22.10.2012 [14:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
«İranın fars bölgələrilə müqayisədə Güney Azərbaycanda işsizlik və yoxsulluq daha çoxdur»
Ağır iqtisadi və siyasi böhranla üzləşən İranda ictimai vəziyyət də gün keçdikcə gərginləşir. Dövlət tərəfindən verilən subsidiyaların kəsilməsi, inflyasiyanın yüksəlməsi, yoxsulluğun və işsizliyin artması, iş yerlərinin bağlanması əhalinin hökumətdən narazılığını daha artırır. İranda yaranmış belə bir vəziyyət Güney Azərbaycana da təsir edir. Bu baxımdan bu dəfə Güney Azərbaycanın hazırkı siyasi-ictimai durumunu öyrənməyə çalışdıq. Suallarımıza cavab tapmaq məqsədilə güneyli hüquq müdafiəçisi Elçin Hatəmilə həmsöhbət olduq. İxtisasca mühəndis olan Elçin Hatəmi Tehran Universitetində magistr təhsili alıb. 1979-cu ildə Arazbar (Xudafərin) bölgəsinin Sarıcalı kəndində doğulan həmsöhbətimiz 2009-cu ildən Türkiyədə siyasi mühacir həyatı yaşayır.
- Hazırda Güney Azərbaycanda siyasi-ictimai vəziyyət necədir?
- Güney Azərbaycanda ictimai və siyasi vəziyyət əvvəllər olduğu kimi, indi də ağır olaraq qalır. Əhalinin sosial səviyyəsi gündən-günə pisləşir. İranın fars bölgələrilə müqayisədə Güney Azərbaycanda işsizlik və yoxsulluq daha çoxdur. Bir çox özəl sektora aid iş yeri dövlətin yanlış iqtisadi siyasəti nəticəsində bağlanıb. Son günlər bir neçə şirkət iflasa uğrayıb və on mindən çox soydaşımız işsiz qalıb. Bir çox sənaye və istehsalat müəssisələri dövlətin ideologiyası naminə bağlanıb. Demək olar ki, əhalinin böyük əksəriyyəti normal həyat şəraiti və şərtləri olmadan, ağır maddi sıxıntı içində yaşayırlar. Qərbin və ABŞ-ın İrana qarşı sanksiyaları Güney Azərbaycana da mənfi təsir göstərir. Sanksiyalar bir çox özəl və dövlət şirkətlərinin iflasına, cəmiyyətdə yoxsulluğun və işsizliyin artmasına səbəb olur. Eyni zamanda bir çox layihələrin yarımçıq qalması və iş yerlərinin bağlanması işsizlərin sayının daha da artmasıyla nəticələnir. Demək olar ki, İrana qarşı tətbiq edilən sanksiyaların təsiri qeyri-fars millətlərin yaşadığı bölgələrdə daha çoxdur. Çünki həmin yerlərdə onsuz da işsizlik problemi var. Bu baxımdan sanksiyaların tətbiq olunması nəticəsində əhalinin vəziyyəti daha da ağırlaşır, iqtisadi böhran dərinləşir. Dövlət büdcəsindən mərkəz bölgələrin iqtisadi inkişafı üçün maliyyə ayrılır. Qeyri-farsların yaşadığı ərazilərə göstərilən yardımlar isə qat-qat azdır. İranda ərzaq da daxil olmaqla bütün malların və məhsulların qiyməti artıb, inflyasiya nəzarətdən çıxıb, xarici valyutanın məzənnəsi sürətlə yüksəlir. Ölkədə siyasi baxımdan heç bir azadlıq yoxdur. Ölkədə elə bir avtoritar vəziyyət yaranıb ki, heç kəs hakimiyyətin qorxusundan açıq şəkildə etiraz edə və hüquqlarını tələb edə bilmir. Bütün media qurumları, eləcə də internet dövlətin nəzarəti altındadır. Heç kəs dövlətin istəklərindən kənara çıxa və fəaliyyət göstərə bilmir. Çünki hökumət rejimə qarşı çıxan müxalifləri təqib və həbs edir, işgəncələrə məruz qoyur. BMT-nin insan haqlarıyla bağlı hesabatında fars rejiminin Azərbaycan türklərinə qarşı ayrı-seçkilik siyasəti və zülmü də yer alıb. Demək olar ki, hakimiyyət Azərbaycanın maddi-mənəvi sərvətlərini müxtəlif fırıldaqçı planlarıyla talan edir, Azərbaycan türklərini məhv etməyə çalışır.
- Milli fəallara qarşı təqiblər və həbslər davam edir?
- Güney Azərbaycanda 90 ildən çoxdur ki, xalq öz müqəddəratını təyin etmək üçün mübarizə aparır. İndiyədək bu məqsəd üçün bir nəticə əldə etməyə çalışan minlərlə ziyalımız, mübariz soydaşımız rejim tərəfindən öldürülüb və müxtəlif təzyiqlərə məruz qalıb. Azərbaycan Respublikasının müstəqilliyi Güney Azərbaycan Milli Hərəkatına yeni bir istiqamət verdi və hərəkat öz doğru yönünü tapa bildi. O zamandan indiyədək bu mübarizə mədəni şəkildə və türkçülük uğrunda maarifləndirmə istiqamətində davam edir. Bunu görən hakimiyyət ciddi narahatçılıq yaşayır, hərəkatı öz varlığı və ölkədə hakim etnikin, yəni farsın mədəniyyəti üçün böyük təhlükə sayır. Bu baxımdan rejim bu fəaliyyətlərə zorakılıqla cavab verir. İndiyədək onlarla milli fəalımız öldürülüb, minlərlə fəal isə ağır işgəncələrə və uzunmüddətli həbslərə məruz qalıb. İran rejimi üçün qadın-kişi fərqi yoxdur. Həbsxanalarda milli fəallara işgəncələr verilir. Məni zindanda olanda 18 saat ayaqüstə saxladılar. Günlərlə yatmağa qoymadılar. Fəridə adlı bir siyasi məhbus da var idi. Ona da ağır işgəncələr verilmişdi. Ümumi zindanda milli fəalları canilərlə, narkomanlarla bir yerdə saxlayırlar. Siyasi məhbusların həyatı hər an təhlükədə olur. Günlərlə yemək vermirdilər. Siyasi məhbuslar qorxu içərisində edam olunacaqlarını gözləyirdilər. Zindanda məhbusun pulu olmasa, acından ölər. Mən və başqa milli fəallar İranda azərbaycanlıların haqlarını əldə etmələri üçün sivil və sağlam formada mübarizə aparırdıq. Məsələn, Təbriz və Tehran şəhərlərində elmi konfranslar keçirir, Babək qalasına yürüşlər təşkil edir, millətimizi bu mübarizədə daha fəal olmağa çağırırdıq. Tam mədəni şəkildə, beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərsək də, həbslərə məruz qalırdıq. Bəzi siyasi fəalları zindandan çıxandan sonra müxtəlif yollarla — avtomobil qəzası və s. öldürürlər. 2006-cı ilin may hadisələrində soydaşlarımız dinc yolla mitinqlər keçirdilər. Yüzdən çox insanı elə mitinqlərdə güllələdilər. Son zamanlar milli fəallara qarşı həbslər yenidən kütləviləşib. Həbsxanada ağır şəraitdə saxlanılan Fərdin Muradpur ona qarşı edilən ədalətsizliyə etiraz olaraq oktyabrın 3-dən aclıq aksiyasına başlayıb. Milli fəalın səhhəti ağır olduğundan hər an ölüm təhlükəsilə üz-üzədir. Bir neçə gün öncə biri qadın olmaqla 4 milli fəalın da hər biri bir il müddətinə azadlıqdan məhrum edildi. Başqa bir milli fəal isə 18 ay həbs cəzası aldı. Beləliklə, hakimiyyət son zamanlar milli hərəkata qarşı böyük təzyiq kampaniyasına başlayıb. Bu yolla milli fəaliyyəti susdurmağa çalışır.
- Həbslər və təqiblər milli azadlıq hərəkatına necə təsir göstərir?
- Məsələyə iki aspektdən yanaşmaq lazımdır. Hakimiyyətin həyata keçirdiyi təzyiqlər bir tərəfdən hərəkata müsbət təsir göstərir, digər tərəfdən isə xalqın çox hissəsi qorxaraq milli-mədəni haqları uğrunda fəaliyyətdən çəkinir. Ümumiyyətlə, ölkədə rejimin yaratdığı ab-hava hərəkatın xalq içində azad şəkildə yayılmasının qarşısını alır. Lakin unutmaq olmaz ki, internet və elm əsrini yaşayırıq. Yeni elektron əlaqə vasitələrilə həm daxildə, həm də beynəlxalq aləmdə bu təzyiqlərin təsirini azaltmağa çalışırıq. Əgər İranda milli ayrı-seçkilik olmadan hər kəsə bərabər imkanlar yaradılsaydı, milli hərəkatımız indikindən qat-qat güclü olardı. O zaman xalq öz haqlarını qorxmadan və heç bir təzyiqlə üzləşmədən tələb edə bilərdilər. Bunun aydın nümunəsini Qərb ölkələrində görürük. Məsələn, Şotlandiya Böyük Britaniyadan demokratik yolla ayrılmaq istəyir. Əgər xalq istəsə, bu, baş tutacaq. Belə bir istək və tələb olmasa, Böyük Britaniyada yaşayan digər millətlər bərabərhüquqlu şəkildə eyni cəmiyyətdə yaşayacaqlar. Belə bir azadlığın və şəraitin Güney Azərbaycan üçün də yaranmasını arzu edərdim. Lakin hazırkı şərtlərlə hakimiyyətin könüllü şəkildə belə bir şərait yaratması mümkünsüzdür. İranda soydaşlarımız bütün demokratik haqlarından məhrum yaşayırlar. Buna etiraz edən milli fəallar isə təqiblərə məruz qalırlar.
- Həbsdə olan və sərbəst buraxılmasını arzuladığınız hansı milli fəallar var?
- Mən özüm də həbs olunmuşam və digər milli fəallarla birgə oradakı mühiti görmüşəm. Vətənimizi məcburən tərk edəndən sonra İranda siyasi məhbusların ağır saxlanılma şəraitilə bağlı xəbərləri yaymağa çalışıram. Mənim üçün Güney Azərbaycanın azadlığı uğrunda çalışan hər bir kəs əzizdir. Onlara cansağlığı və güclü iradə arzulayıram. Əziz dostum, məsləkdaşım Səid Mətinpur başda olmaqla həbsdə olan bütün milli fəallarımızın azadlığa buraxılmasını arzu edirəm. Zindan cəsarətdir, insanlıqdır, qeyrətdir. Azadlığın yolu oradan keçir. Bu səadət hər adama nəsib olmur.
- Milli fəalların zindanlarda saxlanılma şəraiti necədir?
- Güney Azərbaycanda, xüsusilə də Təbrizdə standartlara uyğun zindan yoxdur. Bir neçə dövlət anbarını həbsxana ediblər. Hər otaqda 100-150 taxt var. Orada məhbuslar çox ağır şəraitdə yaşayırlar. Zindanlar mikrob mənbəyidir. QİÇS, hepatit baş alıb gedir. Bir çox məhbuslar narkotikaya aludə olaraq özlərini məhv edirlər. Hər gün onlarla bıçaq davası düşür. Nəzarətsizlikdən məhbuslar bir-birini doğrayırlar. Hər ay neçə nəfər xəstəlikdən ölür.
- Milli fəallarla həbsxanalarda necə davranılır?
- Adi məhbuslar siyasilərə hörmət edirlər. Bəzən isə hakimiyyət tərəfindən məhbuslardan ibarət quldur dəstəsi yaradılır. Onların əlilə siyasi məhbuslara əziyyətlər verirlər. Lakin zindan məmurları daha sərt davranırlar. Məsələn, mən Əhər zindanında olanda Zeynali adlı bir xəstə ruhlu həbsxana rəisi vardı. Mənə və dostlarıma deyirdi ki, siz ABŞ və İsrail casuslarısınız. Bizi hər dəfə döyürdü. Son zamanlar əldə edilən məlumatlara görə, milli fəal Fərdin Muradpur və Səid Mətinpura da həbsxana məmurları ağır işgəncələr veriblər.
- Milli azadlıq hərəkatının hansı mübarizə yolları var?
- Milli hərəkatda bir çox fəallar və təşkilatlar bu məsələylə bağlı öz mövqelərini bildiriblər. Demək olar ki, əksəriyyəti problemin dinc yolla həll edilməsinin tərəfdarıdır və şiddətə qarşıdır. O cümlədən mən də demokratik yollarla mübarizənin tərəfdarıyam. Əgər bu istiqamətdə davam etsək, istədiyimiz nəticəni ala bilərik. Demokratik yol insan haqlarına daha uyğundur. Beynəlxalq ictimaiyyət də bizdən bu cür mübarizə aparmağımızı istəyir. Lakin bildiyiniz kimi, İran rejimi dünyanın ən qəddar avtoritar hökumətlərindən biridir. Hakimiyyət xalqın bütün təbii haqlarını və azadlıqlarını məhv edib, əhalini daim qorxu içində yaşamağa məcbur edir. İran rejimi hakimiyyətə gəldiyi ilk gündən cəmiyyətin sosial və siyasi azadlığını məhv etməyə çalışıb. Tədricən məqsədinə nail olaraq bütün müxalifləri sistemli şəkildə yox etməyə müvəffəq olub. Xalqın özəl və sosial həyatına kobud şəkildə müdaxilə edən rejim qoyduğu qanunlara əməl etməyən vətəndaşları çox ağır şəkildə cəzalandırmaqla xalqın gözünü qorxudub. Mütəmadi olaraq edam, işgəncə, haqsızlıq, təzyiqlə üzləşən əhalidə psixoloji olaraq hakimiyyətdən qorxu təfəkkürü formalaşıb. Rejim müxalifləri məhv etməyə çalışır. Məsələn, ölkə iqtisadiyyatı dövlətin əlində olduğundan milli fəallara iş tapılmır. Bu baxımdan rejimin milli fəallara göstərdiyi təzyiqlər onların sosial həyatlarına da ağır zərbə vurur. İran despotik bir rejim olaraq Güney Azərbaycanda milli fəalların sivil və demokratik mübarizəsinə hər zaman zorakılıqla qarşılıq verib. Kütləvi həbslər, işgəncələr və qətllər bunun aşkar nümunəsidir.
Turqut

Bu xəbər oxucular tərəfindən 1531 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |