Şrift:
“Yeni klinika"nın həkim və tibbi personalı vəziyyətə adaptasiya olaraq COVID-19 xəstələrinin müşahidəsini və müalicəsini uğurla yerinə yetirirlər
29.04.2020 [14:36] - Gündəm, Sağlıq
“Yeni klinika"nın idarəetmə heyəti, həkim və tibbi personalı çox qısa müddətdə vəziyyətə adaptasiya olaraq COVID-19 xəstələrinin müşahidəsini və müalicəsini uğurla yerinə yetirirlər.

Bunu müsahibəsində REACT-C19 layihəsinin iştirakçısı, Qazi Universiteti Tibb fakültəsinin xəstəxanasında infeksiya xəstəlikləri və klinik mikrobiologiya üzrə rezident Fidan Sultanova deyib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlardakı xəstəxanalarında COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsinə start verilib. Layihədə Türkiyədə çalışan 19 azərbaycanlı həkim iştirak edir. Layihənin məqsədi hazırda COVID-19-a yoluxmuş xəstələrin müalicəsi üçün bölgələrdəki seçilmiş xəstəxanalarda COVID-19-la bağlı əsas bacarıqları sürətlə inkişaf etdirməkdir.

Fidan Sultanova bildirib ki, layihədə iştirak edən Türkiyədən gələn azərbaycanlı həkimlər aprelin 14-dən Bakıdadırlar və dörd nəfərlik qrup şəklində fəaliyyət göstərirlər. “Bizim qrupun məqsədi COVID-19-a yoluxmuş xəstələrin müalicəsi üçün seçilmiş xəstəxanalardan biri olan "Yeni klinika" tibb müəssisəsində triaj sisteminin tətbiqi, infeksiyaların qarşısının alınması və nəzarət, xəstəlik hallarının idarə olunması, reanimasiya sistemlərinin qurulması, xəstəxanadakı heyətdə lazımi sistemlərin yaradılması və uzunmüddətli saxlanılması ilə bağlı müşahidələri apararaq, buradakı həkim və tibb personalının əsas bacarıqlarını sürətli təlimlərlə inkişaf etdirməkdir. "Yeni klinika" cəmisi bir aydır ki, fəaliyyət göstərir. Apardığımız müşahidələrə görə, idarəetmə heyəti, həkim və tibbi personal çox qısa müddətdə vəziyyətə adaptasiya olaraq COVID-19 xəstələrinin müşahidəsini və müalicəsini uğurla yerinə yetirə bilməyi bacarır. Xəstələrin böyük hissəsi, o cümlədən reanimasiyada olan xəstələr, sağaldılaraq evlərinə buraxılırlar”, - deyə F.Sultanova bildirib.

İnfeksiyadan qorunmaq üçün lazımi vasitələrlə necə təmin olunduqlarına dair sualı cavablandıran gənc infeksionist bunları deyib: “Azərbaycana gəlmədən öncə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bizim üçün fərdi qoruyucu ləvazimatlar təyyarə ilə buraya gətirilmişdi. Hazırda olduğumuz "Yeni klinika" tərəfindən də lazımi ləvazimatlar ehtiyac olduqca verilir. Bu günə qədər bu barədə hər hansı bir problemimiz olmayıb və rahatlıqla xəstələrlə təmas qura bilirik, onların vəziyyətini ətraflı dəyərləndirmək imkanımız var”.

“Həkimlər və tibb bacıları öz sahələri üzrə mütəxəssisdilər. Təlimlərin məqsədi onların bilik və bacarıqlarını yeniləmək və standartlaşdırmaq, onları əlavə innovativ vasitələrlə təmin etməkdir. Biz bu xəstəxanalardan ayrıldıqdan sonra təlim alan heyətə sistemi idarəetmə məsuliyyətini təhvil vermiş olacağıq və qarşılaşacaqları çətinlikləri və ya yeni təcrübələri onlayn platformada REACT-C19-da azecovid.org saytında bizimlə rahatlıqla paylaşa bilmələri və bizimlə əlaqə qura bilmələrini təmin edəcəyik”,- deyə Fidan Sultanova bildirib.
Bu xəbər oxucular tərəfindən 608 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed