Şrift:
Urmuda ermənilərin törətdiyi soyqırımları təsdiq edən arxeoloji qazıntılarda üzə çıxdı
24.10.2012 [16:22] - Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
Güney Azərbaycanın Urmu şəhərində 15 Xordad Orta Məktəbinin həyətində 1918-ci ildə erməni, aysor və kürdlərdən ibarət hərbi dəstələr tərəfindən Azərbaycan Türklərinə qarşı aparılan soyqırımları təsdiq edən arxeoloji qazıntılar üzə çıxmışdır. Tarixdə “Cilovluq soyqırımı” kimi tanınan bu faciəni təsdiq edən çoxsaylı tarixi faktlar yazılsa da, ilk dəfə olaraq arxeoloji qazıntılar zamanı bütün bunlar bir daha təsdiq olunmuşdur. Bundan əlavə Urmudakı “Qarasandıq” məzarlığı ilə tanınan ərazidə də soyqırımı təsdiq edən toplu məzarlıqlar yerli arxeoloqlar tərəfindən aşkar olunmuşdur.


Yasaq edilmiş soyqırımın gizlinləri

1925-ci ildə sonuncu türk hökmdarı Əhməd Şah Qacar devrildikdən sonra, hakimiyyətə gətirilmiş fars mənşəli Rza Pəhləvinin əmrilə Güney Azərbaycanda 1914-1919-cu illərdə İngiltərə, Fransa və Rusiyanın maliyyə, silah və digər yardımları ilə erməni, aysor və kürdlərdən ibarət xüsusi təlim görmüş silahlı dəstələrin törətdikləri soyqırımların adını çəkmək yasaq edilmişdi. Tarixi qaynaqlarda qeyd olunduğu kimi Güney Azərbaycanın Urmu, Sulduz, Xoy, Qoşaçay, Səlmas, Makı, Marağa, Mərənd və digər şəhərlərində törədilən soyqırımların nəticəsində 200 min nəfərdən çox Azərbaycan Türkü qətliam olunmuşlar. Bu qanlı soyqırımın adını çəkmək Məhəmmədrza Pəhləvinin hakimiyyəti dönəmində nəinki yasaqlanmış, hətta bu yöndə xüsusi cinayət məsuliyyəti qanunu da mövcud idi. Bunun əsas səbəbi fars şovinist siyasətinin dövlətin ideoloji ehkamları ilə yanaşı həm də İranın güneyindəki iri neft və qaz yataqlarının istismarı məsələsində geniş səlahiyyətlərə malik olmaq istəyən İngiltərənin “BP”, ABŞ-ın “Standard OİL”, Fransanın “Total” şirkətlərinin də müsətsna xidmətləri olmuşdur. Çünki, I Dünya Savaşında Osmanlı və Qacarlar xanədanlığının dağlması prosesində iri neft yataqlarını ələ keçirmək üçün Qərb dövlətlərinə məxsus iri şirkətlər xalqları, hətta eyni soya malik olan tayfaları belə üz-üzə qoyaqaq qanlı münaqişlər yaratmaqla bu yöndə istənilən siyasəti yürütmüşlər. İranı tamamilə çökdürmək və Qacarlar xanədənlığını devirmək üçün ən əlverişli məqam isə Urmu vilayəti boyunca soyqırım siyasətinin aparılmasına üz tutulmuşdu. Zəifləmiş Qacarlar xanədənlığını çökdürmək üçün Qərb dövlətləri hələ 19-cu yüzillikdə Urmu vilayəti boyunca erməni, kürd və ayosrlar üçün missioner məktəbləri açmışdılar. I Dünya Savaşı dönəmində bu toplumlardan silahlı dəstələr yaradılaraq qəddarcasına Azərbaycan Türkləri soyqırım olunmuşlar.
Güney Azərbaycandakı soyqırımlar məsələsində 1978-ci il 23 Bəhmən İnqilabından sonra hakimiyyətə gəlmiş klerikal rejim tərəfindən qanunla yasaq olmasa da, inzibati təsir vasitəsi kimi bu yöndə fəaliyyət göstərənlərə dolayı yolla maneələr törədilmişdir. Dağlıq Qarabağ uğrunda ermənilərin işğalçı siyasətinə qarşı Güney Azərbaycanda milli dirənişlər başlayandan sonra, Tehran rejimi məcbur olaraq, “erməni məsələsi”nə bir qədər loyal münasibət göstərməyə məcbur olmuşdur. Məhz belə bir məqamda görkəmli tədqiqatçı alimlərdən Səməd Sərdarniyanın “Arazın hər iki tayında müsəlmanların soyqırımı”, Tohid Məlikzadə Dilməqaninin “Güney Azərbaycan I Dünya Savaşı illərində soyqırım”, Rza Taləbinin “Güney Azərbaycanda erməni, kürd və aysorların soyqırım cinayətləri” və digər kitablar nəşr olundu.

Toplu məzarlıqların izi ilə

Bu gün Güney Azərbaycanın Urmu vilayəti boyunca toplu məzarlıqlara daha çox rast gəlinməkdədir. Tarixçi və arxeoloq alimlər də sübut edirlər ki, bu məzarlıqlarda gömülən insan cəsədlərinin sayı 10, 50 və 100 nəfərlikdir. Həmin məzarlıqda insan cəsədlərinin üzərindəki toz qatı, eləcə də sümüklərin üzərində aparılan ekspertiza da sübut edir ki, onlar xüsusi qəddarlıqla öldürülmüşlər. Hətta bəzi toplu məzarlıqdakı insan cəsədlərinin yandırılması faktları da mövcuddur.
Bir ay öncə Urmu şəhərində 15 Xordad Məktəbinin köhnəlmiş binasını sökərək onun yerində yeni bina tikməyi planlaşdıran vilayət rəhbərliyi və burada çalışan işçilər qazıntı işləri aparılarkən dəhşətə gəlmişlər. Belə ki, kiçik bir ərazidə 100-dən çox insan cəsədi üst-üstə qalaqlanmış vəziyyətdə idi. Bu cinayət faktının nə zaman və kimlər tərəfindən törədildiyini dəqiqləşdirmək üçün arxeoloqlar və kriminalistlər dəvət olunmuşlar. Onlar bu qanlı cinayətin 94 il öncə törədildiyini təsdiq etmişlər. Beləliklə yerli əhalinin yaşlı nəslinin açıqlamaları, erməni, kürd və assurların birlikdə törətdikləri soyqırımlar haqqında arxiv mənbələri əsasında yazılan tarixi əsərlərin bir-birini tamamlaması, eləcə də cəsədlərin üzərində mövcud olan işgəncə faktları bir araya gətirilmişdir. Hal-hazırda 15 Xordad Məktəbinin ərazisinin tarixi əhəmiyyəti olan qoruq məkanı kimi saxlanılması və ya həmin toplu məzarlığın köçürülməsi üzərində vilayət ziyalıları və yerli hakimiyyət arasında mübahisələr yaranmışdır. Ziyalılar bildirirlər ki, bu ağır faciəli tarixi həqiqəti gizlətmək olmaz. Bu, Güney Azərbaycanda beynəlaxalq imperializmin siyasi və strateji maraqları əsasında baş vermiş soyqırımdır. Erməni, kürd və aysorlar həmin siyasi iradənin iştirakçısı rolunda çıxış etmişlər. Çünki, Urmu vilayətinin tarixi ərazisinə elə bu gün də genişmiqyaslı iddialar ortaya qoyulmaqdadır. Heç də təsadüfi deyil ki, Londonda kürdlər təərfindən açılan “Urmu TV” kanalı bu soyqırımlara haqq qazandıran verilişlər yayınlamaqdadır. Guya həmin soyqırımlar kürdlərin milli azadlıq hərəkatının tərkib hissəsi olmuşdur.
Vilayət rəhbərliyi, xüsusilə də mədəniyyət idarəsi Tehran rejimi və bölgə əhalisinin iradəsi arasında qalmışlar. Belə ki, bu toplu məzarlıq haqqında dərhal internet şəbəkəsi ilə sosial paylaşmada çoxlu sayda şəkillər və məlumatlar bütün dünyaya yayılmışdır. Elə Güney Azərbaycanın özündə də bu fakt indiki həssas məqamda qəzəblə qarşılanmışdır. Yerli mütəxəssislərin əlində olan digər faktlara görə Urmu vilayətində “Cilov soyqırımı” adını almış bu tarixi həqiqətin izləri digər bölgələrdə də yetərincədir. 15 Xordad Məktəbinin düz yaxınlığındakı Qarasandıq qəbristanlığının ətrafında bir neçə belə toplu məzarlıq mövcuddur. Arxeoloqlar və yerli ziyalılar həmin toplu məzarlıqlarda araşdırma aparılması təklifini irəli sürmüşlər. Arxeoloji tədqiqatların aparılması istiqamətində bütün maliyyə xərclərini vilayət hökumətinin büdcəsindən ödənilməsi də bu tələblərə daxildir. Vilayətdəki mədəni miras idarəsinin nümayəndəsi Rza Heydəri bildirmişdir ki: “Burada gömülən insanların çoxu vəhşicəsinə yandırılmışlar. Qazıntılar 4 metr dərinlikdə yerləşir. Biz cəsədləri tibbi cəhətdən də incələdikdə dəhşətə gəldik. Məzarlıq demək olar ki, başdan-başa küllükdən ibarətdir. Ekspertlərimiz çalışmalarını davam etdirirlər. Ermənilər tərəfindən törədilən bu faciənin izlərini bütün dünyaya göstərmək lazımdır”.
Mühəndis Fəri: “Toplu məzarlıqlar Qərbi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır”
Urmu vilayəti mədəni irsin qorunması idarəsinin nümayəndəsi Mühəndis Fərinin rəhbərliyi altında xüsusi qrup toplu məzarlıda araşdırmalarını davam etdirirlər. Bu barədə Mühəndis Fəri belə bir açıqlama vermişdir: “Qazıntının həcmi bir metrdən dörd metrə qədərdir. İşimiz çox çətindir. Yandırılmış insan cəsədlərini bir-bir ayırmaq bizim üçün problemlər yaradır. Bununla yanaşı “Qarasandıq” qəbristanlığında tədiqatlarımızı davam etdirəcəyik”.
Urmu şəhərində erməni, kürd və aysorların birlikdə törətdikləri soyqırımın tarixi izlərinin digər bölgələrdə olması faktlarını ortaya qoymaq üçün yerli ziyalılar da fəallaşmışlar. Belə ki, tarixi mənbələr, yaşlı insanların xatirələri əsasında “Güney Azərbaycanda soyqırımlar” haqqında xeyli məqalələr, araşdırmalar və reportajlar dərc olunmağa başlamışdır. Prosesin belə bir yöndə davam etməsi Tehranda narazılıqla qarşılanıb. Hələlik yerli əhalinin ciddi təpkiləri əsasında klerikal rejim susmağa üstünlük verir. Urmudakı Kazım Xan Daşı, Qırxlar Qalası, Göyərçin Qalası, Köhnə şəhər, Əsgərabad və digər ərazilərdə Azərbaycan Türklərinə qarşı 1915-1919-cu illərdə aparılmış soyqırımların izləri ciddi şəkildə araşdırılmaqda və bu yöndə elmi məqalələr dərc edilməkdədir. Bu yöndə aparılan tədqiqatların hamısı Güney Azərbaycanın gələcək strateji taleyində müstəsna xidməti olacaqdır. Belə ki, son illər çox təəssüflər olsun ki, Avropanın bir sıra ölkələrində Urmunun qədim kürd toraqları olması və buranın Elxanlılar hakimiyyəti dönəmində türkləşdirilməsi iddia olunur. İsveçdəki “Kürd Strateji Araşdırmalar İnstitutu” tərəfindən hazırlanmış bu uydurma tədqiqatlar bütün dünyaya yayılmışdır və həmin saxta elmi araşdırmalar elmi həqiqət kimi beynəlxalq səviyyədə tanıdılmışdır. 1915-1919-cu illərdə Güney Azərbaycanda türklərə qarşı aparılan soyqırımların da guya kürd, erməni və aysor toplumlarının öz tarixi ərazilərini azad etmək üçün apardıqları milli azadlıq hərəkatı kimi təqdim olunmuşdur. Halbuki, Urmu vilayətinin Həsənlu Təpə kurqanında hələ 1960-cı illərdə məşhur amerikalı arxeoloqlar Hilen Kantur və Pinaz Delokas tərəfindən aparılan qazıntılar zamanı burada aşkar olunan maddi mədəni abidələrin yaşının 7 min il zamanı əhatə etməsi və həmin mədəni irsin türklərə məxsus olması elə bu iki alim tərəfindən təsdiqlənmişdi. Həmin dönəmdə Məhəmmədrza Pəhləvi şah dünyanı sarsıdan bu abidələrin izini itirmək üçün çoxlu cəhdlər göstərdi. Çünki, Pəhləvi rejimi “İranda ariya, yəni fars mədəniyyətindən savayı tarixi və mədəni abidə ola bilməz” iddiasını sərgiləyirdi.
Urmu şəhərində toplu məzarlığın izi ilə aparılan ən son tədqiqatlarda aydın olmuşdur ki, yandırılan insanların arasında qız və qadınlarla yanaşı, çoxlu uşaq cəsədləri də vardır. Tarixdə o da məlumdur ki, Andranik Ozanyan, Aram Manukyan, İsmail Simitko (kürddür) və digər terrorçu silahlı birliklər 80 min nəfərlik peşəkar silahlı ordu ilə birlikdə 7 topçu alayından, 29 süvari və 5 zirehli alaydan ibarət hərbi qüvvənin sayəsində Güney Azərbaycanın Urmu vilayəti boyunca soyqırımlar törətmişlər. Bu hərbi birliklərin komandanlığında Rusiyanın 800, Fransanın isə 76 nəfərlik hərbi mütəxəssisləri təmsil olunmuşlar. Urmudakı toplu məzarlığının araşdırlması ermənilərin öz himayədarları ilə birlikdə Azərbaycan türklərinə qarşı aparılan soyqırım siyasətinin və vəhşiliklərinin bir daha təsdiq edir. Bu yöndə fikrimzicə yeni elmi tədqiqatıları ortaya qoymaqla Güney Azərbaycan, Azərbaycan Respublikasında və Türkiyədə ümumi səylərin birləşdirilməsi üçün ən əlverişvili bir fakta çevrilməlidir. Çünki, yaxın gələcəkdə baş verə biləcək təhlükələrin qarşısınını alınmasında bunun strateji əhəmiyyəti tarixi zərurətin tərkib hissəsi olacaqdır.
Ənvər Börüsoy
Bu xəbər oxucular tərəfindən 1557 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed