Şrift:
Tahir Seyidov: “Azərbaycan dövlətçiliyinə qarşı olan bütün təşkilatların qarşısındayıq”- MÜSAHİBƏ
24.10.2012 [17:08] - Siyasət, Müsahibə
“Xaricin tapşırıq və tövsiyələri ilə hərəkət edən təşkilatlar kifayət qədər çoxalıb”

“Azərbaycan cəmiyyətində kənar qüvvələrin, xarici dairələrin istədiyi müxalifət modeli anlayışı var”


Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini Tahir Seyidovun “OLAYLAR”-a müsahibəsi

-Tahir bəy, prezident seçkiləri ərəfəsində Milli Dirçəliş Hərəkatı Partiyasının hansısa blok və birliklərdə təmsil olunması mümkündürmü?

-Bu barədə partiyanın sədri Fərəc Quliyev də öz mövqeyini bildirib. Milli Dirçəliş Hərəkatı Partiyasının hansısa blok və birliklərdə təmsil olunmaq niyyəti yoxdur.

-Deməli prezident seçkilərinə müstəqil şəkildə getməyi nəzərdə tutursunuz?

-Biz prezident seçkilərinə müstəqil şəkildə getməyi düşünürük. Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycanın müstəqilliyi və dövlətçiliyinə xələl gətirmədən, ölkədə insan haqları, demokratiya və qanunçuluq anlayışlarnın önə keçməsini vacib sayır və bu bizim ümumi prinsiplərimizdir. Biz ümumi halda düşüncəmizin hakim olması istiqamətində iş aparırıq. Digər bir məsələ Qərbin, xarici dairələrin qrantları ilə addımlamaqdan daha çox millətə istinad edən və millətin istəyinə uyğun, müasir metod tətbiq etmək düşüncəsidir. Bu çox önəmlidir və həmin istiqamətdə də iş aparırıq.

-Prezident seçkiləri ilə bağlı partiyanın hansısa rəsmi qərarı olacaqmı?

-Əlbəttə, bu nəzərdə tutulur. Yəqin ki, qurultay səviyyəsində biz həmin qərarı qəbul medəcəyik. Və ya Yetgili Qrumun toplantısı olacaq və orada məlum qərar veriləcək. Böyük ehtimalla, partiyanın qurultayı keçiriləcək.

-Nizamnaməyə əsasən qurultay keçirilməlidir?

-Nizamnaməyə əsasən Ali Məclisin də belə bir səlahiyyəti var. Yəqin ki, 2013-cü ildə partiyanın qurultayını keçirəcəyik.

-Milli Dirçəliş Hərəkatı Partiyasının hansısa namizədə güzəştə getməsi mümkündürmü?

- Bu mümkünsüz bir şeydir. Ancaq yarana biləcək siyasi situasiya, respublika, dövlətçilik məsələləri önə gələcəksə, bunlar üçün bir təhlükə yaranacaqsa güzəşt anlayışı da mümkün ola bilər. Məlumdur ki, 2013-cü ilin prezident seçkiləri daha ciddi, qeyri-müəyyən hadisələri bol olan bir seçki olacaq. O baxımdan millətə və dövlətçiliyə xələl gətirən hər hansı bir şeydə güzəşt etmə mümkünlüyü var. Ancaq indidən bu barədə nəsə demək yaxşı olmazdı. Ancaq bütün halda dövlətçilik naminə qrup, təşkilat mənafeyindən vaz keçmək mümkündür. Bizim amalımız, yolumuz da bu istiqamətdir.

-Hazırda Milli Dirçəliş Hərəkatı Partiyasının neçə rayonda yerli təşkilatı fəaliyyət göstərir?

-Milli Dirçəliş Hərəkatı Partiyasının yerli rayon təşkilatlarının yaradılması, onların təşkilatlanması prosesi gedir.

-Sizinlə eyni mövqeləri paylaşan, bir strategiyadan çıxış edən partiyalarla ikitərəfli və ya çoxtərəfli əməkdaşlıq etməyi düşünürsünüzmü?

-Milli Dirçəliş Hərəkatı Partiyası olaraq heç bir siyasi qüvvə, təşkilatla düşmənçilik mövqeyindən çıxış etmirik. Ancaq Azərbaycan dövlətçiliyinə qarşı olan bütün təşkilatların qarşısındayıq. Eyni zamanda müəyyən məsələlərdə bir sıra partiya və təşkilatlarla müəyyən sazişlər, işbirliyi mümkündür. Eyni yolun, düşüncənin, əqidənin arxasınca getdiyimiz üçün müxtəlif təşkilatlarla əməkdaşlıq edə bilərik. Bir sözlə Milli Dirçəliş Hərəkatı Partiyası bloklara qoşulmamaq şərtilə milli mənafelərin müdafiəsi istiqamətində bütün addımları dəstəkləyirik, bir yerdə olmağa hazırıq. Əslində Azərbaycanda fəaliyyət göstərən bütün təşkilatların birinci vəzifəsi də o olmalıdır. Dövlətçilik və milli mənafe naminə bir yerdə addımlamaq lazımdır.

-Sizcə dövlətçilik əleyhinə olan təşkilatların belə bir fəaliyyətində xarici dairələrin təsir imkanları varmı?

-Son 15-18 il ərzində, daha dəqiq desək mərhum Əbülfəz Elçibəydən sonrakı dönəmdə xaricin tapşırıq və tövsiyələrinə qulaq asıb hərəkət edən təşkilatlarımız kifayət qədər çoxalıb. Ancaq onlar nə etsələr də gündəmdə bir şeyi dəyişə bilmirlər. Hesab edirəm ki, həmin xarici dairələr Azərbaycanda milli qrupların, təşkilatların formalaşmasını istəmirlər. Həmin təşkilatlar xaricdən maliyyə yardımı almaqla Azərbaycan iqtidarını sıxmaq üçün qruplar halına salınır. Qrant şəkildə verilən vəsaitlər həmin təşkilatlar vasitəsilə Azərbaycan iqtidarını müəyyən istiqamətə yönəltmək məqsədi daşıyır. Onların başqa bir yolu da yoxdur. Ona görə də düşünürəm ki, Azərbaycan xalqına milli anlayışda yaxın olan təşkilatlarla əməkdaşlıq etmək mümkündür. Biz Azərbaycanın milli mənafeyi, dövlətçilik mənafeyini mütləq şəkildə qorumağa hazırıq və başlıca işimiz bundan ibarətdir.

-Hazırda müxalifət düşərgəsinin vəziyyətini necə qiymətləndirirsiniz?

-Azərbaycan cəmiyyətində kənar qüvvələrin, xarici dairələrin istədiyi müxalifət modeli anlayışı var. Onların böyük əksəriyyəti yalnız kürsü əldə etmək, hakimiyyətə gəlmək anlayışından başqa bir düşüncə ortaya qoya bilməyiblər. Həmin insanların böyük əksəriyyətinin Elçibəy hakimiyyətinin dağılmasında ciddi mənada rolu olduqlarını düşünürəm. O zaman zəruri olan bir çox qərarların qəbul edilməməsi, müəyyən addımların atılmaması Azərbaycanda milli yönümü bir qədər kənara itələyib. Hesab edirəm ki, bu doğru bir şey deyil. Xarici dairələrin maliyyə dəstəyi ilə atılan addımlar tamamilə yalnışdır. Bunlar Azərbaycana bir şey gətirmir.



Süleyman "Olaylar" qəzeti.
Bu xəbər oxucular tərəfindən 1800 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed