Şrift:
Ramil Səfərovun xanımının köşə yazısı
11.10.2012 [11:11] - Xəbərlər, DAVAMın yazıları
Jurnalist Vahid Qazi Ramil Səfərovun xanımı Şəbnəm Gülməmmədovanın bu ilin yanvarında yazdığı bir yazını bizə təqdim edib. Əvvəlcə jurnalistin qeydlərini, sonra isə fədakar qızın yazısını oxuya bilərsiniz.

***

Bilmirəm Leyli, Əsli, Cülyetta, adı yazılara düşməyib dillərdə gəzən min-min başqa sevgi qəhrəmanı nə vaxt yaşayıb. Yaşayıbmı? Bəlkə də kişi şair-aşiqlərin arzusuymuş bu qadınlar…

Amma mən sevdalanmış bir qız görmüşəm, XXI əsrdə yaşayır. Və heç bir kişi şair-aşiqin fantaziyası deyil. Dastanını özü yazıb!

Yad ölkənin həbsxanasına düşən qərib bir oğlana aşiq olan, illərlə cəfasını çəkən, aldığı maaşdan bilet pulu düzəldən, yol alıb ölkələr keçən, min bir minnətlə görüş alan, ətrafın tənəli baxışlarından bir an belə inadını əyməyən qız. Tay-tuş qızlar sevgini dəbdəbəli malikanədə, göz qamaşdıran həyatda, yüksək karyera vəd verən vəzifəli oğlanlarda axtaranda o, qərib bir ölkənin həbsxana küncündə tapmışdı.

Hamının ümidi kəsilən yerdə başlayırdı onun inamı! İnadı polad parçasını belə əyərdi qızın.

“Ramil Səfərov!!!” qışqıranlar yorulub çəkiləndə ziyarətçiləri dağılışan yas otağına bənzəyən tənhalıqdan qorxmayan gördüm onu!

Özünü, hərəkətlərini dərk eləməyə macal tapmamış onun qəlbini kəşf elədim bir gün. Kitabım haqda “Yaşıl paltolu xatirə”sini oxuyanda bu balacaboy insanın qəlbinin ölçülərinə heyran qaldım. Qarşımda sərhədləri ulduzlardan ulduzlaracan uzanan bir qızcığazın qəlbiydi açılan – dibinə dəryaların, dərinliyinə göylərin həsəd apardığı bir qəlb.

Dünən o qızcığazın toyuydu!

Viktor Hüqo “Səfillər”ində yazırdı: “Dünyada bircə nəfər də olsa sevən adam tapılmasaydı, günəş sönərdi”. Dünən günəşi sönməyə qoymayan sevdalı bir qızın toyuydu!

Leyli, Əsli, Cülyetta, adı yazılara düşməyib dillərdə gəzən min-min nakam sevgi qəhrəmanı əsrlərin o üzündən bu toya boylanıb sevinc yaşı axıdırdı. Bəxtləri açılmışdı!

Günəş də ilk yol doğduğu gün kimiydi, gülürdü bu səhər…

10 oktyabr 2012

P.S. Buyurun, bu da Şəbnəmin “Yaşıl paltolu xatirəsi”…

YAŞIL PALTOLU XATİRƏ

Şəbnəm Gülməmmədova

İllər öncə bir filmə baxmışdım. Yaşlı adam evə dönəndə otaqda balaca bir uşaq görür… və bu uşaq onun öz keçmişiydi…

Ağdam barədə son xatirəm o qədər də xoş deyil. Yaşıl palto geyinmişdim, əlimdə xırda çiçək naxışlı dəsmal varıydı, dayanmadan ağlayırdım. Göz yaşlarım qarşıdakı uzun illərdə məhrum olacağım, bir udum havasını belə içimə doyunca çəkə bilməyəcəyim Yurd üçün deyildi, balaca oyuncaq vedrəmə görəydi. Həmişə çox sevdiyim çiçəkləri suladığım bu oyuncaq vedrəni götürməmiş heç yerə getmək istəmirdim.

İllər keçdi, ağlım kəsməyə başlayandan doğulduğum torpağın nə demək olduğunu anladım. Amma geciydi, minlərlə yaşıdım kimi mənim də keçmişim bir göz qırpımında silinib getmişdi. Keçmişimə, gəldiyim yerə aid əlimdə bircə sübut, əşya belə qalmamışdı. O zaman öz-özümə fikirləşdim ki, bəlkə də o oyuncaq vedrə üçün canfəşanlığım keçmişimdən kiçik də olsa bir parça qoparmaq cəhdiydi.

…Və minlərlə insan kimi mən də keçmişimin parçalarını hissə-hissə toplamağa başladım.

Tam mübaliğəsiz, pafosdan uzaq bir etiraf edirəm: Vahid Qazinin “Ruhlar şəhəri” kitabı bu hissələri toplamağıma əvəzsiz imkan yaratdı.

Doğulub vur-tut bir-iki bahar yaşadığım Yurdu küçə-küçə, ev-ev, insan-insan gəzdim.

Uşaqlığımdan tək nişanə qalan şəklimin çəkildiyi “28 aprel” küçəsindən keçdim, beynimdə adını dəyişib “28 may” qoydum.

Ağdam kinoteatrında yerli ləhcəylə dublyaj olunan bir filmə baxdım, xeyli güldüm.

Ağdamda yandırılan Novruz tonqalından hoppanıb, heç vaxt ciddi saymadığım qulaq falına indi həvəslə çıxdım.

Ağdam stadionundakı azarkeşlərlə birgə şəhərimizin futbol komandasını dəstəkləyib, onların həyəcanını bölüşdüm.

Partalarında oturmadığım məktəbləri sinif-sinif gəzdim, təlim-tərbiyələrindən məhrum olduğum müəllimləri salamladım.

Nəhayət, gəlib “Xəyal memarı”na yetişdim. Kitabdakı sonuncu bu esse “səyahət”imin ən tükürpədici hissəsiydi. Axı şəhərimizi eyni formada, 19 il öncə olduğu kimi necə yenidən tikmək olar? Bizə yol göstərəcək bircə bina, ev, küçə hətta məzar daşı belə yoxkən…

Amma biz bunu edəcəyik! Ağdamı xəyallarımızdakı, arzularımızdakı kimi quracağıq.

Bu kiçik esselərdən ibarət kitab mənimçün sadəcə bir kitab yox, DƏYƏR oldu. Bir daha anladım ki, mənimçün Vətən anlayışı doğulduğum yerdən, ilk nəfəsimi var gücümlə çəkib udduğum havadan, ilk addımımı atdığım torpaqdan başlayır və Vahid bəyə məni böyük Vətənimin – Azərbaycanımın mənə ən şirin, ən doğma yerinə apardığı üçün təşəkkür edirəm.

Qoy bizim gələcək nəsillərimizin bütöv keçmişi və Qarabağlı gələcəyi olsun!

18 yanvar 2012
Bu xəbər oxucular tərəfindən 1535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed