Şrift:
DSX: 55 kiloqramdan çox narkotikə oxşar vasitənin İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb
12.05.2020 [10:48] - Gündəm, Hüquq
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX ) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, son bir neçə gün ərzində 3 halda 55 kiloqram 360 qram narkotikə oxşar vasitənin İran İslan Respublikasından Azərbaycan Respublikası ərazisinə gətirilməsinin qarşısı alınıb.

Mayın 10-da Astara rayonunun Orucməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına cəhd əlamətləri aşkar olunub, əraziyə baxış keçirilərkən sahibsiz halda 1 ədəd çanta tapılıb. Çantada 3 ədəd bağlamada ümumi çəkisi 11,9 kiloqram olmaqla 4900 qram marixuanaya, 3450 qram heroinə, 1550 qram tiryəkə, 2000 qram “Metafetamin”ə, 3800 ədəd “Metadon M-40” həbinə oxşar vasitə aşkar olunub.

Mayın 10-da Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində Astara rayonunun Pəlikəş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 5,56 kiloqram heroinə oxşar vasitə aşkar edilib.

Mayın 11-də Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər sərhəd pozucusunun hərəkəti aşkar olunaraq ona “dayan” əmri verilib, qaçaqmalçı dövlət sərhədindən qanunsuz keçirdiyi əşyaları ataraq geri qaçıb. Həmin əşyalara baxış keçirilib, selofan bağlamalarda ümumi çəkisi 37,9 kiloqram olmaqla, 19180 qram tiryəkə, 16305 qram heroinə, 2415 qram marixuanaya oxşar vasitə aşkar olunub.

Qeyd edilən faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed