Şrift:
Nə “Yanvar”, nə “Xocalı”…
23.10.2012 [11:24] - DAVAMın yazıları
Aqil Camal

Facebook şəbəkəsində 2010-cu ildə ermənilərlə döyüşdə qəhrəmancasına şəhid olmuş Fərid Əhmədovun şəklini paylaşmışdılar. Şəklini deyəndə ki, ermənilər tərəfindən çəkilərək internetdə yayınlanan - Fəridin cəsədinin rəsmi.

Bu şəklin özümüzünkülər tərəfindən paylaşılmasında əslində pis məqsəd yoxudu. "Ölkədə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə dəstək vermək"...

Bir müddət əvvəl Milli Qəhrəman Mübariz İbrahimovun da ermənilər tərəfindən çəkilərək internetdə yerləşdirilən cəsədinin şəkli Azərbaycan mediası və sosial şəbəkələrdəki soydaşlarımız tərəfindən "lazımi səviyyədə” yayınlandı.

Hərənin öz niyyəti vardı. Kimisi "eksküliziv" şəkil tapmışdı, kimisi bununla "erməni vəhşiliyini bir daha çatdırmaq" istəyirdi, kimisi də gənclərimizi bu tükürpədici mənzərə ilə təsirləndirərək "yeni mübarizlərin yetişməsinə təkan vermək" istəyirdi.

Ermənilərinsə bu şəkilləri internetdə yaymaqda bir məqsədləri vardı: Azərbaycan xalqı qəhrəman kimi yüksəltdiyi övladlarını, vurulmuş, ram edilmiş halda, al-qanın içərisində görsün. Görənlər şoka düşsün, ayaqları titrəsin, Mübariz və Fərid olmaq istəyənlər, onları hansı aqibətin gözlədiyini təsvir etsinlər...

Üstündən iki il keçməsinə baxmayaraq bu şəkillər hələ də öz tərəfimizdən tirajlanmaqda davam edirsə, demək dolayı yolla o şəkilləri çəkənlərin istəklərinə uyğun işləyirik.

Axı, əsgər cəsədlərinin şəkilləri ilə hansı hərbi vətənpərvərlik tərbiyəsini aşılamaq olar? Bunun əvəzinə həmin qəhrəmanların sağlığında çəkilmiş şəkillərini yaymaq olmazmı?

Son 22 ildə Azərbaycan xalqı iki böyük faciə yaşadı. Və bu faciləri törədənlərin hədəfləri bir idi: Azərbaycan xalqının ruhunu sındırmaq.

20 yanvar 1990-cı ildə törədilən qanlı hadisə istiqlaliyyət mücadiləsinə qalxmış xalqın mübarizə əzmini qırmağa hesablanmışdı.

26 fevral 1992-ci il Xocalı faciəsi isə Qarabağ uğrunda gedən müharibədə Azərbaycan xalqının döyüş ruhuna zərbə vurmaq məqsədi güdürdü.

Üzüntü, qorxu, xof yaradan bu hadisələr isə 20 il ərzində bizim ideoloji silahımıza çevrildi. Faciələrimiz vətənpərvərlik tərbiyəsi üçün ideya qaynağımız oldu...

Hər il bu hadisələrin ildönümlərində yüzminlərlə insan matəm libasında, əllərində qırmızı qərənfillər, qara bayraqların altından keçərək Şəhidlər Xiyabanına, Xocalı şəhidlərinin abidəsinə doğru axın edirlər.

Amma nəticə dəyişməyib. Tək-tək istisnaları nəzərə almasaq, işğalçı ölkəni lərzəyə salan, Ermənistan əhalisinin yuxusuna haram qatan, Qarabağda hər gün bir binanı, su kəmərini, lap yenicə tikilmiş Xankəndi aeroportunu partladan kamikadzelər nəslini yetişdirə bilmədik.

Ona görə də, ideoloji təbliğatın predmeti olan hazırkı mövzulardan əl götürməyin vaxtı çatıb artıq. Yas təbliğatına son.

Bu məsələdə uzağa getmədən qonşu ölkələrin təcrübəsinə müraciət etmək olar.

Qardaş Türkiyədə uşaqlar məktəbə getdiyi birinci sinifdən başlayaraq Çanaqqala fenomeni, İstiqlal savaşı, Zəfər bayramı təbliğatı ilə böyüyürlər. Son illər artıq İstanbulun fəthi də dövlətin ideoloji təbliğatında ön plana çəkilməkdədir. Biz uşaqların əlindən tutub onları şəhid qəbirlərini göstərməyə apardığımız halda, İstanbulda uşaqları təkrarolunmaz fəthi özündə əks etdirən "Fətn 1453" filminə, "Panorama 1453" sərgisinə baxmağa aparırlar.

Şimal qonşumuz Rusiya - üzdə çar Rusiyasından və qırmızı sovet imperiyasından imtina etsə də, cəmiyyətə, xüsusən gənclərə yönəlik siyasətində imperiyaçılıq kimi böyük düşünmək kompekslərini aşılayır. Çar Rusiyasının dövləti atributlarının, hətta guya indiki Rusiya ilə ideoloji baxımdan əks olan Sovet İttifaqının himninin yenidən dirçəldilməsi gəncliyi hökmranlıq ruhunda tərbiyə edir. Və bunun nəticəsi bugünkü rus gəncində açıqca özünü göstərməkdir.

Millətin gələcəyini faciələr üzərində deyil, zəfərlər üzərində tərbiyə etmək lazımdır ki, davamı gəlsin.

Faciə qələbə doğura bilməz...
Bu xəbər oxucular tərəfindən 1219 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed