Şrift:
Süd, yumurta, balıq və qoz-fındıq ən çox qida allergiyası yaradan səbəblər sayılır
30.06.2020 [15:44] - Gündəm, Sağlıq
Statistik məlumatlara əsasən, dünya əhalisinin 30 faizə qədərində müxtəlif allergik reaksiya və xəstəliklər mövcuddur. Onların arasında bronxial astma, dərman və qida allergiyaları geniş yayılıb. Təəssüf ki, həmin xəstəliklərdən əziyyət çəkənlərin xeyli hissəsi uşaqlardır.

Uşaqlar arasında allergik reaksiyaların ən geniş yayılan növü isə qida allergiyasıdır. Bu, uşaqlarda çox vaxt qusma, qarın ağrısı ilə müşayiət olunur. Allergiya yaradan qidalar isə müxtəlifdir.

Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova deyib: “Ən çox allergiya yaradan qidalara süd, yumurta, balıq və qoz-fındıq aiddir. Uşaqlarda allergiya xəstəliyinin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, asqırmaların artması, burunda və gözdə qaşınmalardır. Xəstəliyin uşaqlara psixoloji təsirləri də var. Allergik xəstəliklərin əksəriyyəti səpgi və qaşınma ilə müşayiət edilir. Bu, uşaqların yuxusunun pozulmasına və nəticədə əsəbiliyin yaranmasına səbəb olur. Məktəbyaşlı uşaqların yaddaşında zəifləmə və qavrama qabiliyyətində geriləmə yaranır”.

Nəzərə almaq lazımdır ki, allergiya erkən aşkar olunduqda onun müalicəsi mümkündür. Vaxtında müalicə edilmədikdə ciddi fəsad və ağırlaşmalara səbəb olur. Çox vaxt qida allergiyası müxtəlif dəri səpgilərinə səbəb olur və onların hər birinin özünəməxsus müalicəsi var. Ev şəraitində həmin vaxt dərini qliserinli sabunla yumaq məsləhətdir. Onun qarşısını almaq üçün allergik səpgiləri digərlərindən fərqləndirmək lazımdır. Ən başlıcası, belə hallarla üzləşdikdə vaxtında həkimə müraciət edilməlidir.
Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed