Şrift:
Yaponiyada koronavirus pandemiyasına görə ixrac rekord səviyyədə azalıb
21.05.2020 [10:03] - Gündəm, Sağlıq
Yaponiyada koronavirus pandemiyasına görə apreldə ixracın həcmi ötən ilin əvvəlki dövrü ilə müqayisədə 21,9 faiz azalıb.

Bu barədə Yaponiya Maliyyə Nazirliyinin mayın 21-də yaydığı hesabatda bildirilir. Qeyd edilir ki, bu, 2009-cu ilin dünya maliyyə böhranından sonra Yaponiya iqtisadiyyatında baş verən ən böyük enişdir.

Hesabatda göstərilir ki, ixracın ümumi səviyyəsi 5 trilyon 202 milyard yen (təqribən 48 milyard dollar) həcmində olub və həmin göstərici son 17 ayda azalmaqda davam edir.

Eyni zamanda, həmin ayda Yaponiyaya idxalın həcminin də bir il əvvəlki göstərici ilə müqayisədə 7,2 faiz azalaraq 6 trilyon 132 milyard yen (təqribən 57 milyard dollar) səviyyəsinə düşdüyü qeyd edilir. Bu göstəricinin də son 12 ayda azalmaqda davam etdiyi bildirilir.

Xatırladaq ki, Yaponiya hökuməti mayın 18-də iqtisadiyyatın hazırkı dinamikası şəraitində ümumi daxili məhsulun (ÜDM) 2020-ci ilin sonunadək 3,4 faiz azalacağı barədə proqnozunu açıqlayıb. Bununla yanaşı, cari ilin ilk rübündə Yaponiyada ÜDM-nin ötən ilin son rübü ilə müqayisədə 0,9 faiz azaldığı da bildirilir.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 17 min 100 nəfəri ötüb.
Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed