Şrift:
“İranın təhsil sistemi və KİV-i türkcəni məhv edir”
04.05.2020 [10:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Məqbərətül-şüəra Mədəniyyət Fondu”nun rəhbəri İranda türk dilinin məhv edilməsi istiqamətində sistemli olaraq aparılan siyasəti tənqid edərək təhsil sistemi və KİV-in qarışıq “Fazəri” dilinin yaranmasında və türkcənin məhv edilməsində əsas rolu oynadığını bildirib.



Cavad Novruzi may ayının 2-də İranın “Mərdomsalari” qəzetində dərc etdiyi “Türk Dil Qurumunun təsisinin zərurəti” başlıqlı məqalədə dil qurumu və tədqiqat mərkəzlərinin olmamasını, eləcə də dilin unudulmasını, ana dilin nəsildən-nəslə ötürülməsində xüsusiyyətlərinin tədricən dəyişməsini ( farsca və türkcənin qarışığı olan Fazeri deyilən dilin formalaşması), yeni sözlərin yaradılmamasını dil üçün təhlükə hesab edərək, bunun ana dilinin funksionallığını itirməsinə və inkişaf etməməsinə səbəb olacağını yazıb.



Novruzi əlavə edib:

Dilin yeni nəslə ötürülməməsi və yeni söz ehtiyatları yaratma qabiliyyətinin itirilməsi uzun bir müddət ərzində onu ləhcəyə çevirə bilər, hətta tədricən ölümünə səbəb ola bilər. Məsələn, mazəni və giləki dilləri, daha çox şəhər yerlərində, son onilliklərdə ləhcə və dialekt halına gəlib və artıq linqvistik təriflərə görə onları dil adlandırmaq olmaz”.





Türk dilinin əriməsi və “Fazeri” dili fenomeninin yayılması son illərdə türkcəyə zərər vuran əsas səbəblərdən biridir."Fazeri dili" (farsca + türkcə) forma və məzmun baxımından təhrifə uğramış, farsca sözlər və fars dili qrammatikası ilə qarışmış türkcədir. Türkcə həddindən artıq fars dili ilə qarışması nəticəsində quruluşu, qaydası və dinamizmi olmayan bir dil halına gəlib. Fazeri fenomeninin, xüsusən də böyük şəhərlərə köç edən əhali arasında yayılması Azərbaycan türkcəsi qarşısında ən böyük təhlükə. Bu məsələ dili daxilən çökdürür, tədricən unudulmasına və dominant (fars) dil ilə əvəz olunmasına sövq edir.





Novruzinin fikrincə, bu mənfi məsələdə əsas rol oynayan iki amil var: Birincisi, media, ikincisi isə İranın təhsil sistemi.





O, İranda türk dilini qorumaq və gücləndirmək üçün “Türk Dil və ədəbiyyatı Qurumu”nun təsisinin zəruri olduğunu yazıb.





Qeyd edək ki, 2013-cü ilin prezident seçkisi kampaniyası zamanı Həsən Ruhani azərbaycanlılara Azərbaycan Dili və Ədəbiyyatı Qurumunun yaradılacağını vəd etmişdi. Lakin 2014-cü ildə o, dil qurumunun əvəzinə “Azərbaycan Mədəniyyəti və İncəsənəti Fondu”nun yaradılacağını elan edərək vədini yerinə yetirmədi.





Xatırladaq ki, İranda Fars dili və ədəbiyyatı üçün belə bir qurum çoxdan mövcuddur.
Bu xəbər oxucular tərəfindən 370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed