Şrift:
Əhmədinejadı Evin həbsxanasına buraxmadılar
22.10.2012 [12:43] - Güney Azərbaycan xəbərləri
İranın Ədliyyə Nazirliyi ölkə prezidenti Mahmud Əhmədinejadın paytaxt Tehrandakı Evin həbsxanasına baş çəkməsinə icazə verməyib. Nazirlik bu addımını prezidentin istəyinin məqsədəuyğun olmaması ilə izah edib.

Qeyd edək ki, M.Əhmədinejad oktyabrın əvvəlində özünün həbsxanada cəza çəkən yaxın köməkçilərindən birinə baş çəkmək üçün Evinə getmək niyyətində olduğunu demişdi. Həmin vaxt da Ədliyyə Nazirliyi buna yol verməmişdi.

İndi isə mətbuatda İran prezidentinin Ədliyyə Nazirliyinə məktubu dərc olunub ki, həmin sənəddə dövlət başçısı həbsxanaya baş çəkmək istəyini açıqlayıb. Nazirliyin mətbuat katibi isə məsələyə münasibət bildirərkən deyib ki, prezidentin daha vacib işləri var. Məsələn, ölkənin iqtisadi vəziyyəti yaxşı deyil, qiymətlər gün-gündən qalxır. Əhmədinejadın həbsxanaya baş çəkməsi cəmiyyətdə dövlətin prioritetləri ilə bağlı mənfi rəy yarada bilər.

Onu da deyək ki, mövcud hal İran prezidentinin dövlət içərisindəki nüfuzunun aşağı düşməsinə dair növbəti misal kimi dəyərləndirilir. Əhmədinejadın vəzifə səlahiyyətlərinin bitməsinə 8 ay qalıb.
Bu xəbər oxucular tərəfindən 978 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed