Şrift:
Əfqanıstan PA İran sərhədçilərinin əfqanlara qarşı vəhşiliyini bağışlanmaz cinayət adlandırıb
07.05.2020 [12:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əfqanıstan prezidentinin sözçüsü Sədiq Sədiqi bir neçə qeyri-qanuni əfqan miqrantın İran sərhədçilərinin vəhşiliyi nəticəsində çayda batmasına münasibət bildirib.



O, "Twitter"də yazdığı statusda qeyd edib ki, Əfqanıstan vətəndaşlarına qarşı İran sərhəddində baş vermiş vəhşilik bağışlanmaz cinayətdir.



"İran sərhəddində bir neçə vətəndaşımızın ölümü ilə nəticələnən vəhşi və qeyri- insani davranış bizim üçün bağışlanmaz cinayətdir. Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyi ədalətin bərqərar olması üçün bu məsələni çox ciddi şəkildə araşdırır", - deyə Sədiq Sədiqi yazıb.



Əfqanıstanın Xarici İşlər naziri əvəzedicisi Məhəmməd Hənif Ətmər də məsələyə verdiyi reaksiyada Nazirliyin bütün əfqan xalqını dərin sarsıdan bu bağışlanmaz cinayət və vəhşiliyə hüquqi qiymət verilənə, bununla da ədalətin bərqərar olmasına qədər zəruri olan bütün addımları atacağını deyib.



Digər tərəfdən, Əfqanıstan Müstəqil İnsan Haqları Komissiyası Birləşmiş Millətlər Təşkilatının qaçqınlarla iş üzrə ali komissarından baş vermiş hadisin hərtərəfli və dəqiq araşdırılması üçün Əfqanıstan və İran hökumətləri, eləcə də BMT nümayəndələrinin daxil olduğu tədqiqat qrupu yaratmağı istəyib.



Lakin ötən gün Əfqanıstan XİN yaydığı bəyanatda İran tərəfi ilə baş vermiş cinayətin araşdırılması üçün razılıq əldə etdiklərini bildirib.



Qeyd etmək lazımdır ki, sözügedən hadisə bir neçə gün öncə yaşanıb. Qayıqla İrana keçmək istəyən təqribən 50 əfqan miqrant İran sərhədçiləri tərəfindən saxlanılıb. Sərhədçilər həmin miqrantları vəhşicəsinə döyüb, daha sonra onları geri qayıtmaları üçün Herirud çayına atıblar. Hadisə nəticəsində 12 nəfər sağ qala bilsə də, 8 nəfərin cəsədi çaydan çıxarılıb. Qalan insanların taleyindən xəbər yoxdur və onların tapılması üçün axtarış işləri davam edir.



Xilas olan şəxslər bildirirlər ki, İran sərhədçiləri onları 1 gün həbsdə saxladıqdan sonra Herirud çayına atıblar. O əsnada həmin insanlardan çoxu suda batıb.
Bu xəbər oxucular tərəfindən 289 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed