Şrift:
Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayında rekord artım
22.05.2020 [14:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində bir gündə 157 koronavirusa yoluxma faktı qeydə alınıb.





Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə bu rəqəmin epidemiyanın başlanmasından bəri rekord göstərici hesab olunduğunu vurğulayıb.





Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 4243 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 1905 nəfər tam sağalaraq evlərinə göndərilib. Ağazadə infeksiyadan ölənlərin sayının 199 nəfər olduğunu deyib.





Onun dediyinə görə, bu günə kimi Urmiyada 1302 nəfərdə, Xoyda 801 nəfərdə, Soyuqbulaqda (Mahabad) 441 nəfərdə və Qoşaçayda (Miyandab) 421 nəfərdə infeksiya aşkarlanıb.





Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi isə əyalətdə hər həftə koronavirusa yoluxanların sayında 30-40 faiz artım müşahidə olduğunu bildirib. Onun verdiyi məlumata görə, Şərqi Azərbaycanda bu günədək 7924 nəfərdə koronavirus infeksiyası aşkar edilib. Əyalətdə koronavirus infeksiyasından ölənlərin sayı isə 440 nəfərə çatıb.





Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 2394 nəfərə çatıb. Ərdəbil Tibb Universitetinin rəisi Şəhram Həbibzadənin verdiyi məlumata görə, əyalətdə son 24 saatda 65 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Ərdəbildə xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verilməyib.





Zəncan əyalətində isə rəsmi açıqlamaya görə, koronavirus infeksiyasına yoluxanların sayı 1112 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 3 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 120 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 921 nəfərinin tam sağaldığını bildirib.





Güney Azərbaycanın Həmədan əyalətində isə mayın 20-də verilən məlumata görə, 966 nəfərdə koronavirus infeksiyasının aşkarlandığını, 99 nəfər bu xəstəlikdən dünyasını dəyişib.
Bu xəbər oxucular tərəfindən 306 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed