolundakı fəaliyyəti və nəhayət qızıl rus istilasına qarşı milli mücadilə işində göstərdiyi yol göstərənliyi ilə bütün azərbaycanlıların biricik siyasi təşəkkülüdür».

Məmmədzadə daha sonra yazır ki, istiqlal və milli dövlət ən yüksək, ən qüdsi və ən insani bir məfkurəni milli sərhədlər daxilində gerçəkləşdirmək üçün bir vasitədir: «Zatən siyasi türkçülük, milli dövlət qurmaq hərəkatı milli varlığı qorumaq əndişəsindən və mədəni millətçiliyi gerçəkləşdirə bilmək arzusundan doğmamışdırmı? Müstəqil və azad bir milli dövlət həyatı türk mədəni birliyini tətbiq etməkdən və gerçəkləşdirə bilməkdən əlavə millətin fərdlərini səadətə və rifaha qovuşdurmaq, ictimai bir ədalət və bərabərlik qura bilmək üçün də lazımdır».

Beləliklə, Məmmədzadə belə bir doğru nəticəyə gəlir ki, «Müsavat»ın liderliyi ilə Azərbaycan türkləri ümmətçilikdən-islamçılıqdan türkçülüyə, ümumi türkçülükdən Azərbaycan türk­çü­lü­yünə-Azərbaycan milli dövlətçiliyinə doğru böyük bir yol keçmişdir: «Əgər o («Müsavat»), «islamçılıq» dövründən «ümumi türkçülüyə», oradan da türk kültür birliyinə əsaslanan «Azərbaycan milli dövlətçiliyinə» keçməmiş olsaydı, yerini başqa ifrat və qeyri-milli firqələrə verəcəkdi».

Bəs, siyasi türkçülüyün nəticəsi olaraq meydana çıxan türk dövlətləri, konkret olaraq Azərbaycan-türk dövləti müstəqil olacağı təqdirdə hansı quruluşa, hansı siyasi sistemə əsaslanmalı idi? Məmmədzadə bu məsələdə də «Müsavat»ın yeni proqramından çıxış edərək M.Ə.Rəsulzadənin irəli sürdüyü milli həmrəylik (solidarizm) ideyasını müdafiə etmişdi. Müsavat»ın «Yeni proqram əsasları»na (M.Ə.Rəsulzadəyə) görə, müstəqil türk dövlətində nə ifrat liberalizmə, nə də kommunizmə yer olmayacaqdı. Burada yalnız milli həmrəylik hökm sürəcəkdi. Çünki türk mədəniyyətinin inkişafı və təkamülü, Azərbaycan türkünün səadəti və rifahı belə bir milli həmərylik sistemi daxilində mümkündür.

Bir sözlə, mühacirət dövründə Məmmədzadənin müdafiə etdiyi millət, vətən, milli birlik, türklük, milli mədəniyyət, Azərbaycan türkçülüyü-azərbaycançılıq və bu kimi milli idealar idi.
Bu xəbər oxucular tərəfindən 1323 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed