Şrift:
Ünver Sel: “Ermənistan Qarabağdan çəkilmədikcə, Qafqazda sülh mümkün deyil”
22.10.2012 [17:02] - Xəbərlər, Müsahibə
Krım Tatar Dərnəkləri Federasiyasının başqanı Ünver Sellə müsahibə:

- Ünver bəy, türk birliyi uğrunda mücadilə aparan şəxs kimi, bu günlərdə Türk Şurası adlandırılan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə toplantısında ortaq bayrağın qəbul edilməsi ilə bağlı düşüncələriniz nədən ibarətdir?

- Türk dünyası konseyi və bu konseyin ikinci toplantısında formalaşdıran ortaq bayraq, türk dünyasında birliyin inkişafı üçün önəmli bir addımdır. Çox təəssüf edirəm ki, iki güclü və müstəqil Özbəkistan və Türkmənistanın bu birlikdə yer almaması bizi üzür və bir qardaş dəstəyini zəiflədir. İnanıram ki, bu iki qardaş türk dövləti birliyə qoşulub, birliyi daha da gücləndirəcəklər.

Onu da qeyd edim ki, müstəqil olmayan muxtar türk dövlətləri və digər dövlətlərdə yaşayan türk xalqları bu birlikdə müşahidəçi statusunda yer almalıdırlar.

- Türk dünyasının birləşməsində Azərbaycanın rolunu necə görürsünüz?

- Türk dünyasının birləşməsində və bütövləşməsində Azərbaycanın yeri böyükdür və xüsusi əhəmiyyət daşıyır. Mən deyərdim ki, bu prosesin uğurla getməsində öndə gedən dövlətdir.
Xüsusilə, Azərbaycanın malik olduğu dövlətçilik tarixi və potensialı onu birliyin inkişafında baş rol almağa kömək edir. Çünki Azərbaycanın sürətli inkişafı və güclü iqtisadiyyatı birliyin daha da güclənməsinə öz töhfəsini verə bilər.

- Ümumiyyətlə, türk dünyası birliyində Krım tatarlarının mövqeyi və yeri nədən ibarətdir?

- Ümumtürk dünyası içində Krım yarımadası və Krım tatarları önəmli bir yerə sahibdirlər. Krım türk dünyasının qapısı və pəncərəsidir. Bu, Krım tatarlarının mədəni və siyasi cəhətdən bir qazancıdır. Türk dünyasının qərbi Krımdır. Yəni, Krımı türk dünyasının duyğusal tərəfi də adlandıra bilərik. Krımsız türk dünyası olmaz. Bu ərazi türk dünyasının bütün yanlarında yer alır.

- Bildiyiniz kimi, Azərbaycanın əsas problemi olan Qarabağ problemi həll olunmamış qalıb. Ermənistanın işğalçılıq siyasəti nə zamana qədər davam edəcək? Birdə bu faktor türk birliyinin inkişafı üçün “maneə kartı” rolunu oynayırmı?

- Ermənistan türk dünyasına qarşı istifadə olunan bir silahdır. Tarixən qərb dövlətləri və Rusiya bu silahdan bizə qarşı istifadə ediblər. Hətta deyərdim ki, bütün xristian dünyası zaman-zaman bundan yararlanıblar. Gerçəkdə ermənilər Türkiyə və Azərbaycanda türk soyqırımı həyata keçirib, yüz minlərlə insanı qətlə yetirmişlər. Ancaq bunu ört-basdır etmək üçün erməni soyqırımı deyilən qondarma oyunu türk dünyasına qarşı istifadə edirlər.

Onların Qarabağda etdikləri yaxın tarix üçün bir sübutdur və dəlildir. Bir milyon insan qaçqın həyata yaşayır. Qarabağ tarix boyu türk torpağıdır. Ermənistan Qarabağdan çəkilmədikcə Qafqazda barış və sülhün yaranması mümkün deyil. Bütün türk dünyası Qarabağ məsələsində Azərbaycanın yanında olmalıdır.

Krım tatarları keçmişdə olduğu kimi, bu məsələdə azərbaycanlı qardaşlarının yanındadır. Türk dünyasının böyük ziyalısı və ideoloqlarından olan İsmayil bəy Qaspıralının söylədiyi kimi, “dildə, fikirdə, işdə birlik” formulu və ideoloji konsepsiyası ilə birgə hərəkət etməliyik.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed