Şrift:
İranda İqtisadi fəlakət dərinləşib
22.10.2012 [11:22] - Güney Azərbaycan xəbərləri, İqtisadiyyat, DAVAMın yazıları
İrana qarşı sanksiyalar getdikcə ağırlaşır. ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obamanın oktyabrın 9-da İranla əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyaların gücləndirilməsini nəzərdə tutan əmr imzalamasından sonra, Avropa Birliyi də növbəti qadağalar paketini təsdiqlədi. Avropa Birliyi İran bankları ilə maliyyə əməliyyatlarını, ticarət mübadiləsini məhdudlaşdırdı və İran qazının ixracına sanksiya tətbiq etdi.

Buna baxmayaraq, İran rəsmiləri sanksiyaların ölkədəki iqtisadi və siyasi vəziyyətə ciddi təsir göstərməyəcəyini iddia edirlər. İranın xarici işlər naziri Əli Əkbər Salehi İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Bakıda olarkən bəyan edib ki, Qərbin sanksiyaları İrana təsir göstərə bilməz. Çünki İran böyük dövlətdir. Bu sanksiyaların təsiri çox az cüzi bilər.

Ekspertlər isə hesab edirlər ki, İranı ağır iqtisadi böhran gözləyir. Bu da öz növbəsində ölkə daxilində siyasi vəziyyətin dəyişməsinə səbəb ola bilər.



İran hər ay 5 milyard dollar itirir



Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Tədqiqatlar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirovun sözlərinə görə, İrana qarşı sanksiyalar geniş miqyas almaqdadır:

- Məlumdur ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı dörd qətnamə qəbul edib. 2010-cu ildə qəbul edilmiş 1929 saylı qətnamədə İrana qarşı daha ağır sanksiyalar nəzərdə tutulur. ABŞ 1996-cı ildən bəri İrana qarşı hər 5 ildən bir sanksiyaları artırır. 2011-ci ildə həmin sanksiyaların müddətini 2016-cı ilə qədər uzatdı və hər il də fərdi şəkildə yeni-yeni sanksiyalar tətbiq edir. Artıq Avropa Birliyi də iyul ayının 1-dən İran qazının alınmasından vaz keçib. İran neftindən də 20 faiz imtina edib. Bu, İrana təsirsiz qalmayıb. Artıq Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin bu günlərdə Lüksemburqda keçirilən toplantısında İrana qarşı yalnız neftlə bağlı deyil, həm də qazın alışı ilə bağlı sanksiyaların tətbiq olunmasına dair razılaşma əldə edilib. Bunlar hamısı neft və qaz gəlirlərinin hesabına doldurulan İran büdcəsinin mənbələrini kəsir. Sanksiyalardan sonra İran hər ay 5 milyard dollar itirir. Bu, İranın valyutasının kəskin şəkildə aşağı düşməsində özünü göstərir. Hazırda 1 dollar 35-40 min riala dəyişdirilir. Bu günlərdə dünyanın ən böyük qapalı bazarı olan Tehran bazarında İran valyutasının qiymətdən düşməsinə etiraz olaraq keçirilən etiraz aksiyaları əslində İrandakı proseslərin siyasi barometri kimi də dəyərləndirilə bilər. İndiki halda İranda ümid qalıb 106-110 milyardlıq valyuta ehtiyatlarına. İran hər ay iki milyard dollarlıq məhsul idxal etməyə məhkumdur. Belə olan təqdirdə sanksiyalar İrana ciddi təsir göstərir. İsrailin baş naziri Benyamin Netanyahu da İran rialının aşağı düşməsi fonunda belə bir bəyanat verdi ki, “ərəb baharı”nın ardınca İranı “fars baharı” gözləyir.



Politoloq hesab edir ki, proseslərin bu istiqamətdə inkişafı İranda 2013-cü ilin iyun ayında keçiriləcək prezident seçkilərində mövcud siyasi rejimə qarşı daxili etirazlara əsas yarada bilər. Qərbin də planları məhz buna hesablanıb: “Qərb çalışır ki, 2013-cü ilin iyun ayına qədər İranda vəziyyət nəzarətdən çıxsın və idarə olunan xaos halına gəlsin. Seçki ərəfəsindən başlayaraq, İranda çox ciddi etiraz dalğalarına start verilsin. Bu baxımdan, hesab edirəm ki, qış aylarında İranda iqtisadi məsələlər çox kəskin şəkildə qabaracaq”.



İranın 40 faizi yoxsulluq həddinə düşə bilər



İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, sanksiyalar artıq İran valyutasının kəskin şəkildə dəyərdən düşməsində özünü göstərib: “Artıq İranda milli valyutanın məzənnəsinin həm dollara, həm avroya, həm də Azərbaycan manatına nisbətən kəskin azalması müşahidə olunur. İran vətəndaşları öz yığımlarını daha çox dollarla edirlər. Sanksiyaların 2012-ci ildə İrana 50 milyard dollar ziyan vuracağı proqnozlaşdırılır. Avropa Birliyinin İran neftindən imtina etməsi Tehranı məcbur edir ki, öz neftini Çin bazarına çıxartsın. Çin tərəfi də də aldığı neftin pulunun bir hissəsini digər formalarda, yəni ərzaq və qeyri-ərzaq məhsulları ilə ödəməyə üstünlük verir. Bu da İranın valyuta ehtiyatlarının həcminin azalmasına gətirib çıxarır. Bank transferinə qoyulan qadağalar İranın neft sektorunda ciddi problemlər yaradır.





İlkin qiymətləndirmələrə görə, sanksiyalar tətbiq ediləndən sonra İranın neft ixracatından itirdiyi məbləğ 24 milyard dollara yaxındır. Qeyri-neft ixracatından isə İran 11 milyard dollar vəsait itirib. Nəzərə alsaq ki, İranın gündəlik neft hasilatı 4 milyon barrelə yaxındır, gün ərzində 160 milyon kubmetr qaz hasil edir, İran ixracatının 80 faizi neft və qaz məhsullarının payına düşür. Amma sanksiyalar imkan vermir ki, İran öz məhsullarını dünya bazarına çıxartsın. Nəticədə İrana daxil olan valyutanın həcmi azalır. Ölkədə valyuta qıtlığının yaranması isə İranda kifayət qədər ciddi problemlərə gətirib çıxarır. İran hökuməti aqrar sektora yönəldilən subsidiyaların həcminin azaldılması və bir sıra ixracyönümlü sahələrə ayrılan subsidiyaların ləğv edilməsi barədə qərar qəbil edib. İran tərəfinin açıqlamalarına baxmayaraq, reallıq bundan ibarətdir ki, sanksiyalar İrana təsir göstərməkdədir. Hesablamalara görə, 2013-cü ildə İran əhalisinin 40 faizi yoxsulluq həddinə düşə bilər. 2012-2013-cü illərdə İran iqtisadiyyatındakı problemlər daha da dərinləşəcək. Bu, daha çox maliyyə sektorunda özünü büruzə verəcək.



Vüqar Bayramov İranda dərin iqtisadi böhranın baş verməsi ehtimalının artdığını dedi. İqtisadçı ekspert onu da bildirdi ki, İran dövlət büdcəsində yaranmış kəsiri daxili mənbələr hesabına kompensasiya etməyə çalışacaq. Eyni zamanda, ölkə daxilində strateji məhsulların qiymətini artıra bilər. Ancaq sanksiyaların davam etdiyi indiki dövrdə əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyündən, bu qərar uzunmüddətli və faydalı ola bilməz.
Bu xəbər oxucular tərəfindən 1634 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed