05.05.2020 [13:01] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
- Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində görülən addımları necə qiymətləndirirsiniz?
- Morqentaunun bir təsnifatında deyilir ki, ölkənin coğrafi mövqeyi, yeraltı, yerüstü sərvətləri, industirial qaynaqları nə qədər güclü olursa olsun insan amilindən düzgün istifadə olunmazsa milli gücün faydalılıq əmsalı arzuolunan səviyyədə təzahür edə bilməz. Ona görə də istənilən ölkədə, xüsusən Azərbaycan kimi ciddi problemlərlə, mürəkkəb geosiyasi şərtlərlə qarşı-qarşıya olan ölkələrdə siyasi münasibətlərin sağlam zəmində qurulması çox vacibdir. Azərbaycan öz iradəsindən asılı olmayaraq müharibə vəziyyətindədir, üstəlik dünyanın qəlbi deyilən bölgədə yerləşdiyindən böyük güclərin maraqlarının toqquşduğu platsdarmdır. Dövlət maraqlarımızın qorunmasında təkcə iqtidarın deyil, müxalifətin də, bütün vətəndaşların da üzərinə cidddi məsuliyyət düşür. Siyasi palitrada təbii fərqliliklər korporativ maraqlara yox, hamı üçün vaz keçilməz milli hədəflərə çatmanın fərqli yolları mahiyyətində olmalıdır.
Cəmiyyətdə birliyin təmin olunmasında əlbəttə iqtidar daha çox imkanlara malikdir. İlk addımlar da iqtidar tərəfindən atıldı və son zamanlar ölkənin siyasi həyatında xeyli ilkə imza qoyuldu. Prezidentin Ədalət Vəliyevin rəhbərliyi ilə yeni bir şöbəni yaratması siyasi münasibətlərin sağlam zəmində formalaşması siyasətinin təzahürüdür. Bu istiqamətdə həm yanaşma, həm də kadr seçimi çox uğurlu olub. Partiyalarla yeni ünsiyyət və dialoq, Parlamentdə müxalifət təmsilçilərinin rəhbərlikdə təmsilçiliyi də istəyin real addımlarla müşayiət olunduğunu göstərir. Yeni siyasi konfiqurasiyanın formalaşmasında müxalifət də ondan asılı olan cavab addımlarını atmalıdır. Məncə ölkənin taleyinə məsuliyyətini anlayan siyasi güclər bu cür də davranacaq.
- Aparılan kadr islahatları Azərbaycana hansı fayda verə bilər?
- Yuxarıda insan amilinə toxunduq. Qanunlar, sistem abstrakt nəsnə deyil. Bunlar insan fəaliyyəti ilə fərqli təqdimat oluna bilər. Baxın, vergilər nazirliyi ən bərbad nazirliklərdən biri idi. Prezidentin kadr dəyişikliyindən sonra eyni nazirlik Mikayıl Cabbarovun rəhbərliyində ən rəğbət olunan nazirliklərdən birinə çevrildi. Bunu Miqrasiya xidməti, Diaspora komitəsi, Qaçqınlarla bağlı dövlət komitəsi, Kənd təssərrüfatı nazirliyi və s üçün də demək mümkündür. Müxalifətdə olmaq yaxşılara da pis demək fəaliyyəti deyil. Gərək dürüst, bacarıqlı kadrlar təqdir oluna, yarıtmaz, korrupsionerlər göstərilə, cəza tələb oluna. Açığı, xüsusən son vaxtlar bəzi məmurların özbaşınalığına son qoymaq üçün aparılan əməliyyatlar kadr siyasətinin davamlı olacağına cəmiyyətdə inam və rəğbəti artırıb. DTX “qara maskalıları “ xalqın sevimlilərinə çevrilib. Məlum səbəblərdən imici zədələnmiş Milli Təhlükəsizlik Xidmətinin də yeni rəhbərlik tərəfindən işinin ustalıqla qurulması bu qurumun cəmiyyətdə hörmətini bərpa edib. Bu son dərəcə çətin, həm də sevindirici haldır.
- Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmaması üçün hansı addımlar atılmalıdır?
- İstənilən ölkədə korrupsiya və rüşvətxorluq halları olur. Əsas olan bu hallara qarşı mübarizə iradəsinin olmasıdır. Mən əlbəttə, yalnız cəza mexanizminin tətbiqinin faydalı olduğunu ifadə etmirəm. Bu son “stop” addımıdır. Amma bu ölçü götürülənə qədər Prezident tərəfindən dəfələrlə məmurlara xəbərdarlıq olundu. Görünür bu istiqamətdə hələ xeyli işləmək lazım gələcək. Kadr seçimində yeni yanaşmalara ehtiyac var.
Məncə hansı siyasi düşüncənin daşıyıcısı olmasından asılı olmayaraq, bacarıqlı, dürüst kadrlara üstünlük vermək lazımdır. Bu həm də müxtəlif siyasi qüvvələrə hüquq verməklə yanaşı məsuliyyət də verməkdir.
Hesabatlılıq və şəffaflıq maksimum təmin olunmalıdır.
Maaşların həddi- rüşvətin səddi olmalıdır. Ona görə də parlament bir çox dövlət idarələrində çalışan məmurların əməkhaqqının artırılması mexanizmi haqda qanunlarda düzəlişlər edib, bu yanaşma inkişaf etdirilməlidir.
Mən parlament fəaliyyətimdə qaldırdığım bir məsələnin də aktuallığını saxladığını düşünürəm. Hesab edirəm ki, kadr təyinatı vaxtı təyin olunan mütləq əmlakı, maddi durumu haqqda bəyannamə təqdim etməlidir.
Əlbəttə cəzalar da çox sərt olmalıdır. Ən mühümü isə yeni dönəm üçün cəmiyyət –hər kəs özünü yeniləməklə başlamalıdır. Bu ən faydalı yoldur.
Bu xəbər oxucular tərəfindən 1359 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |