Şrift:
Ölkəmizdə qanunazidd əməllərin qarşısı qətiyyətlə alınır - MÜSAHİBƏ
15.05.2020 [14:19] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
İkisahil.TV-nin müsahibi Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevdir

- Fərəc müəllim, koronavirusla mübarizədə Azərbaycan modelinin uğurlu nəticələri göz qabağındadır. Bununla bağlı dünyadan da təqdirlər almaqdayıq. Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

- Bu gün dünyada elə bir dövlət yoxdur ki, pandemiyanın doğurduğu dilemma qarşısında çətin durumda qalmasın. Bildiyiniz kimi, pandemiya proqnozlaşdırılan, planlaşdırılan bir problem deyildi hansı ki, hökumət əvvəldən buna hazırlaşsın. Ancaq Azərbaycan dövləti koronavirusla mübarizədə prioritetlərini düzgün müəyyən edib. Bu gün dövlətimiz əsas gücünü vətəndaşın yaşamaq hüququna təhdid yaradan koronavirus infeksiyası ilə mübarizəyə yönəldib. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə həmrəyliyə və əməkdaşlığa böyük ehtiyac olduğunu önə çəkən cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə səmərəli əməkdaşlıq edir. Məhz bu birlik, əməkdaşlıq sayəsində görülən işlər daim qurumun rəsmiləri tərəfindən yüksək dəyərləndirilmiş, Azərbaycanın pandemiyadan az itki ilə çıxan ölkə olacağı böyük əminliklə qeyd edilmişdir.

Göründüyü kimi, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır. Azərbaycan öz təşəbbüsləri, praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında əlaqələrin inkişafına, qlobal koronavirus pandemsiyası ilə mübarizədə bütün səylərin səfərbər olunmasına öz töhfələrini verir. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidentinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdikləri Qoşulmama Hərəkatının Təmas Qrupu formatında “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etməsi bir daha ölkəmizin dünyanı narahat edən hər bir məsələyə uyğun addımlar atdığını, səylərin birləşdirilməsinə nail olduğunu təsdiqləyir.

- Ölkədə dərin islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin dövlət məmurlarının rüşvətxorluq və korrupsiya hallarına qarşı atdığı addımları necə dəyərləndirirsiniz?

- Prezident İlham Əliyev dövlət idarəçiliyi sistemini daim təkmilləşdirir. Bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılmaqdadır və bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alınır. Mütəmadi olaraq yeniliklərə can atan, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərən gənclərin rəhbər işlərdə irəli çəkilməsi ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Dövlət başçısı vəzifəyə yeni təyin etdiyi icra hakimiyyəti başçıları ilə görüşdə, ilk növbədə, onlara öz gündəlik fəaliyyətini nümunə göstərir. Dövlət başçısının hər zaman vətəndaşının yanında olması, sevincinə, dərdinə şərik çıxması xalqa xidmət missiyasının ən yaxşı nümunəsi kimi göz önündədir: “Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm - xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir.”

Ölkədə siyasi və iqtisadi islahatlar vəhdət təşkil etməlidir. Təəssüflər olsun ki, ölkənin inkişafına çox böyük zərbələr vuran korrupsiya və rüşvətxorluq hallarına da rast gəlirik. Mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edən, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan məmurlar da tapılır. Diqqətəlayiq haldır ki, göstərilən etimaddan sui-istifadə edən, əhalinin sosial rifahını yaxşılaşdırmağa hesablanmış, aztəminatlı ailələrin payına göz dikmək kimi mənfi əməllər törədən vəzifəli şəxslər ölkəmizdə tez bir zamanda ifşa edilir, layiqli cəzalarını alırlar. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən rayon icra hakimiyyəti başçılarının, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin, daha sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxslərinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara kölgə salan qanunazidd əməllərinin qarşısı qətiyyətlə alınır. Bu da ölkəmizdə kimliyindən, statusundan, tutduğu vəzifədən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabər olduğunun əyani sübutu oldu.

- Bu gün ölkədə yeni siyasi konfiqurasiya formalaşır. Dialoq mühitinin genişləndirilməsi, münasibətlərin sağlamlaşdırılması istiqamətində mühüm addımlar atılmaqdadır. Azərbaycan hakimiyyəti tərəfindən siyasi partiyalara edilən dialoq çağırışını necə dəyərləndirirsiniz?


- Prezident Administrasiyasının bütün siyasi partiyalara dialoq təklifi idarəetmədə aparılan uğurlu islahatların göstəricisidir. Ötən il bu məqsədlə Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Bu, siyasi sistemdə demokratik idarəçiliyin yeni keyfiyyət formasının təzahürüdür.

Parlament seçkilərindən sonra yeni tərkibdə formalaşan Milli Məclisin rəhbərliyinə müxalifət nümayəndəsinin seçilməsi də Azərbaycan hakimiyyətinin bu istiqamətdə həyata keçirdiyi genişmiqyaslı islahatların bundan sonra da davam etdiriləcəyinin göstəricisidir. Dövlətimizin başçısı bildirir: “Tarixdə ilk dəfə olaraq müxalifət nümayəndəsi Milli Məclisin Sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək.”

- İqtidar və müxalifət partiyaları hazırda hansı ümumiləşdirmələri aparmağa üstünlük verəcəklər?


- Ölkəmizdə ilk növbədə çoxpartiyalı demokratik cəmiyyət quruculuğunu daha da inkişaf etdirmək üçün partiyalararası münasibətləri tənzimləmək, iqtidar-müxalifət münasibətlərində siyasi dialoqa nail olmaq həlli vacib vəzifələrdən biri kimi meydana çıxmışdır. Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərdə azsaylı deputatlarla təmsil olunan siyasi partiyalarla əməkdaşlıq naminə atdığı addım nəticə etibarilə cəmiyyətdə siyasi dialoqun, qarşılıqlı anlaşmanın və sabitliyin təmin edilməsində mühüm faktorlardan biri olmuşdur.

Möhtərəm Prezidentimiz İlham Əliyevin nitqində səsləndirilmiş aşağıdakı fikirlər Azərbaycan cəmiyyətinin müasir inkişafından doğan bu reallığı çox dolğun şəkildə ifadə edir: “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bizim partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır. ...Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.”

- Təəssüflər olsun ki, radikal müxalifət nümayəndələri hakimiyyətin dialoq çağırışına müsbət cavab verməkdən imtina etdilər. Onların bu davranışına münasibət bildirməyinizi istərdik...

- Bu, doğrudan da təəssüf doğurucu məqamdır. Xalqımızın koronavirus infeksiyası ilə mübarizəyə qalxdığı zamanda xarici havadarlarının kölgəsində gizlənən “beşinci kolon” adlanan qüvvələr çirkin niyyətlərindən əl çəkmirlər. BMT Baş katibinin, ÜST-ün Baş direktorunun, digər beynəlxalq qurumların Azərbaycanda koronavirusla mübarizə işində dövlətin gördüyü işlərə yüksək qiymət verdikləri halda müxalifətin marginallaşan hissəsi yenə də öz ampluasındadır. Belə bir vaxtda da xaricdəki anti-Azərbaycan qüvvələr, yerlərdəki trollar öz pozuculuq fəaliyyətləri ilə ölkəmizdə pandemiyaya qarşı aparılan tədbirlərə kölgə salmağa çalışır, məkrli planlarını reallaşdırmağa cəhd edirlər. Ancaq unudurlar ki, dövlət başçımızın qeyd etdiyi kimi “Biz birlikdə güclüyük!” Hər kəs əmindir ki, tarixi sınaqlardan şərəflə, üzüağ çıxmış birliyimiz sayəsində xalqımız koronavirus pandemiyası ilə mübarizədən minimum itki ilə çıxacaq. Çünki Azərbaycan xalqının birliyi bütün viruslardan, şər qüvvələrdən, anti-Azərbaycan qüvvələrdən güclüdür. Onsuz da dialoqdan imtina edənləri xalq yaxşı tanıyır. Onlar öz zəifliklərini ört-basdır etmək üçün hər zaman qaçmaq, gizlənmək yolunu tutublar. Onlar ancaq sosial şəbəkələrdə özlərini “qəhrəman” sayırlar. Onlar sivil qaydaların, demokratik prinsiplərin, mədəni proseslərin və ümumiyyətlə, dövlətçiliyin, Vətənin, millətin nə olduğunu anlamayan tiplərdir. Belələri elə dialoqa gəlməsələr daha yaxşıdır. Çünki adları siyasətçidir, özləri yox. Mahiyyətləri də yalnız dağıdıcılıq, yırtıcılıq və radikallıqdır. Şəxsi maraqlarını təmin etmək üçün hansısa beynəlxalq təşkilata, qrupa nökərlik etməklə, bunun müqabilində də bol-bol qrantlar almaqla, qazanmaqla məşğuldurlar. Onları xalqın arzu və istəkləri deyil, ancaq xaricdən verilən təlimatlar maraqlandırır. Bu maşalar “Fatı qalx”, yaxud “Fatı otur” prinsipi ilə işləyirlər. Bu yazıqların öz iradələri ilə qərar qəbuletmə lüksləri belə yoxdur. Radikallar Azərbaycanın siyasi tarixinə satqın və xəyanətkar kimi düşmüşdür. Hər zaman xalqın nifrətinə tuş gəldikləri üçün bütün ümidlərini xaricdə olan, müstəqil Azərbaycanın varlığına qarşı çıxan qüvvələrə bağlayıblar. Onlardan aldıqları pullar hesabına ölkədə sabitliyi pozmağa cəhd edirlər. Ölkədə aparılan islahatları dəyərləndirmək əvəzinə ancaq anti-təbliğatla məşğuldurlar.

- Radikallar həqiqətən də ölkədə istər həyata keçirilən genişmiqyaslı islahatlara, istər pandemiya, istərsə də postpandemiya dövrü üçün hazırlıq işlərinə kölgə salmaqla, insanları çaşdırmağa çalışırlar. Öz ölkəsində qarışıqlıq salmağa çalışan bir müxalifətə milli demək olarmı?


- Əlbəttə, olmaz. Antimilli ünsür üçün Vətən, dövlət və xalq anlayışı yoxdur. Onlar üçün əsas olan xaricdən gələn qrantlardır ki, ölkəmizdə qarışıqlıq yaratsınlar. Bu ünsürlər hətta koronavirusa da öz maraqları kontekstindən baxırlar. Tək arzuları, istəkləri budur ki, vəziyyət kəskinləşsin, ölüm sayı çoxalsın, əhalinin iqtisadi vəziyyəti pisləşsin və məlum durumdan da bacara bildikləri qədər istifadə eləsinlər. Anti-Azərbaycan qüvvələrin ölkəmizdə keçirilən tədbirləri siyasiləşdirmək, Azərbaycana qarşı “qara piar” kampaniyası aparmaq, ölkəmizi nüfuzdan salmaq cəhdləri həmişə uğursuzluqla nəticələnib. Əli Kərimli və onun ətrafındakı ünsürlər başa düşməlidirlər ki, onların Azərbaycanda olan sabitliyi pozmağa gücləri çatmayacaq. Ölkəmizin güclənməsi, beynəlxalq nüfuzunun artması, dünyanın qüdrətli dövlətləri ilə bərabərhüquqlu qurulan ikitərəfli münasibətlər, cəsarətli xarici siyasət, hərbi qüdrətin artması və s. insanların diqqətindən yayınmır. Görülən işlər, əldə olunan uğurlar siyasi cəhətdən yetkin Azərbaycan xalqı tərəfindən qiymətləndirilir. Həmçinin dövlət başçısının dövlət idarəçilik sistemində həyata keçirdiyi struktur islahatları, kadr dəyişiklikləri, korrupsiya ilə mübarizə istiqamətindəki qətiyyətli addımlar da xalq tərəfindən müsbət qarşılanır və ona etimadı artırır. Artıq radikallar anlamalıdırlar ki, ölkədə sabitliyi pozmağa xidmət edəcək aksiyalara cəmiyyətdə sifariş yoxdur. Bu radikal ünsürlər anti-Azərbaycan qüvvələrlə işbirliyinə gedərək ölkədə xaos yaratmağa meyil etməkdənsə, ermənilərin xalqımızın başına gətirdikləri faciələrin, müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizə dəstək olsalar bəlkə də xalqımız onların günahlarını tədricən bağışlayar.

Şəmsiyyə Əliqızı, “İki sahil”


Müsahibənin video linkini təqdim edirik:
Açılmazsa TIKLAYIN
Bu xəbər oxucular tərəfindən 445 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed