01.07.2020 [16:55] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Üçüncü yazı.
AXCP yoxsa “Artsax cəbhəsi”?
Onlar Azərbaycan Xalq Cəbhəsi Hərəkatında “abarogen”deyillər. Gəlmədilər.
Rəzalət... Çox böyük bir rəzalət baş verir. Bu rəzaləti Azərbaycan xalq hərəkatının adından qaynaqlanan adlar altında törədilirlər. Bu gün lazım olanda Milli Şura kimi, lazım olanda AXCP kimi özünü təqdim edən qurum artıq açıqca düşmən səngərində Ermənistan rəhbərliyinin müdafiəçisi kimi çıxış edir.
Cəmil Həsənli son video müraciətində Milli Şuranın bütün mahiyyətini ortaya qoydu, ermənilərdən daha çox Ermənistanın baş nazirini və onun ailəsini qoruyan canfəşanlıq etdi.
Mən bu baş verənləri, bundan öncə illərdi AXCP adı altında anti Azərbaycan fəaliyyəti göstərənlərin səbr daşdıran əməllərinə Milli Azadlıq Hərəkatının gerçək fədailərinin artıq mövqe bildirməyinin zəruri olduğun düşünərək Sizlərə və gəncliyə müraciət etmək istəyirəm. Bu adamlar AXCP adı altında illərdi yüzminlərin dişi –dırnağı ilə ərsəyə gətirdiyi dəyərləri məhv edir. Bu yüzminlərin şərəfli bioqrafiyasını öz əməlləri ilə zədələyir, ləkələyir. Bu yüzminlər nə Milli azadlıq hərəkatı dönəmində, nə sonra hakimiyyət uğrunda mübarizə aparmayıb. (Bir illik Elçibəy prezidentliyi dönəmindəki hakimiyyət haqda ayrıca yazım olacaq). Bizim məqsədimiz yalnız düşüncəmizin hakimiyyətə gəlməsi olub. Bu yüzminlər çatışmazlıqlara etirazları, narazılıqları ilə olsa da dövlətinin və dövlətçiliyinin yanında olublar. Amma vətən söz konusu olanda səfərbər əsgər olduqlarını bəyan ediblər. 2016-cı ilin aprel savaşı dönəmi bunun təsdiqidir.
Neftin qiymətinin 14 dollara düşməsini bayram edən indiki AXCP (yurd birliyi), başqa adla Milli Şura ilə bu yüzminlərlə hərəkatçını eyni tutmaq olmaz! Həm AXCP (yurd birliyi) çetesi, həm indiki hakimiyyətdə olan bəzi "ağac içi qurdu” məmurları bilərəkdən bu yüzminləri hakimiyyətə düşmən kimi sırımağa çalışırlar. Yanlışdır! Bu hərəkatçılar siyasətlə məşğul olmasalar belə, onların özləri də, dünyasını dəyişənlərin övladları da haqlı olaraq valideyinlərinin bioqrafiyası ilə qürur hissi keçirirlər. O həssas yerə haqsızca toxunub onları narazı salmaq olmaz. Çetenin süni şəkildə bu qarşıdurmanı (ən azından cəmiyyətin bütövlüyünü pozmaq cəhdini) yaratmaq istəyi sıralarına narazıları cəlb etməkdirsə, bəzi məmurların məqsədi də Prezidentə “çoxlu narazılar var biz onların qarşısındayiq" deyərək özünü qiymətə mindirməkdir. Mənsə təklif edirəm ki, Milli demokratik düşərgə və bu yüzminlərin iradəsini ifadə edənlərlə Prezident, iqtidar milli maraqlar naminə bir yerdə olmalıdırlar, cəbhələşmə olmamalıdır. Bu nəticəyə gətirən müxtəlif reseptlər var və təkmilləşdirilməlidir. Bu bir başqa mövzudur və bu haqda ayrıca yazım olacaq.
Əziz hərəkatçılar! Biz Sizlərlə birlikdə bütün ömrümüzü Milli Azadlıq hərəkatına, Azərbaycanın müstəqilliyinin əldə olunmasına, əldə edilən müstəqilliyin qorunmasına həsr etdik və hec kimdən də sağ ol gözləmədik. Hər cür ağır şərtlərdə meydanlarda, səngərlərdə, məhbəslərdə olduq. Umacağımız heç nə olmadı. Öz timsalımda –müxtəlif dəvətlərə baxmayaraq hec vaxt hakimiyyətdə təmsil olunmadım. (Baxmayaraq ki, bu gün Elçibəyin prezidentliyi dönəmində hakimiyyətdə olanlar bir çox məsələlərdə yaxasını kənara çəkəndə mən hakimiyyətdə olmamağıma və heç bir məsuliyyət daşımamağıma baxmayaraq Elçibəy xatirinə bəzən ifrat müdafiə mövqeyindən danışmaq məcburiyyətində qalıram. Elçibəy sağ olsaydı mən susardım. Çünki Elçibəyin heç kimin müdafiəsinə ehtiyacı olmayıb, yoxdur) Milli məclisdə müstəqillik elan olunandan sonra 50 nəfərlik (25 nəfər demblokdan olmalı idi) tərkibdə olmağıma belə razılıq vermədən səngərləri seçdim, 8 il məhbəs həyatı yaşadım. Mən Azərbayvan Xalq Cəbhəsini (hərəkat) təsis edən 64 nəfərdən biriyəm. Kimin kim olduğunu çox yaxşı bilirəm.
Bugünkü AXCP-nin Azərbayvan Xalq Cəbhəsi hərəkatına heç bir aidiyyatı yoxdur. Bugünkü AXCP Yurd Birliyi adı altında AXC ictimai legitimliyi qazandıqdan sonra hərəkata transfer edilibdi. Bu qurumun liderlərinin fəaliyyətinə baxın. Nə ilə yadda qalıblar?Onlar nə milli azadlıq hərəkatında özlərini riskə atıb, nə səngərlərdə görünüb, nə Elçibəyin ağır zamanlarında yanında olub. Əksinə ona ən çətin zamanlarında satqınlıqları, xəstə olanda əllərindəki media ilə böhtanları ilə yadda qalıblar. Elçibəy dünyasını dəyişdikdən sonra isə təşkilatını bölənlərdən olublar. Azərbayvan Xalq Cəbhəsi hərəkatının partiyaya çevrilməsini təkid edən də bu qurum olub və təşkilatı bundan sonra Ə.Elçibəyin nəzarətindən çıxarıb, buqələmun kimi AXCP adı altında fəaliyyət göstəriblər. Bunlar, necə deyərlər, Xalq Cəbhəsi Hərəkatında “abarogen”deyillər. Gəlmədilər. Eyni ilə Azərbaycanın Qarabağ bölgəsinə gəlib Artsax elan edənlər kimi. Bu məcazi mənada olsa da Cəmil Həsənlinin düşmən dövlətin rəhbərini və ailəsini açıqca müdafiəsindən sonra məcazilik də arxa planda qalır. Üstəlik xatırlatma edim ki, AXCP (Yurd ) bazasında Milli Şura adlı qurum xarici ölkə paytaxtında qurulub, Azərbaycana ixrac olunanda mənzərə aydın idi. Prezident seçkisi vəsiləsi ilə çevriliş edib, hakimiyyəti ələ alıb, iki illik keçici və koalisyon bir hökumət qurulacaqdı o vaxt. Daha sonra isə plana görə, Azərbaycanın keçmiş 1-ci vitse-premyeri Abbas Abbasov prezident seçdiriləcəkdi. Bununla da Azərbaycanda tam Rusiya yönümlü oyuncaq bir hakimiyyət qurulacaqdı. Onun vasitəsi ilə də Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşması nəzərdə tutulurdu.
İndi siz deyin, əziz hərəkatçı dostlar və çox məsələlərdən hali olmayan Gənclik, ölkəmiz içərisində Ermənistan tərəfindən Qarabağ respublikası kimi yaradılan və təqdim edilən separatçı rejimin Azərbaycana, milli iradə və mədəniyyətinə, dövlətçiliyimizə nə qədər aidiyyatı var?
Eyni ilə bu gün hakimiyyətə gəlmək üçün kənar dövlətdə yenilənərək Azərbaycanda ikinci erməni dövləti yaratmağa razılıq verən, Ermənistan baş nazirini və onun ailəsini ermənilərdən daha çox təbliğatı ilə qoruyanların da Azərbaycana, Azərbaycan Xalq Cəbhəsi hərəkatına nə qədər aidiyyatı var? İndiki AXCP də, Azərbaycan Xalq Cəbhəsi hərəkatının müxtəlif resurslarını mənimsəyərərk yaradılmış “Artsax cəbhəsi” deyilmi?
Bu duyğusal yanaşma deyil. Hər təşkilat qayəsi, məramı, məqsədi, fəaliyyəti ilə müəyyən olunur, özünü pasportlaşdırır. Elçibəy dünyasını dəyişənə qədər onu liderimiz, təşkilatını mübarizə ocağımız bildik. Mən məhbəsdə ikən Elçibəy dünyasın dəyişdi və təşkilatını böldülər (bu da ayrıca mövzudur və yazılarımın birində toxunacam). Həbsdən çıxdıqdan bir neçə il sonra qurucu lider olaraq Milli Dirçəliş Hərəkatı partiyasını yaradaraq Azərbaycan Xalq Cəbhəsi Hərəkatının ana prinsiplərini gücümüz yetən qədər həyata keçirməyə davam etdik.
“Artsax cəbhəsi” nə etdi, nə edir? Adını oğurladığı Xalq Cəbhəsi Hərəkatının ana prinsiplərinin hansının uğruna fəaliyyət göstərir?
Azərbaycan Xalq Cəbhəsi Hərəkatının baxışı Bütöv Azərbaycan baxışlar sistemidir. Bütöv Azərbaycançılıq baxışı özünü təkcə ərazi baxımından ehtiva etmir, həm də insanların bir yerdə səadətə qovuşmasını istəyir. Bu sistemi qəbul edən təşkilat və ya fərd nəinki tək-tək Azərbaycan insanlarının ümumiyyətlə Azərbaycanın özündə yaşayan və kənarda yaşayan bütün soydaşlarımızın hüquqlarının təmin olunması üçün ciddi çaba göstərməlidir. Güney Azərbaycanda yaşayan 40 milyon azərbaycanlının hüquqlarını müdafiə eləmək də görəvdir, Borçalıda yaşayan 600 000 insanın hüquqlarına da biganə qalmamaq, diasporda olub Azərbaycandan ayrı düşmüş insanlarımıza sahib çıxmaq da. Bu sistemi qəbul edənlər Qərbi Azərbaycandan qovulmuş insanlarımıza və onların təzminat davasına sahib çıxmalı, Qərbi azərbaycanlıların ordan qovulması və status məsələsi, onların reportasiyası və kompakt yaşaması üçün məsələləri gündəmə gətirməlidir, Dərbəndə yaşayan azərbaycanlılar da diqqətdə saxlanılmalıdır. Rusiyanın onlara münasibətinin yaxşı olmasına səylər göstərilməlidir. Türk etnosunun dövlət qurduğu və ya yaşadığı hər yerdə daha dərin inteqrasiyaya səy göstərmək fəaliyyət istiqamətlərindən biri kimi Elçibəy tərəfindən tövsiyə olunmayıbmı?Əziz hərəkatçılar, dəyərli Azərbaycan gəncliyi, “Artsax cəbhəsi”nin bu davranışları özündə ehtiva edən hansı fəaliyyətini göstərə bilərsiniz? Elçibəy:” mən Tehran və Rusiya cocuqları ilə bir masada oturmaram” deyirdi. Özünü Elçibəy təşkilatının davamçıları kimi göstərən, başqa dövlətlərə cocuqluq etdikləri sübut olunan AXCP (Yurd) bazasında Milli Şura isə bu gün Paşinyan və ailəsini canfəşanlıqla müdafıə edir, Qarabağda ikinci erməni dövləti yaratmaq sövdələşməsi aparırlar. Bir çox həqiqətlərdən kənar tutulmuş dəyərli Azərbaycan gəncliyi, bu çete ilə güvənli gələcəyə getmək olarmı?
Dəyərli hərəkatçı dostlar bu adamlar AXCP adı altında ömrümüzü qoyduğumuz, illərdi ərsəyə gətirdiyimiz dəyərləri məhv edir, yüzminlərin şərəfli bioqrafiyasını öz əməlləri ilə zədələyir, ləkələyir. Buna son verməyin zamanıdır!
İstiqlalçı deputat,
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Fərəc Quliyev
Bu xəbər oxucular tərəfindən 1156 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |