Şrift:
DSX: 115 kiloqram narkotik vasitənin və odlu silahların ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb
05.05.2020 [11:03] - Gündəm, Hüquq
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması sahəsində tədbirləri davam etdirir.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, mayın 4-də 115 kiloqram narkotik vasitənin və odlu silahların ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.

Saat 23:30 radələrində DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində boz rəngli “VAZ-2107” markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib. Sərhəd naryadı təlimata uyğun maskalanaraq həmin şəxsin hərəkətini nəzarətdə saxlayıb. O, ağacın altından bir neçə bağlama götürərək avtomobilə doğru hərəkət edən zaman sərhəd naryadı ona “Dayan!” əmri verib. Lakin həmin şəxs əmrə tabe olmayıb. O, sərhəd naryadına qarşı müqavimət göstərməsinə və hadisə yerindən qaçmağa çalışmasına baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılıb.

Onun saxlanılmasını görən “VAZ-2107” markalı avtomobilin sürücüsü avtomobili sərhəd naryadının digər üzvlərinin üzərinə sürərək onların həyatına sui-qəsd edib və hadisə yerindən uzaqlaşıb. Sürücünün şəxsiyyəti müəyyənləşdirilib, hazırda saxlanılması üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Saxlanılmış şəxsin 1970-ci il təvəllüdlü, Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayan, Rusiya Federasiyasının vətəndaşı Mehtiyev Şükür Əsgər oğlu olması müəyyənləşdirilib. Onun avtomobilə daşıdığı və ağacın altında qalan bağlamalarda ümumi çəkisi 115 kiloqram olan heroin, tiryək, marixuana və metamfetamin növündə narkotik vasitələr, 9 millimetr kalibrli “PAK RETAY-11” markalı tapança, 9 millimetr kalibrli 8 güllə, bir daraq, 12 kalibrli “Kral maqnium” markalı ov tüfəngi, 19 ədəd 12 kalibrli İran istehsalı olan “Mahama” markalı güllə aşkarlanıb.

Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb, cinayətkar qrupun digər üzvlərinin cinayət məsuliyyətinə cəlb olunması üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed