Şrift:
Gömrük orqanlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir
25.06.2020 [14:38] - Xəbərlər, Hüquq
Azərbaycan Prezidenti tərəfindən uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində dövlət idarəçiliyinin bütün sahələrində şəffaflığın təmin olunması sahəsində kompleks, sistemli və ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə öz qanunazidd şəxsi maraqlarını güdməklə dövlət məmurunun peşəkar davranış qaydalarına və yüksək etik normalara riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb olunması istiqamətində prokurorluq orqanları tərəfindən silsilə tədbirlər davam etdirilməkdədir.

Baş Prokurorluğunun və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin daxil olan birgə məlumatında bildirilir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş müraciət Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan “Gate Est Group” MMC və “Interlogistics” MMC-nin səlahiyyətli nümayəndəsindən MMC-lərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dolları olmaqla ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu iyunun 23-də alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı cinayət işi başlanılaraq Ceyhun Babayevə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulmuş ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə həmin qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 870 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed