Şrift:
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
27.05.2020 [12:04] - Xəbərlər, Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzinin (BMM) foyesində büstləri qoyulan muğam korifeylərimiz haqqında "Unudulmayanlar" layihəsi çərçivəsində növbəti onlayn mühazirə Xalq Artisti, görkəmli aktyor, opera müğənnisi, rejissor, pedaqoq, tanınmış teatr xadimi, XX əsr milli musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutan Hüseynqulu Sarabskiyə həsr olunub.

BMM-dən bildiriblər ki, musiqişünas, professor Nailə Rəhimbəyli sənətkar haqqında geniş məlumatı izləyicilərə təqdim edib.

Hüseynqulu Sarabskini səhnəmizin əfsanəvi Məcnunu adlandırırlar. Sənətə Şərqin və Azərbaycanın ilk operası, dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” zirvəsindən başlayan sənətkar bütün ömrünü bu zirvənin məsuliyyətini və ucalığını dərk edərək yaşayıb, sənətinə, peşəsinə vurğunluğu ilə nəsillərə nümunə olub. Səhnədə olduğu 30 ildən artıq bir müddətdə Məcnun rolunu 400 dəfə ifa edib.

Dünya opera sənətinin unikal bir səhifəsi olan Şərqin və Qərbin musiqi teatr ənənələrinin kəsişdiyi muğam operasının tarixini Hüseynqulu Sarabskisiz təsəvvür etmək mümkün deyil. O, Üzeyir Hacıbəylinin opera və operettalarında – Kərəm (“Əsli və Kərəm”), Şeyx Sənan (“Şeyx Sənan”), Şah Abbas (“Şah Abbas və Xurşidbanu”), Söhrab (“Rüstəm və Söhrab”), Sərvər (“O olmasın, bu olsun), Mərcan bəy (“Ər və arvad”), Əsgər (“Arşın malalan”), Müslüm Maqomayevin “Şah Ismayıl”ında Şah İsmayıl, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”ində Aşıq Qərib rollarının ilk ifaçısı olub.

Qeyd edək ki, layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.
Bu xəbər oxucular tərəfindən 586 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed