Şrift:
Milli fəal Siyamək Mirzayinin həbs hökmü apelyasiya məhkəməsi tərəfindən təsdiqlənib
14.06.2020 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehran Əyaləti Apelyasiya Məhkəməsinin 36-cı şöbəsi iyunun 13-də bu barədə milli fəalın vəkilinə şifahi şəkildə məlumat verib. Məlumata əsasən, apelyasiya məhkəməsi Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən çıxarılan qərarları qüvvədə saxlayıb.





Bundan əvvəl Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi 3 il Evin zindanında həbs edildikdən sonra Qain şəhərinə sürgün edilən tanınmış fəalı sistemin əleyhinə təbliğat aparmaqda günahlandırmışdı. Həmin ittihama görə 1 il 10 gün həbs cəzası verən hakim hökmün təkmil edilməsi adı ilə fəalın ölkədən çıxışına və ictimai-siyasi qruplarda üzv olmasına 2 il qadağa qoyulması barədə qərar çıxarmışdı. Siyamək Mirzayi məhkəmə iclasında iştirak edə bilmədiyi üçün hökm qiyabi olaraq çıxarılmışdı.





Azərbaycanlı fəalın sonuncu məhkəmə işi onun Evin zindanında həbsdə olarkən məhbusların hüququnun pozulması ilə əlaqədardır. Hökmdə fəalın həbs cəzası onun prokurora yazdığı açıq məktub və aclıq aksiyası xəbərinin sosial şəbəkələr və “rejimə qarşı fəaliyyət göstərən mətbuat orqanlarında” yayılması ilə əlaqələndirilib.





Siyamək Mirzayi 2016-ci ilin iyul ayının 13-də Muğanın Parsabad şəhərində məhkəmə hökmü təqdim edilmədən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, sonra Tehranın Evin həbsxanasına aparılmışdı.





O, Evin həbsxanasının təkadamlıq kamerasında aylarla saxlandıqdan və işgəncələrə məruz qaldıqdan sonra Baharıstan İnqilab Məhkəməsi tərəfindən “milli təhlükəsizlik əleyhinə fəaliyyət göstərən qruplarda üzv olmaq” ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilmişdi. Daha sonra apelyasiya məhkəməsində hökm 3 il həbs və 1 il Qain şəhərinə sürgünlə əvəz edilmişdi.





Magistr dərəcəsində təhsil almaq hüququndan məhrum edilən Siyamək Mirzayi ötən illərdə mədəni fəaliyyətləri səbəbindən rejimin müxtəlif təzyiqlərinə məruz qalıb. O, hazırda Cənubi Xorasan Əyalətinin Qain şəhərində məcburi sürgün həyatı yaşayır.
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed