Şrift:
Qarabağ veteranının harayını eşidən yoxdur!
22.10.2012 [11:43] - Gündəm, Sosial
Mehdi Ağayev: “Ailəmin qazancının hamısı dərmanlarıma gedir, veteran vəsiqəmi ala bilmirəm...”

“Bircə istəyim veteran vəsiqəmin verilməsidir. Əsas məsələ Müdafiə Nazirliyinin arxivindədir, çünki onlar məsələni tam araşdırmırlar. Ora məktub yazıram, deyirlər hərbiyə giriş var, çıxış isə yoxdur. Mən müharibədən qaçmamışam ki, yaralanıb gəlmişəm”.

Bu sözlər Cəlilabad rayonu, Alıqasımlı kənd sakini Mehdi Ağayevin redaksiyamıza ünvanladığı məktubdan götürülüb. 1974-cü il təvəllüdlü M.Ağayev yazır ki, 1993-cü ilin yanvar ayında Qarabağ müharibəsinin qızğın çağında hərbi xidmətə gedib: “3 gün Nasosnuda qaldıq, ordan bölündük, Qusarda yerləşən N saylı hərbi hissəyə düşdüm. Təxminən 1 ay qaldıqdan sonra bizi Ağdərə istiqamətində döyüşlərə apardılar. Komandirimiz Anarın rəhbərliyi altında vətən uğrunda döyüşlərdə iştirak etdik. Komandirimiz sonradan qəhrəmanlıqla həlak oldu. 1993-cü il aprel ayının 12-də sağ budumdan güllə yarası aldım. Tərtər hospitalında 9 gün yatdım, sonra vertolyotla Bakıya qaldırıldım. Sabunçuda Əziz Əliyev adına xəstəxanada 1 ay müalicə aldım. Ordan 145 nömrəli poliklinikaya ”komsovat" olunmaq üçün göndərildim. Oradan da 10 min manat yardım alıb Cəlilabada göndərildim. Cəlilabad Hərbi Komissarlığında qeydiyyata düşdüm".

Məktub müəllifi yazır ki, 145 nömrəli poliklinikada müalicə olunandan sonra sənədlərinə xidmət etdiyi hərbi hissənin möhürünün vurulması lazım olub: “Qusara hərbi hissəyə getdim. Orada sənədin üstünü yazdılar, qolladılar, amma dedilər ki, ”peçat" bizdə deyil. Nasosnudadır. Nasosnuya getməyə imkanım olmadı, özüm yaralıydım, atam da xəstə idi. O vaxtdan bir “peçat”a görə ilişib qalmışam, veteran vəsiqəsi ala bilmirəm. Mənə veteran vəsiqəsi almaqda kömək edin".

Cəlilabad Rayon Hərbi Komissarlığı məsələyə MN Hüquq İdarəsinin məsələyə hüquqi qiymət verməli olduğunu əsas gətirərək vəsiqəni verməkdən imtina edir: “Arxivdən veteranların məsələsinə soyuq yanaşırlar. Çünki təkcə rayonumuzda 60-a yaxın veteran tanıyıram ki, vuruşub, amma arxiv lazım olan sənədlərini tapıb onlara vermir. Xahiş edirəm, bu insanlara deyin ki, vətən uğrunda canını qoyanlara qarşı diqqətli olsunlar. Müharibədə ağır xəstəlik tapmışam. Ailəmin qazandığı hamısı mənim dərmanlarıma gedir. Bədənimdə güllə qırıntısı gəzdirirəm”.

E.HÜSEYNOV
Bu xəbər oxucular tərəfindən 1663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed