Şrift:
Biz düşüncəmizin hakimiyyətə gəlməsində maraqlıyıq. Kimin masada oturması mühim deyil
23.06.2020 [09:23] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev:"Həm ictimai nəzarət güclü olmalıdır, həm də bu məsələlərdə iştirakçılıq vacibdir."

"Dialoq mühitinin yaradılması, cəmiyyətin bir yerdə olmasının arzulanmasıdır və hamının adekvat davranışı ortada olmalıdır. "

Azərbaycanda siyasi sistemdə yeni konfiqurasiyanın formalaşması, dialoq mühitinin yaradılması, müxalifət təmsilçilərinin parlament idarəçiliyində iştirakçı imkanlarının artırılması respublikamızın siyasi dairələrində təqdirəlayiq hal kimi qiymətləndirilir. Prezident İlham Əliyevin apardığı siyasi islahatların tərkib hissəsi olan bu prosesin artıq ilkin nəticələrini verməsi siyasi partiyalar tərəfindən xüsusi qeyd olunur. Müxalifəti təmsil edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyevlə söhbətimiz də bu barədə oldu.

Aparılan siyasət uğurludur və gözləntilər də pozitivdir

Yeni düzənin əsas özəllikləri və gözləntilər barədə danışan Fərəc Quliyev bildirdi ki, cəmiyyətin mütəmadi olaraq yenilənməsi vacibdir və istəyirsənsə ölkədə hər şey qaydasında olsun, təbii ki, bir çox köhnələrdən imtina eləmək və yeniləri tətbiq etmək vacibdir: "Ölkəmizdə və dünyada baş verən son qlobal dəyişikliklər də onu özündə ehtiva edir ki, bir çox məsələlərə yenidən baxmaq, yenidən toparlanmaq lazımdır. Çox mobil bir idarəetmə sistemi qurmaq lazımdır, üstəlik cəmiyyət bir yerdə olmalıdır. İradəmizdən asılı olmayaraq bir çox səbəblər də çox ayıq olmağımıza çağırış edir. Biz iradəmizdən asılı olmayaraq müharibə şəraitindəyik. Dünyanı təhdid edən pandemiya bizdə də baş verir. Biz neft ölkəsiyik və neftin qiymətində olan dəyişikliklər də bizim iradəmizdən asılı deyil. Bunlar çox təsirli amillərdir. Ona görə hesab edirik ki, ölkədə mütəmadi olaraq aparılan islahatlara bir az da sürət verilməlidir. Ölkə Prezidentinin bu amilləri nəzərə alması göz önündədir”.

Təbii ki, islahatları həyatın bir sahəsində aparıb, digər sahəyə toxunmamaq mümkün deyil. Bu barədə danışan Fərəc Quliyev dedi ki, iqtisadi, sosial sahələrdə həyata keçirilən islahatlar siyasi sahədə də aparılmasını zəruri edir. Bu sahədə islahatlar aparılmasa, digər sahədəki islahatların effekti yüksək olmaz: "Son zamanlar siyasi müstəvidə aparılan islahatlar təqdirəlayiq haldır və hakimiyyətin müxalifətdə olan təşkilatların fikirlərini öyrənməsini, nəzərə alınmasını nümayiş etdirməsi mütərəqqi haldır. Dialoq mühitinin yaradılması, cəmiyyətin bir yerdə olmasının arzulanmasıdır və hamının adekvat davranışı ortada olmalıdır. Əslində iqtidar, Prezident bunu təklif edir.

Siyasi mühitdə yeni konfiqurasiyanın yaranması da bu zərurətdən doğur. Biz ölkəmizi mütləq qütbləşmədən imtina edərək bütövləşməyə aparmağı bacarmalıyıq. Süni şəkildə qarşıdurmaların mövcud olması cəmiyyəti təbii ki, zəiflədir. Ölkəmizdə marağı olan, dost olmayan dövlətlər də bu hallardan dərhal istifadə edirlər. Əslində bu çağırışa cavab da var. Gücünü öz xalqından alan və öz xalqının xidmətində durmağı amalı sayan milli demokratik düşərgə siyasi yenilənmələrdə iştirakdan məmnunluq göstərdi. Təbii ki, ölkəmizdə 5-ci kolon rolunu oynayan, başqa dövlətlərdə quraşdırılan, başqa dövlətlərin ölkəmizdə maşası olanlar bu məsələlərdən kənarda durmağa çalışdılar. Əslində bu normal haldır. Onlar özləri durmasa belə, onları kənarda saxlamaq lazımdır. İşin içinə girərək iş pozmağa cəhd eləməkdənsə, onların kənarda qalması vacibdir. Bir daha bildirmək istəyirəm ki, aparılan bu siyasət uğurludur və gözləntilər də təbii ki, pozitivdir. Bunun alternativi də yoxdur. Qısa zamanda da təbii ki, bəzi nəticələr göründü. Bundan sonra da ciddi pozitiv nəticələr gözlənilir”.

Dialoqdan qaçmaq özünü siyasi proseslərdən təcrid etməkdir

Həmsöhbətimiz onu da bildirdi ki, özünü siyasi mühitdən təcrid etmək, dialoqdan qaçmaq, ümumiyyətlə, siyasi proseslərdən "mən boykot edirəm” deyib kənarda durmaq özünü boykotdan başqa bir şey deyil: "Adını nə qoyurlarsa qoysunlar, bu onu göstərir ki, onlar qarşı tərəflə və yaxud da siyasi palitrada olan qüvvələrlə hər hansı formada danışmaq və müzakirələr aparmaqdan müxtəlif səbəblərdən çəkinirlər, ya bunu bacarmırlar və ya onlara bunu etməyə icazə vermirlər. Bilirsiniz, bəzi məsələləri gizlədirlər və öz adları ilə demirlər. Kənarda hazırlanan qüvvələr var. Bunların da ölkəni qarışdırmaq üçün konsepsiyaları var. Bu qüvvələr ifşa olunmalıdır və bunun hüquqi məsuliyyəti müəyyənləşməlidir. Biganəlik ölkədə pis bir ənənə yarada bilər. İstənilən xarici dövlət açıq-açığına bir qrup yaradıb pulun da verər ki get, ölkəni dağıt. Ona görə buna müvafiq strukturlar fərqli reaksiya verməlidirlər. Amma, ümumiyyətlə, siyasi fəaliyyətlə məşğul olub partiya yaradırsansa və seçkiyə bayaq da toxundum, getmirsənsə, bu o deməkdir ki, hakimiyyətə gəlməyin seçki yolundan başqa yolunu düşünürsən. Başqa formada hakimiyyətə gəlməyə cəhd eləmək artıq qanun pozuntusudur, fərqli bir düşüncəni daşımaqdır, ya da başqalarının iradəsini ölkəyə gətirməkdir.

Xalqına güvənən, xalqından dəstəyini alan və xalqı üçün çalışan milli demokratik düşərgəyə aid olan təşkilatlar birmənalı şəkildə bu yeni siyasi mühitdə iştirakçılıqdan, danışıqlardan başqa yolun olmadığını, hakimiyyətə gəlməyin seçkilərdən başqa yolunun olmadığını qəbul və bəyan edirlər. Özünütəcrid edən məlum kiçik bir qrupla isə heç danışmağa da dəyməz. Hesab edirəm ki, siyasi mühitdə ölkə problemlərini müzakirə etməkdən, onların həlli yolunu göstərməkdən, bir yerdə həll etməkdən yayınanlar özləri özlərini onsuz da siyasətdən kənarda qoyub və bundan narahat olmağa dəyməz. Ölkə siyasi palitrası bundan udur, uduzmur. Nə qədər siyasi palitra təmizlənərsə, təmiz siyasət yürüdülərsə, bu ölkənin xeyrinə olar. Maşa olmağı yol seçənlər, bunu qazanc yolu edənlər artıq özlərini ifşa ediblər.

Prezident İlham Əliyevin siyasi iradəsi ilə başlayan və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə gerçəkləşən siyasi dialoq prosesi ölkədə yeni siyasi konfiqurasiyanın təkmilləşməsinə, siyasi mühitin sağlamlaşdırılmasına, demokratikləşmə prosesinin sürətlənməsinə böyük töhfə verəcək”.

"Ölkədə həyata keçirilən siyasətə partiya olaraq töhfəmizi verməyə çalışırıq”

MDHP-nin ölkədə aparılan islahatlara münasibəti birmənalı müsbətdir. Bu barədə danışan Fərəc Quliyevin sözlərinə görə, MDHP-nin bir mövqeyi var: "Biz mütəmadi olaraq islahatlar tərəfdarı kimi çıxış eləmişik və düşünürük ki, təşəbbüskarlıq və iştirakçılıq vacibdir. Bu iki komponent olarsa, müxalifət və iqtidar arasında daha ciddi şəkildə birgə davranış modelini tapmaq mümkün olur. Bununla bağlı müəyyən təkliflərimizin sandıq ədəbiyyatı olması doğru deyil. Həyatın bütün sahəsinə aid olan təkliflərimizi mütəmadi olaraq ictimailəşdirmişik. Parlament fəaliyyətimdə 2015-2019-cu illərdə 177 təkliflə çıxış eləmişəm. Bundan sonra da təbii ki təkliflərimiz ilə çıxış edəcəyik, onların əksəriyyəti nəzərə alınıb. Ən prisinpial məsələlərdə bizim mövqeyimiz ortadadır”.

Fərəc Quliyev bu gün də bəzi məsələlərlə bağlı rəhbəri olduğu partiyanın təkliflərinin olduğunu dedi. Bunlardan biri Azərbaycanda gələcəkdə proporsional seçki sisteminin olmasıdır: "Burda siyasi partiyaların gücləri də açıq şəkildə ortada olar. Bəziləri indi özünü "ana müxalifət” adlandırır və virtual həyatda qəhrəmanlıq edir, saxta profillər ilə sosial şəbəkələrdə, özləri demişkən, bir bum yaradırlar. Amma real həyatda gücləri yoxdur. Proporsional seçki sistemində kimin kim olduğu ortaya çıxar, cəmiyyətin hansı düşüncəni dəstəkləməsi də aydın olar.

Başqa təklifimiz iri şəhərlərdə mer seçkisinin keçirilməsidir. Digər təklifimiz yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin azaldılması hesabına bələdiyyələrin səlahiyyətlərinin artırılmasıdır. Bu da siyasi iştirakçılıqda vacib olar”.

MDHP-nin aparılan islahatlara münasibəti dərhal ictimailəşdirilir. Bu barədə danışan Fərəc Quliyevin sözlərinə görə, MDHP-nin bir mövqeyi var: "Bizim ana prinsipimiz budur ki, iqtidarda, müxalifətdə, bitərəf olmasından asılı olmayaraq, kim milli maraqlardan çıxış edirsə, o davranışın yanındayıq. Bunun üçün heç bir müqaviləyə, çağırışa ehtiyac yoxdur. Kim milli maraqların əleyhinə olan davranış ortaya qoyursa, onun qarşısındayıq. Bu gün ortaya qoyulan siyasət milli maraqlara uyğundursa, niyə müdafiə olunmamalıdır? Bəs nə günə lazımdır siyasətlə məşğul olan təşkilatların mövcudluğu? Bəziləri deyir biz siyasətlə məşğuluq. Partiya yaradırlar, amma seçkilərdə iştirak eləmirlər. Absurddur, bu. Əgər sən siyasətlə məşğulsansa, partiya yaratmısansa, hakimiyyətə gəlməyi düşünürsənsə, seçkidə iştirak eləməlisən. Yoxsa hər dəfə seçki vaxtı çatanda yaxanı kənara çəkməklə tərəfdarlarını və üzvlərini aldadırsan. Seçki vasitəsilə hakimiyyətə gəlmək istəmirsənsə, başqa formada hakimiyyəti qamarlamaq haqqında düşünürsən demək. Bu mənada MDHP siyasətdə fəal şəkildə iştirak edir, proqramlarını təklif edir və kim tərəfindən olursa-olsun, yaxşı fikirlər olanda dəstək verir. O cümlədən də bu gün aparılan islahatları da, milli maraqlara uyğun olan siyasəti də dəstəkləyirik”.

Müxalifətçilik düşmənçilik deyil

Həmsöhbətimiz rəhbəri olduğu MDHP-nin siyasi dialoqda iştirakı barədə danışaraq dedi ki, ümumiyyətlə, partiya olaraq daim islahatlar tərəfdarı kimi çıxış ediblər: "Müxalifətçilik düşmənçilik deyil. Kimin alternativ təklifləri, proqramı varsa, masaya çıxara və müzakirəyə verə bilər. Prinsipcə belə olmalıdır ki, partiya öz platforması, proqramı ilə seçkilərdə özünü cəmiyyətə təqdim edir və qazanırsa, bunu özü həyata keçirir. Yox əgər qazana bilmirsə, iqtidara gələn partiyaya bunu təklif edib həyata keçməsini təmin eləməlidir ki, birbaşa hakimiyyətdə olmasa da, düşüncəsi hakimiyyətə gəlsin. Bu çox normal bir haldır. Bizim partiyamızın prinsipi budur. Biz düşüncəmizin hakimiyyətə gəlməsində maraqlıyıq. Kimin masada oturması mühüm deyil. Dialoqdan imtina eləməyin heç bir məntiqi yoxdur. Dialoq savaşan dövlətlərin belə, sonda masada oturması prosedurudur. Biz də təklif edirik ki, dalaşmaqdan əvvəl danışmaq lazımdır. Əgər sənin bir düşüncən varsa, ortaya qoymalısan. Neqativlər varsa, göstərməlisən, çatışmazlıqların aradan qaldırılması yollarını göstərməlisən, cinayətlər varsa, bilirsənsə, gizlətmə, de bunları, bunlar hamısı danışıqlardan keçir”.

Fərəc Quliyevin sözlərinə görə,
cəmiyyətimizin tamlığını nümayiş etdirməsi üçün də dialoq vacibdir. "Brüsseldə Avropa Parlamenti 10 iyun tarixində Ermənistanın işğalçı siyasətinə qarşı mühüm bir siyasi sənəd qəbul elədi. Burda Avropa parlamentinin Azərbaycan üzrə, Ermənistan üzrə məruzəçiləri və Azərbaycan- Gürcüstan-Ermənistan üzrə parlament əməkdaşlıq komitəsinin nümayəndəsinin sədri Ermənistanı Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi ilə birləşdirən yeni magistral yolun tikintisi ilə bağlı çox ciddi bir bəyanat verdilər. Bəyanatda təkcə bu yola toxunulmur. Məsələnin ciddiliyini Ermənistan mətbuatı və siyasiləri də ortaya qoyur. Bu ilk dəfədir ki, çox açıq şəkildə, fərqli tonda artıq Ermənistana yetər deyilir. Bu sənəddə Dağlıq Qarabağın da, Aran Qarabağın da işğal olunduğu göstərilir. Çağırışlarda problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağı qoyulur və s. Bu sənəd haqqında geniş danışmaq istəmirəm. Söhbət ondan gedir ki, beynəlxalq əhvali-ruhiyyə dəyişilir və bizim düşmən üzərində daha ciddi diplomatik uğurlarımızın əldə olunması imkanları yaranır. Gələcəkdə əgər ermənilər Azərbaycanı dinc yolla tərk eləməsələr, onda hərbi əməliyyatlar üçün bizim əlimizdə əsas yaranır və indidən beynəlxalq ictimai rəyin oturuşması, formalaşması üçün bu çox vacibdir. Azərbaycan cəmiyyətinin bu halda toparlanması və milli iradənin ortaya qoyulmasında vahid mövqenin olmasını göstərmək çox vacibdir. İndi Ermənistanda cəmiyyətin parçalanması, qarşıdurmalar və çəkişmələr var. Ona görə biz bu məsələni nəzərə alaraq ciddi şəkildə masa arxasında bu və digər məsələləri müzakirəyə çıxarmalıyıq və nəticələr əldə etməliyik. Çünki Qarabağla bağlı aparılan siyasətə müxalif düşüncə yoxdur, hər kəs eyni cür düşünür. Ölkə Prezidentinin də açıq, birmənalı şəkildə qoyduğu mövqelər də təbii ki, milli maraqlarımızı uğurla müdafiə edir və bütün hallarda, bütün vasitələrlə buna dəstək verməliyik. Başqa söhbət ola bilməz. Prezident təkcə iqtidar partiyası tərəfindən dəstək almalı deyil. Prezident cəmiyyətin dəstəyini almalıdır. Bu və digər məsələləri nəzərə alaraq ölkədə gələcəkdə də daha arzuolunan mənzərəni yaratmaq üçün dialoq vacibdir”.

Dövlətə qarşı radikallıq edənlər 90-cı illərdə düşmənlə mübarizədən qaçırdılar


MDHP sədri bildirdi ki, ölkə siyasətinin həyata keçirilməsində və uğur qazanılmasında bütün partiyalar iştirak etməlidir: "Siyasi palitrada, ümumiyyətlə, rəngarənglik vacibdir və fikir müxtəlifliyi də təbii ki, vacibdir. Əsil normal, doğru, faydalı fikirlər müzakirələrdən və müqayisələrdən keçir və hətta mübahisələrdən keçir. Məsələn, parlamentdə 177 təklif vermişdim. Onların hamısında sərt tənqidlər olmasına baxmayaraq, rəğbətlə qarşılanıb və əksəriyyəti nəzərə alınıb. Dialoq zamanı da milli taleyüklü məsələlər ortaya qoyulmalıdır, müzakirələr aparılmalıdır. 54 partiya kənarda durub hakimiyyətdə olan siyasi kəsimi müşahidə eləməli deyil, ölkə siyasətinin müəyyənləşməsində, uğur qazanmasında iştirak etməlidirlər”.

Qeyd olundu ki, iştirakçılıqla bağlı olaraq iqtidarın son addımlarında indiyə qədər olmayan yeniliklər də var: "Bu, ölkə Prezidentinin iradəsinə bağlı olan bir məsələdir. Məsələn, Milli Məclisdə Yeni Azərbaycan Partiyasının çoxluq təşkil etməsinə baxmayaraq, müxalifətin spikerin müavini, komitə sədrinin müavini səviyyəsində təmsilçiliyi çox normal haldır. Bu təcrübəni digər aşağı idarəetmə sistemlərində də tətbiq eləmək mümkündür. Ümumiyyətlə, düşünürəm ki, idarəetmədə siyasi düşüncəsinə görə yox, daha çox peşəkarlığına, vətənpərvərliyinə, dövlətinə bağlılığına, bacarığına görə müxtəlif təşkilatlardan üzvlərin müəyyən idarəetmə sistemlərinə cəlb olunması çox normal hal olar. Mən bir dəfə təklif eləmişdim ki, islahat və nəzarət qurumu yaratmaq mümkün olar. Prezidentin rəhbərliyi ilə bu islahata nəzarət qurumu üzvlərinin üçdəbiri parlament partiyalarından, üçdəbiri digər partiyaların nümayəndələrindən, üçdəbiri də Prezidentin təqdimatı ilə nümayəndələrdən ibarət ola bilər. Daim çalışan bir qurum olaraq orda islahatlar və islahatların gedişinə nəzarət ilə bağlı çox ciddi müzakirələr aparıla bilər. Yəni burda məsuliyyəti də hamı bölüşər. Bu, təkcə partiyaların nümayəndələrinə, partiyalara hüquq vermək deyil, həm də məsuliyyət verməkdir ki, birlikdə islahatları irəli aparaq”.

Fərəc Quliyev yenilənən siyasi mühitdə partiyaların təkmilləşməsindən də bəhs etdi. Bildirdi ki, təkmilləşmə kamilləşmədir. Həyatın fəlsəfəsi daim təkmilləşmədən keçir: "Bütün partiyalar da ardıcıl olaraq öz üzərlərində işləməlidirlər, çalışmalıdırlar ki, yenilənsinlər. Çünki artıq dünya dəyişir, iqtisadi sahədə artıq 4-cü sənayeləşmə çağırışı var, süni intellekt iqtisadiyyatda başqa resurslardan önə keçir və s. Dünya sürətlə dəyişir. 80-ci illərin mahiyyətində çıxış eləmək olmaz. Müasir çağırışları anlamayan bəzi partiyalar özünün gündəmdə qalmasını radikal davranışlarla təmin etməyə çalışırlar. Amma bu nə "radikallıqdır”? Bu gün öz dövlətinə qarşı radikallıq edənlər 90-cı illərin mübarizəsində düşmənə qarşı kəskin mübarizədən qaçırdılar, çəkinirdilər. Biz SSRİ-yə qarşı mübarizə aparanda bütün mübarizə formalarından istifadə etmişik. Mən özüm ən radikal davranışları sərgiləyənlərdən biri olmuşam. Yarımleqal "Qisas” təşkilatı yaratmışam, hətta silahlı müqavimət göstərmişik işğalçı imperiya ordusuna. Amma bu gün bizim müstəqil dövlətimiz var, burda sivil mübarizə aparılmalıdır! O dönəmdə radikallıq lazım olanda özünü demokratik göstərərək qorxusundan kənarda gizlənib, bu gün isə özünə radikal deyib, öz dövlətinin üstünə gəlmək qəhrəmanlıqdırmı?

Hər bir təşkilat öz fəaliyyətinə, yanaşmalarına yenidən baxmalıdır. İştirakçılıqda yeni çağırışlara cavab verəcək tövr nümayiş etdirilməlidir. Müxalifətçilik ziddiyyət təşkil etmək, düşmənçilik deyil. Müxalifətçilik problemlərə qarşı müxalif davranmaqdır. O problemləri aradan qaldırmaq, onun yerinə daha yaxşı davranış modelini təklif etməkdən ibarət olmaldır. Mən hesab edirəm ki, artıq cəmiyyət yavaş-yavaş buna da öyrəşir və müxalif partiyalar da təbii ki, öz yanaşmalarında bunu nəzərə almalıdırlar”.

Azərbaycan pandemiya ilə mübarizədə peşəkar davrana bildi


Koronavirus pandemiyasına qarşı ölkəmizdə aparılan mübarizə tədbirlərindən danışan Fərəc Quliyevin sözlərinə görə, dünya yaxşı mənada təəccübləndi ki, Azərbaycan bu mübarizədə peşəkar davrana bildi: "Qısa zaman ərzində qabaqlayıcı tədbirlər görüldü. Ölkə Prezidentinin çağırışları, Operativ Qərargahın fəaliyyəti, həkimlərimizin, polislərimizin fədakarlığı təqdirəlayiqdir. Dövlət tərəfindən işsiz vətəndaşlara, sahibkarlıq subyektlərinə maddi dəstəyin göstərilməsi, vətəndaşlara əməkhaqlarının tam ödənilməsi və sair tədbirlər Azərbaycanın pandemiya dövründə ortaya qoyduğu uğurlu fəaliyyətin göstəriciləridir. Eyni zamanda modul tipli xəstəxanaların yaradılması, xüsusi laboratoriyaların alınıb gətirilməsi, dərman vasitələri ilə təminat, qoruyucu maska fabriklərinin istifadəyə verilməsi göstərdi ki, ilk vacib məsələ vətəndaşların sağlamlığıdır.

Çox təəssüf ki, son vaxtlar vətəndaşların problemlə bağlı məsuliyyətsiz davranışı görünməkdədir. Pandemiyaya qarşı mübarizə tədbirləri təkcə səhiyyə sistemi yolu ilə, inzibati yollarla olmur və aparılan tədbirlərə əhali tərəfindən ciddi şəkildə dəstək verilməlidir və ən azından məsuliyyətsizlik, maneə olmamalıdır”.

Korrupsiyaya görə həbs edilənin adını "siyasi məhbus” kimi beynəlxalq qurumlara göndərirlər


Son dövrlər Azərbaycanda gündəmin əsas mövzularından biri də korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsidir. Fərəc Quliyev dedi ki, mübarizə tədbirlərinin gücləndirilməsi hamının ürəyincədir: "Təəssüf hissi ilə qeyd eləməliyik ki, bəziləri öz vəzifələrindən sui-istifadə edərək oğurluqla, talançılıqla məşğul olublar. Hətta pandemiya dövründə aztəminatlı vətəndaşlara verilən yardımlara, ictimai işlərə cəlb olunan vətədaşların kartlarına göz dikiblər. Bunlar çox üzücüdür. Amma aparılan mübarizə tədbirləri göstərir ki, bu məsələdə heç kimə güzəşt olmayacaq.

Bizim partiyanın bu məsələ ilə də bağlı təklifləri oldu
.
Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə müsadirə olunan əmlak və vəsaitlər haqqında açıqlamalar olmalıdır. Həmin vəsaitlərin büdcəyə daxil olmasını göstərmək də lazımdır. Vətəndaşlar da, beynəlxalq qurumlar da görməlidir ki, oğurlanan nə qədər vəsait geri qaytarılıb. Bu həm də oğurlanaraq xaricə çıxarılan vəsaitlərin geri qaytarılması üçün lazımdır. Bu mənada paralel tədbirlərin də görülməsi vacibdir. Eyni zamanda təkliflərimizdən biri odur ki, ciddi postlara təyinatlar zamanı həmin adamların əmlak bəyannaməsi də göstərilsin.

Çox təəssüf ki, bu məsələdə də özünü radikal adlandıran, bəzi dövlətlərin oyuncağı olanlar fərqli mövqe nümayiş etdirdilər. Onlar korrupsiyaya qarşı mübarizədən danışırlar, amma sonra korrupsiyaya görə həbs edilənin adını "siyasi məhbus” kimi beynəlxalq qurumlara göndərirlər. Bu nə qədər səmimi davranışdır, nə qədər dürüstlükdür, nə qədər doğru siyasətdir?

Ölkə rəhbərliyində kim olursa-olsun, yaxşı işlər görülürsə, o işlərə cəmiyyət, siyasilər tərəfindən pozitiv impuls verilməlidir, təqdir olunmalıdır, alqışlanmalıdır. Bu məsələlərdə biz partiya olaraq mövqeyimizi mütəmadi olaraq bildirmişik. Ölkənin hansı bir sektorunda neqativ hal görmüşüksə, bir-bir göstərmişik və çox məmnunam ki, əksəriyyəti nəzərə alınıb, ölçü götürülüb. İndi də biz neqativ halları görəndə müəyyən dairələrə, strukturlara müraciət edirik, tədbir görülməsini tələb edirik. Bu da hamının əlbir olub görə biləcəyi işdir, ictimai nəzarətdir. Prezidentin də özünün çağırışları oldu ki, bu məsələlərdə ictimai nəzarətin gücləndirilməsi lazımdır. Həm ictimai nəzarət güclü olmalıdır, həm də bu məsələlərdə iştirakçılıq güclü olmalıdır”.

MDHP öz resursları ilə dövlət başçısının yanındadır


Fərəc Quliyevlə Prezident İlham Əliyevin müəllifi olduğu sosial-iqtisadi islahatlar konsepsiyasının yeni keyfiyyət mərhələsinə qədəm qoyması ilə bağlı da söhbətləşdik. O dedi: "Dünyadakı yeni təməl trendlər baxımından əsaslı yeni bir iqtisadiyyat, həyatın, dövlətin yeni təbiəti müəyyənləşib. Artıq qaynaq və paylaşım böhranı, istehsal-istehlak-böyümə düsturunun keçərsizliyi, enerji, su və qida etibarsızlığı, həyatın bütün sahələrində dördüncü ölçüyə keçid məsələsi, sərt gücdən yumşaq gücə transformasiya təməl prinsiplərə çevrilib. Bütün bu təməl parametrlərin içərisində təbii ki, texnologiyadakı yeniliklər, süni zəka, virtual artırılmış reallıq, mobillik mərkəzi mühüm yer tutur. Bizim ölkədə islahatlar və yeni iqtisadi sistemin qurulmasında bunlar nəzərə alınmalıdır. Dünyada yeni şərtlər yaranıb. Xüsusən pandemiyadan sonrakı dönəm üçün yeni yanaşmalar qaçılmazdır.

Azərbaycanda da təbii ki, iqtisadi, ərzaq təhlükəsizliyi və başqa sahələrdə olan təhlükəsizliklə bağlı yeni sistem tələb edilir. Bütün dünyada təhlükəsizliyin yeni ekosistemi-iqtisadi sistemi yaranacaq və biz buna uyğun davranış nümayiş etdirməliyik. Bizi təhdid edənlərə qarşı iqtisadi gücümüzü qoymaq, daxili gücümüzü toparlamaq, xarici siyasətimizə yenidən baxmaq, hərbi siyasətimizə baxmaq, içəridə daxili siyasətimizdə parçalanmadan bütövləşməyə keçid prinsipini əsas götürmək vacibdir. Bunu mən niyə xüsusi qeyd edirəm? Ölkə Prezidenti sosial-iqtisadi sahədə apardığı islahatlarda bütün bu amilləri nəzərə alır. Çünki Azərbaycan maraqlar dairəsində olan bir ölkədir. Azərbaycan dünyada orta miqyaslı "middle power” ölkə sayılır. Belə ölkələr aparıcı ölkələr olmasa da, artıq inkişaf eləmiş ölkələr sırasına keçməyə hazırlaşanda, onlara münasibətdə həssaslıq yaranır. Ona görə bir çox sahələrdə islahatların aparılması təbii ki, vacibdir, amma bu ehtiyatlı davranış tələb edir. Azərbaycan ərazisinin kiçik olmasına baxmayaraq, artıq apardığı doğru siyasət ilə bəşəriyyətə sülh, davamlı inkişaf bəxş edən və bu dəyərləri təbliğ edən ölkə kimi tanınır. Bu imici də qaydaya salmaq, həm də ölkəmizin əhalisinin rifahını təmin eləmək üçün Azərbaycan siyasətinin mərkəzində həmişə insan amili olub. Bu gün də insan amili qabardılır və sosial-iqtsadi sahədə aparılan islahatlar insan amilini nəzərdə tutur.

Həm də nəzərə alınır ki, Azərbaycan neft ölkəsidir. Neft gəlir olduğu qədər də riskdir. Neftin qiyməti bizdən asılı olmayan səbəblərdən siyasi aspektdən dəyişkən olur, bazarda tələb və təklifdən daha çox siyasi münasibətlərə görə dəyişir. Ona görə ölkəmizdə daha çox qeyri-neft sektorunun formalaşması, inkişafı üçün müəyyən tədbirlər görülməlidir. Əhalinin aztəminatlı hissəsinin gələcəkdə qeyri-neft sektoru hesabına işlə təminatı, rifahının yüksəldilməsi bu paket içərisində nəzərdə tutulur. Sosial-iqtisadi paketin bu gün və perspektivdə təsirlərini nəzərə almaqla həyata keçirilməsi təqdirəlayiqdir”.

Belə bir dönəmdə Prezident İlham Əliyevə uğurlar arzu edən Fərəc Quliyev dedi ki, Milli Dirçəliş Hərəkatı Partiyası öz resursları ilə dövlət başçısının yanındadır.


Söhbəti yazdı:

Rəşad CƏFƏRLİ/"Azərbaycan” qəzeti

Bu xəbər oxucular tərəfindən 1231 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed