Şrift:
Virusoloq Hendrik Ştreek: ÜST tərkibində fövqəladə əməliyyat qrupları yaradılmalıdır
29.06.2020 [12:00] - Gündəm, Sağlıq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan beynəlxalq qurum kimi koronavirus pandemiyasına qarşı qlobal mübarizədə ön sırada dayanır. Tanınmış virusoloq Hendrik Ştreek ÜST tərkibində xüsusi fövqəladə əməliyyat qruplarının yaradılmasının vacib olduğunu bildirib.

Mütəxəssis bu fikrini bəşəriyyətin gələcəkdə yeni pandemiyalara daha yaxşı hazırlıqlı ola bilməsi ilə əlaqələndirib. O qeyd edib ki, yeni növ koronavirus kimi viruslara milli səviyyədə mübarizə yetərli sayıla bilməz, ona görə də ÜST tərkibində yaradılan peşəkar operativ qruplar gələcəkdə dünyanın müxtəlif regionlarında infeksiya ocaqlarında səmərəli fəaliyyəti təşkil edə bilərlər.

Virusoloq yoluxmanın ikinci dalğası ilə bağlı məsələyə də aydınlıq gətirərək bildirib ki, koronavirus pandemiyasında ikinci və ya üçüncü dalğa gözləməyə gərək qalmayacaq. Belə ki, yoluxmanın tempi “daimi dalğalar” formasında olacaq və müxtəlif ölkələrdə yoluxmanın səviyyəsi müxtəlif dövrlərdə səngiyəcək və ya artacaq. H.Ştreekin sözlərinə görə, virusa qarşı peyvənd və effektiv dərmanlar hazır olanadək dalğavari yoluxma halları baş verəcək.

Virusoloq beynəlxalq ictimaiyyəti gələcəkdə baş verəcək pandemiyalara da hazırlıqlı olmağa çalışıb. O nəzərə çatdırıb ki, koronavirus qədər sürətlə yayıla bilən və daha yüksək təsir gücünə malik pandemiyalar baş verə bilər. İndiyədək elmə məlum olan hansısa virus dəyişikliyə uğraya və aqressivləşə bilər, məsələn, bir əsr bundan əvvəl İspan qripi pandemiyasında olduğu kimi. Ona görə də hazırkı pandemiyaya qarşı mübarizə ilə paralel şəkildə başqa epidemiyaların sürətlə yayılmasına qarşı mexanizmlər hazırlanmalıdır.
Bu xəbər oxucular tərəfindən 693 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed