Şrift:
Milli fəal Məhəmməd Mahmudi 4 ay həbs cəzasına məhkum edilib
15.05.2020 [10:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəal, Təbriz sakini olan Məhəmməd Mahmudi məhkəmə tərəfindən dörd ay azadlıqdan məhrum edilib.





Qərar mayın 14-də Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən şifahi olaraq milli fəalın vəkilinə bildirilib.





Məhkəmə Mahmudiyə “qanunsuz Gamac təşkilatına üzv olmaq” ittihamından bəraət verib, lakin “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamı ilə bağlı dörd ay həbs qərarı çıxarıb.





Məhəmməd Mahmudi 2019-cu ilin noyabr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə Təbrizdə saxlanılmışdı.





Milli fəal 100 günə yaxın İranın təhlükəsizlik təşkilatına məxsus həbsxanalarında saxlanıldıqdan sonra 600 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında fevralın 26-da müvəqqəti olaraq sərbəst buraxılıb.





Mahmudi mayın 13-də Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə edilib. Məhkəmənin sədri Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan Rəhim Həmlbər olub.





Məhkəmə iclasında Mahmudinin milli fəal Abbas Lisani ilə əlaqəsi “qanunsuz Gamac təşkilatına üzv olmaq” ittihamına sübut olaraq irəli sürülüb. Halbuki, Lisani daha öncə Ərdəbildə keçirilən məhkəmədə “GAMAC qrupunu yaratmaq” ittihamından bəraət qazanıb.





Qeyd edək ki, 2009-cu ildə Amsterdam şəhərində 12 maddəlik nizamnamənin qəbul edilməsi ilə fəaliyyətə başlayan GAMAC Təşkilatı nizamnaməsinin 8-ci bəndində təhlükəsizlik məsələləri ilə əlaqədar İran sərhədlərinin içində hər hansı üzv və ya nümayəndəsinin olmayacağını qeyd edib.
Bu xəbər oxucular tərəfindən 387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed