Şrift:
Milli fəal Abbas Lisaninin qayınatasının yas mərasiminə getməsinə icazə verilməyib
08.05.2020 [12:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın təhlükəsizlik-məhkəmə məsulları güney azərbaycanlı milli fəal Abbas Lisaninin vəfat edən qayınatası Məhəmməd Əli Məhəmməd Əlizadənin yas mərasimində iştirak etməsi üçün məzuniyyətə buraxılmasına icazə verməyib.



İranın qanunvericiliyinə görə, hər bir məhkumun bu məzuniyyətdən istifadə etmək üçün hüququ olduğu halda İslam Respublikasının məhkəmə məsulları milli fəalın yas mərasimində iştirak etməsinə maneçilik törədiblər.





İslam Respublikasının Cinayət Məcəlləsinin 520-ci maddəsinə görə, yaxın qohumların ağır xəstəliyi və ya ölüm hallarında məhbus prokurorun qərarı ilə maksimum 5 günə qədər məzuniyyətə göndərilə bilər.





Məlumata görə, təhlükəsizlik qüvvələri həmçinin Abbas Lisaninin qaynı və digər ailə fərdlərini təhdid edərək, mərhumun evinin divarlarına asılan Azərbaycanın müxtəlif şəhərlərindən milli fəalların göndərdiyi türkcə başsağlığı plakatlarının qaldırılmasını istəyib. Mərhumun ailəsi bu tələbi rədd edib.



Eyni zamanda, Ərdəbil şəhərinin milli-mədəni fəalları Abbas Lisaninin evi qarşısına gedərək, onun həyat yoldaşı Ruqiyyə Məhəmməd Əlizadə və mərhumun yaxınlarına başsağlığı veriblər.



Hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə apellyasiya məhkəməsi tərəfindən 15 ilədək uzadılıb.



Koronavirus infeksiyasının zindanlarda geniş yayılmasına və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq 2019-cu il yanvarın 15-dən həbsdə saxlanılan Abbas Lisani hələ də həbsxanadan məzuniyyətə buraxılmır.
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed