Şrift:
Azərbaycanın bəzi ərazilərində radonun miqdarı normadan artıqdır
27.10.2011 [13:10] - Gündəm
Respublika Radon Paylama Xəritəsinin yekun variantı artıq hazırdır

Azərbaycanın Radon Paylama Xəritəsinin yekun variantı artıq hazırdır. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun geologi mühitin qamma spektromiyası şöbəsinin müdiri Çingiz Əliyev bildirib. Onun sözlərinə görə, İsveçrənin Milli Elm Fondu ilə birgə həyata keçirilən layihə çərçivəsində hazırlanan xəritənin yaxın günlərdə geniş təqdimatı keçiriləcək.

Ç. Əliyev bildirib ki, hazırlanan xəritə MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda yaradılıb: “Xəritədə Qarabağ və Naxçıvan istisna olmaqla, bütün ölkə ərazisi əhatə edilib. Gələcəkdə Naxçıvanda da radon qazının miqdarı ilə bağlı araşdırma aparmaq fikrimiz var. Azərbaycanda radon qazının norması köhnə binalarda 200 bk/kub metr, yeni evlərdə isə 100 bk/kub metrdir. Bəzi ərazilərdə bu qazın miqdarı normadan artıqdır. Bu da geoloji faktorlardan asılıdır. Bu ərazilər əsasən Böyük Qafqazın mərkəzi hissəsi, Talış ərazisidir. Həmin ərazilərdə aktiv qırılmalar olduğuna görə bir sıra qazlar, o cümlədən radon qazı da çıxır. Bununla əlaqədar təqdiqatlar aparılmalıdır. Qalan ərazilərdə isə qazın miqdarı əsasən norma daxilindədir”.

Qeyd edək ki, radon qazı yeraltı çatlardan və tikinti materiallarından yaranır. 2010-cu ildən İsveçrə Milli Elm Fondunun (SNSF) “Azərbaycan və Sloveniya üçün radon kadastrının yaradılması və İsveçrə metodu və təcrübəsindən istifadə edərək, diaqnostika üzrə tədbirlər” proqramı çərçivəsində tədqiqatlara başlanılıb. Layihə üzrə işlərdə İsveçrə və Səhiyyə Nazirliyinin sanitar-epidemioloqları da iştirak edir. Tədqiqatlar radonun ətraf mühitə, xüsusən də, insan orqanizminə təsirinin öyrənilməsini nəzərdə tutur. Layihənin həyata keçirilməsi üçün Bakıda, digər şəhər və yaşayış məntəqələrində “Gammadata” markalı 2500 radon detektoru qurulub.
Bu xəbər oxucular tərəfindən 1175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed