Şrift:
Güney Azərbaycanda Milli Qiyamın 14-cü ildönümüdür
21.05.2020 [14:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün güney azərbaycanlıların İran rejiminin tətbiq etdiyi sistemli assimilyasiya və irqçilik əleyhinə baş qaldırdığı günün ildönümüdür. 2006-ci il May Qiyamından (1385-ci il 1 xordad qiyamı) 14 il ötür.





Belə ki, İran dövlətinin rəsmi orqanı olan “İran” qəzeti 13 may 2006-cı il tarixli sayında türkləri böcək kimi təsvir edən karikatura dərc edib. Buna etiraz edən azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başladılar.





Təbriz, Urmiya, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Makı, Miyana, Meşginşəhr və s. kimi şəhərləri qısa müddətdə kütləvi etirazlar bürüdü və bu vəziyyət günlərlə davam etdi. İran hüquq-mühafizə orqanları isə gücdən istifadə edərək dinc şəkildə keçirilən etiraz aksiyalarını dayandırmağa çalışdı.





Həmin etirazalarda onlarla soydaşımız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub, yüzlərlə insan yaralanıb və minlərlə etirazçı həbs edilib və təqiblərə məruz qaldı.





İranın daxilində və xaricində fəaliyyət göstərən farsdilli media azərbaycanlıların bu hərəkatını boykot etdi. Bir çox halda İran rejiminin müxalifəti kimi tanınan qruplar azərbaycanlıların tələbləri qarşısında hökumətin yanında olduqlarını elan etdilər.





May hadisələrinin baş verməsi “İran” qəzetinin təhqirə yol verməsi ilə başlasa da, fars şovinizminin illər boyu azərbaycanlılara qarşı təzyiqləri ilə əlaqədar olub. Şərhçilərin fikrinə görə, Azərbaycan xalqının fars şovinizmi və İran rejimindən cana gəlməsi onların “İran” qəzetinə bu şəkildə sərt reaksiya verməsinə səbəb oldu.





Güney Azərbaycan tarixində dönüş nöqtəsi olan qanlı etiraz aksiyaları 1 Xordad hadisələri (22 May hadisələri) və Milli Qiyam adı ilə Azərbaycan tarixinə düşüb.





2006-ci il may hadisələrindən sonra Azərbaycan Milli Hərəkatı yeni bir mərhələyə daxil olub, azərbaycanlılar fars şovinizminə qarşı mübarizəni var gücü ilə davam etdirir.





Xüsusilə gənc nəslin Xordad qiyamında iştirak etməsi, bir əsrə yaxın davam edən assimilyasiya siyasətinin məğlubiyyətə uğramasının, azərbaycanlılar arasında milli şüurun dərinləşməsi və güclənməsinin göstəricisidir.





Milli Qiyam İranda fars-mərkəzli siyasi-ictimai sistemə ciddi zərbə endirərək, ölkənin siyasi atmosferində plüralizm kimi anlayışların müzakirə olunmasına yol açdı. Bu hərəkat eyni halda Güney Azərbaycan türklərinə özünə inamı geri qaytardı, onlara öz güclərinə söykənərək milli hüquqlarının təmini üçün köklü dəyişikliklər aparmağa qadir olduğunu sübut etdi.
Bu xəbər oxucular tərəfindən 396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed