Şrift:
İran rəsmisi: “Koronavirusun əyalətlər üzrə ayrıca statistikasının gizli saxlanılması çoxlu ziyana səbəb olub”
20.05.2020 [09:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehran Şəhər Şurasının ictimai-mədəni komissiyasının sədri Məhəmmədcavad Həqşünas mayın 19-da qurumun açıq iclasında çıxış edərək, koronavirus qurbanlarının əyalətlər üzrə ayrıca statistikasının yayılmamasından gileylənib.



O bildirib ki, İran Səhiyyə Nazirliyi koronavirusdan ölənlərin və ya xəstəliyə yoluxanların hər bir əyalətə görə ayrıca statistikasını yaymalı, şəffaflığa riayət etməlidir: “İranın Səhiyyə Nazirliyi əvvəllər koronavirusun hər bir əyalətə görə ayrıca statistikasını elan etsə də, sonradan bu prosesi dayandıraraq, pandemiya qurbanlarının ölkə üzrə gündəlik ümumi statistikasını yaymaqla kifayətləndi. Bu isə düzgün deyil.



Hesab edirik ki, koronavirus qurbanlarının əyalətlər üzrə ayrıca statistikasının gizli saxlanılması çoxlu ziyana səbəb olub. Çünki, xəstəliklə bağlı statistikanın bu şəkildə elan edilməsi, insanları səhvə salmaqla yanaşı, həm də xəstəliyin daha geniş yayılmasına gətirib çıxarıb” -deyə, Tehran Şəhər Şurasının ictimai-mədəni komissiyasının sədri Məhəmmədcavad Həqşünas bəyan edib.



Həqşünas bundan əvvəl də açıqlamalarının birində İran Səhiyyə Nazirliyinin xəstəliklə bağlı yaydığı gündəlik statistikasını sual altına alaraq, demişdi ki, koronavirusla bağlı Tehran Şəhər Şurası üzvlərinin əlində olan statistika, İran Səhiyyə Nazirliyinin yaydığı statistika ilə üst-üstə düşmür.



O, həmçinin bildirmişdi ki, ölkə vətəndaşlarının həyatına, hüquq və mənafeyinə birbaşa təsir göstərən koronavirus infeksiyası ilə bağlı hər bir kəsin dəqiq və düzgün məlumat əldə etməyə haqqı var.



Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mayın 19-da mediaya açıqlamasında ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 7119 nəfərə, yoluxanların sayının isə 124603 nəfərə yüksəldiyini iddia edib.
Bu xəbər oxucular tərəfindən 321 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed