Şrift:
Yaponiyada koronavirus pandemiyasının ikinci dalğası başlaya bilər
29.05.2020 [09:45] - Gündəm, Sağlıq
Yaponiyada koronovirus pandemiyasına görə məhdudiyyətlər yumşaldılır və həyat əvvəlki normalara qayıdır. Lakin Yaponiyanın cənub-qərbində yerləşən Kitakyuşu şəhərinin meri COVID-19 koronavirusuna yoluxma hallarının artdığını bildirib.

Mer Kitahaşi Kenci mayın 28-də vəziyyətin ağırlaşdığını bəyan edib. K.Kenci bildirib ki, əgər vəziyyət belə davam edərsə, Kitakyuşu şəhərini ikinci yoluxma dalğası bürüyə bilər.

Qeyd edək ki, Kitakyuşuda əvvəlki üç həftə ərzində heç bir yoluxma halı qeydə alınmayıb. Lakin son altı gündə 43 yoluxma halı təsdiq olunub. Bir çox hallarda yoluxmanın ilkin mənbəyini aşkar etmək mümkün olmayıb. Buna görə də şəhərdəki turizm yerləri və digər obyektlər yenidən bağlanıb.

Eyni zamanda, mayın 28-də Tokiodakı xəstəxanalardan birində kütləvi yoluxma baş verib. Buradakı doqquz əməkdaş və xəstələr koronovirus testinə müsbət reaksiya veriblər. Bu, paytaxtda fövqəladə vəziyyət rejimi ləğv edildikdən sonra kütləvi yoluxmanın qeydə alındığı ilk haldır.

Məsələyə münasibət bildirən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa deyib ki, infeksiyanın yayılmasının qarşısı, əsasən alınır. Lakin fövqəladə vəziyyət ləğv edildikdən sonra yoluxma riskinin tam aradan qalxdığını söyləmək çətindir.

Xatırladaq ki, mayın 25-də Yaponiya hökuməti Tokio da daxil olmaqla son beş prefekturada fövqəladə vəziyyət rejimini ləğv edib.

Son məlumatlara görə, Yaponiyada 16 min 700 nəfər həmin virusa yoluxub və onlardan 880 nəfəri həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 537 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed