Şrift:
İslahatlara badalaq edənlər var: “Təkrar seçkilərdə də iştirak etmək niyyətindəyik”
11.05.2020 [22:09] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Bütün bunlar bir zəncirin həlqələridir. Aparılan işlər bütövlükdə ölkədəki islahatların tərkib hissəsidir”.

Ölkədə gedən proseslər və yüksək çinli məmurların həbs edilməsinə münasibət bildirərkən bu sözləri Moderator.az-a Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş deputat Fərəc Quliyev deyib.

Partiya sədri bildirib ki, bütövlükdə pandemiya və digər səbəblərdən bütün dünyada gedən dəyişikliklər yeni situasiyanın yarandığını diqtə edir. Azərbaycan da bu dəyişikliklərdən kənarda qala bilməzdi:

“Bu gün dünya güclərinin maraqlarının yenidən bölüşdürülməsi, bir sıra dövlətlərin yeni güc mərkəzi olaraq ortaya çıxması və sair proseslər gedir. Azərbaycan da bu proseslərə adekvat olaraq addımlar atmalıdır. Azərbaycanın yerləşdiyi geosiyasi məkan da bunu tələb edir. Neftlə bağlı yaranın yeni şəraitə görə gələcəkdə iqtisadiyyatda olacaq ziqzaqlarla bağlı tədbirlər də alınmalıdır.

Bir sözlə, yeni axtarışlara və dəyişmələrə zərurət yaranıb. Buna görə də ölkədə əvvəldən başladılan islahatlar yeni görünümdə ortaya çıxmalı idi. Bu məsələdə də dövlətə ciddi dəstək vermək lazımdır, həm cəmiyyət dəstək verməlidir, həm də məmur təbəqəsi”.

Fərəc Quliyev əlavə edib ki, aparılan islahatlara mane olmaq istəyənlərin varlığı göz önündədir:

“Lakin bu işə daxildən badalaq olarsa ki, bu badalaq var – gedən prosesləri ləngidər.

İcra başçılarının həbs edilməsi elə-belə məsələ deyil. Prezidentin yerlərdəki nümayəndələri bu işlərə dəstək olmurlarsa, təkamülə şərait yaratmırlarsa, üstəlik də bu prosesə zərər verirlərsə, təbii ki, buna qarşı mübarizə aparılmalıdır.

Bütün bunlar onu göstərir ki, ölkədə aparılan islahatlara qarşı çıxanlara həm inzibati yollarla, həm də profilaktik tədbirlərlə mübarizə aparılacaqdır. Digər tərəfdən, qanunvericilik bazasının yaradılması mühiti də formalaşdırılır. Kompleks tədbirlərin aparılması və buna mane olanların həbs edilməsi göstərir ki, ortada ciddi bir syasi iradə var və bu iradə açıq etiraf edək ki, xalq tərəfindən dəstəklənir.

İndi cəmiyyətdə DTX-nın “qara maskalaıları” kumir kimi qəbul edilir. Burada bir müsbət amil də var ki, məlum səbəblərdən təhlükəsizlik orqanlarının zədələnmiş imici bu tədbirlər sayəsində yenidən öz etimadını doğruldur. Bu çox vacib amildir. Həm dövlətin təhlükəsizliyi baxımından, həm də xalqın rifahı baxımından əhəmiyyətlidir.

Düşünürəm ki, bu islahatları dəstəkləyən siyasi qüvvələr siyasi arenada, məmurlar da öz mövqelərində qalacaqlar, dəstəkləməyənlər isə ya kənarlaşdırlacaqlar, ya da cəzalandırılacaqlar. Başqa yol yoxdur”.

MDHP sədri sonda pandemiyadan sonra parlamentin boş qalan yerlərinə keçiriləcək təkrar seçkilərdə iştirakla bağlı mövqeyini də açıqlayıb:

“Təkrar seçkilərdə iştirak etmək niyyətimiz var. Biz partiya olaraq hakimiyyətə gəlməyin yeganə yolunu seçkidə görürük. Buna görə də əgər partiya varsa, bütün seçkilərdə də iştirak etməlidir. Baykot yolunu tutmaq doğru addım deyil. Bu yolu tutan partiyalar hakimiyyətə gəlməyin başqa yolları barədə düşünürlər.



Biz partiya olaraq parlamentdə boş qalmış yerlərə keçiriləcək təkrar seçkilərdə iştirak etməyi düşünürük. Ancaq o başqa məsələdir ki, hansı dairədən və hansı namizədlər olacaq”.

Taleh
Bu xəbər oxucular tərəfindən 628 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed