Şrift:
Süngün mis mədəninin zəhərli çirkabı ətraf çaylara axıdılır
07.07.2020 [10:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son həftələrdə Güney Azərbaycanın Vərziqan məntəqəsində fəaliyyət göstərən Süngün mis mədəninin zəhərli çirkab suyunun Ilqına çayına buraxılması nəticəsində çayın rənginin dəyişməsini göstərən videolar yayılıb.





Bu məsələ əhalinin, eləcə də ətraf mühit fəallarının ciddi narahatlığına səbəb olub.

Məlumata əsasən, çayın rəngi Süngün mədəni ətrafında dəyişdiyi üçün ətraf mühit fəalları bunu mədənin fəaliyyəti ilə əlaqələndirir.

Son illərdə mədənin buraxdığı zəhərli sular yeraltı sularını, eləcə də ətraf mühiti təhlükəli maddələrlə çirkləndirərək canlıların məhv olmasına səbəb olub.





Ilqına çayının rəngi bundan öncə də Süngün mədəninin çirkabının axıdılması nəticəsində dəyişmişdi. Neçə il öncəyə qədər bu çayda balıqlar yaşayırdı, lakin mədənin fəaliyyətə başlamasından sonra çaydakı balıqlar kütləvi şəkildə tələf oldu.





Qeyd edək ki, Yaxın Şərqin ən böyük mis mədəni olan Süngündən azərbaycanlıların payına sadəcə bir futzal komandası və ətraf mühitin çirklənməsi düşüb.





Daha öncə Vərziqanın İran parlamentindəki millət vəkili Rza Əlizadə mədənin potensial imkanlarına işarə edərək bildirib ki, “Süngün mis mədənində ildə təxminən 1300 milyard tümən dəyərində konsentrə satılır. Lakin bizə verilən hesabatda bu məbləğ hər zaman olduğundan az göstərilib.”





Süngün mis mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır. Bu şəkildə mədənin gəliri yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. İşsizlik və yoxsulluqdan əziyyət çəkən yerli əhali isə iş tapmaq üçün başqa yerlərə köçməyə məcbur olur.
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed