Şrift:
İranda daha 63 nəfər koronavirusdan ölüb, 2516 nəfər xəstəliyə tutulub
31.05.2020 [17:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə mayın 31-də ölkədə pandemiya yoluxucu xəstəliyin qurbanlarının son statistikasını yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib ki, son bir sutka ərzində daha 63 ölüm faktının qeydə alınması ilə ölkədə koronavirusdan ölənlərin sayı 7797 nəfərə çatıb: “Dünəndən bu günə qədər həmçinin daha 2516 nəfərin xəstəliyə tutulması ilə İranda “Covid-19” infeksiyasına yoluxanların sayı 151 min 466 nəfərə yüksəlib.



Xoşbəxtlikdən xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq 118 min 848 nəfərə çatıb.



Təəssüflər olsun ki, koronavirusa yoluxan və hazırda xüsusi rejimli xəstəxanalarda müalicə alan 2527 xəstənin vəziyyəti ağırdır” -deyə, Kiyanuş Cahanpur bildirib.



Cahanpur həmçinin hazırda xəstəliyin yayılması baxımından Xuzistanda vəziyyətin ağır və böhranlı olduğunu, İsfahan, Şərqi və Qərbi Azərbaycan, Loristan, Kirmanşah, Hormozqan və Sistan-Bəlicistan əyalətlərində isə vəziyyətin təhlükəli həddə çatdığını bildirib.



Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 7797 nəfərə, yoluxanların sayının isə 151466 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 48500 nəfəri keçdiyini, 1 milyondan çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 432 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed