Şrift:
İranda "Qüds günü" yürüşünün keçirilməsi ləğv edilib
18.05.2020 [10:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda koronavirus səbəbindən "Qüds günü"ndə nəzərdə tutulmuş bütün növ yürüş və tədbirlərin keçirilməsi ləğv edilib.



Bu barədə məlumat yayan İranın İslami Təbliğat Koordinasiya Şurası həmin gün yalnız "dini lider" Əli Xamneyinin televiziya vasitəsilə canlı çıxışının olacağını bildirib.



Şura yaydığı bəyanatda Xamneyinin çıxışından savayı, bu günün keçirilməsi üçün heç bir formada tədbirin nəzərdə tutulmadığını elan edib.



Xatırladaq ki, bir neçə gün öncə Həsən Ruhani ölkənin müxtəlif bölgələrində İran rejiminin "Qüds günü" adlandırdığı mərasimin yalnız məscidlərin cümə namazı qılınan həyətlərində keçiriləcəyini, hər ilkindən fərqli olaraq, yürüşlərin ləğv edildiyini demişdi. O, həmçinin qeyd etmişdi ki, Tehranda koronavirus kəskin yayıldığı üçün burada mərasim avtomobillərin yürüşü formasında təşkil ediləcək.



Bəzi əyalət rəsmiləri də sözügedən mərasimin təmsil etdikləri bölgələrdə avtomobillərin yürüşü vasitəsilə keçiriləcəyini bildirmişdilər.
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed