Şrift:
Təbrizdə taksilərin gediş haqqı bahalaşır
11.05.2020 [14:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Təbriz şəhərində taksilərin gediş haqqı 31 faizə qədər bahalaşdı.




Təbrizin Şəhər Şurası Bələdiyyə İdarəsinin məsələ ilə bağlı təqdim etdiyi layihəni təsdiqləyib.





Qərara əsasən, koronavirus pandemiyasının yayılması ilə əlaqədar taksi sürücülərinin fəaliyyətinə dəyən iqtisadi ziyan, eləcə də hökumətin sərnişin sayının 3 nəfərə endirilməsi qərar nəzərə alınaraq gediş haqqı müxtəlif istiqamətlərdə 11-31 faiz arası artırılıb.





Hökumətin bir çox şəhərdə gediş haqqının 11 faizə qədər artmasına icazə verdiyini bildirən Təbriz Bələdiyyəsinin Taksi Sürücülərinin Fəaliyyətinə Nəzarət Təşkilatının icraçı direktoru Məhəmməd Hüseyn Əkbərnejad deyib ki, gediş haqqının bəziistiqamətlərdə 31 faizə qədər bahalaşması vətəndaşlara çətinlik yaradacaq.





Gediş haqqının artırılması ilə bağlı keçirilən iclasda danışan Əkbərnejad həmçinin əlavə edib ki, üç nəfərdən artıq sərnişin daşımanın qadağan olunması ilə bağlı qərar bəzi şəhərlərdə hələ təsdiqlənməyib.





İclasda danışan Şəhər Şurasının üzvü Məhəmməd Baqir Beheşti də qeyri-bərabər qiymət artımını tənqid edərək bu mövzunun istər taksi sürücülərinə, istərsə də sərnişinlərə problem yaradacağını bildirib.





Şuranın digər üzvü Qulamhüsyein Məsudi də taksi sürücüləri üçün yardımın nəzərdə tutulmamasını tənqid edib.





Məsudi koronavirus pandemiyasının yayılması ilə əlaqədar yaranan fövqəladə şəraiti nəzərə alaraq taksi sürücülərinə yardım göstərilməsinin zəruri olduğunu vurğulayıb.





O, metroya 1000 milyard tümən, avtobus xidmətinə isə 500 milyard tümən büdcə ayrıldığını xatırladaraq əlavə edib ki, “taksilər üçün də digər ictimai nəqliyyat vasitələri kimi büdcə ayırmalıdır”.
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed