Şrift:
Ümummilli lider Heydər Əliyev dil, mədəniyyət və mənəviyyat haqqında
14.06.2020 [11:05] - Xəbərlər, Mədəniyyət
Hər il 15 iyun tarixi Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur.

Bu tarix yaddaşlarda Azərbaycanın dağılmaq təhlükəsi ilə üzbəüz qaldığı 1990-cı illərin əvvəllərində baş vermiş hadisələrlə – xalqının təkidi və tələbi ilə hakimiyyətə qayıdan böyük Heydər Əliyevin ölkənin, millətin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürməsi, uzun illər davam edən gərginliyin, qarşıdurmaların aradan qaldırılması, respublikamızın vətəndaş müharibəsindən, parçalanmadan xilas edilməsi kimi taleyüklü tarixi olaylarla qalıb. Milli Məclisin qərarı ilə bu gün 1997-ci ildən ölkənin rəsmi bayramı elan edilib.

Bu fikirlər Dövlət Tərcümə Mərkəzinin 15 İyun – Milli Qurtuluş Gününə həsr etdiyi “Ümummilli lider Heydər Əliyev dil, mədəniyyət və mənəviyyat haqqında” sərlövhəli təqdimatında əksini tapıb.

Həmin illər Ümummilli Liderin müxtəlif tədbirlərdə, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərdə səsləndirdiyi fikirlər də zamanın sınağıyla öz dəyərini, aktuallığını qoruyub saxlayıb.

İllərdən bəri yaddaşlara həkk olunmuş və artıq aforizmə çevrilmiş həmin fikirlərdən bəzilərini təqdim edirik.

“Vətənpərvərlik insanın daxili duyğusudur. Əgər bu duyğu yoxdursa, o insan mənəviyyatsızdır”.

* * *

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən – onun dilidir!”

* * *

“Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir!”

* * *

“Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur!”

* * *

“Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan mənəviyyatsız adamlar cəmiyyətdə heç bir şeydirlər”.

* * *

“Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır”.

* * *

“Kim ki biliyindən, bacarığından artıq iddialıdır, o, həmişə məğlub olur”.

* * *

“Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır”.

* * *

“Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir”.

* * *

“Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!”

* * *

“Ağıl olan yerdə zora ehtiyac yoxdur”.

* * *

“Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, “həyat” deməkdir!”

* * *

“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən alisi mədəniyyətdir!”

* * *

“Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”.

* * *

“Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir”.

* * *

“Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mədəniyyət və elm sahəsində əlaqələrin təsiri böyükdür”.

* * *

“Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”.

* * *

“Xalq gərək daim öz kökünü xatırlasın”.

* * *

“Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək ədalətsizlikdən də betərdir”.

* * *

“Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun”.

* * *

“İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır”.

* * *

“Hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz”.

* * *

“Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər”.

* * *

“Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olan nadir adamlardır”.
Bu xəbər oxucular tərəfindən 566 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed