Şrift:
Türk dünyasını birləşdirəcək layihə
29.10.2012 [16:38] - Xəbərlər, İqtisadiyyat
Elxan Şahinoğlu

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda keçirilən zirvə toplantısı bölgədə gərgin duruma təsadüf edib: Suriyada vətəndaş müharibəsi, İrana qarşı beynəlxalq sanksiyalar, Azərbaycanla Ermənistan arasında müharibə vəziyyətinin davam etməsi, Pakistanda radikal dinçilərlə mübarizə və s. Buna görə də budəfəki toplantı qurumun gələcək planlarından çox regional vəziyyətin təhlilinə həsr olunmuşdu.

Türkiyənin baş naziri uzun müddət idi ki, İran prezidenti Mahmud Əhmədinejatla bir araya gəlmirdi. Səbəbi bəllidir. Tehran Suriyada Əsəd rejiminə dəstək verməklə, insanların qətliamına haqq qazandırmış olur ki, bu məsələdə da Ankara ilə tərs düşür. Digər tərəfdən gələn xəbərlərə görə, İrandakı dairələr necə illik fasilədən sonra yenidən PKK-ya dəstək verməyə başlayıblar. Bu iki ciddi səbəbə görə də Ərdoğan Tehranın siyasətindən narazıdır.

Buna baxmayaraq, Ərdoğanla Əhmədinejat Bakıda görüşərək, 40 dəqiqə ərzində müzakirə apardılar. Əlbəttə, bu o demək deyil ki, bu müzakirə Türkiyə-İran münasibətlərindənki sualların sayını azaldacaq. Hər halda Ərdoğan İran prezidentini bir daha anladıb ki, Tehranın Suriya siyasəti dəyişməsə Türkiyə ilə münasibətlərin normallaşmasına ümid etməyə bilər.
İran prezidentinin tək Türkiyə ilə deyil, Azərbaycanla münasibətlərdə də problemi az deyil. Doğrudur, İranda girov saxlanılan iki şarimiz azad edildikdən sonra münasibətlərdəki gərginlikdə sanki bir fasilə yaranıb, ancaq istənilən an yeni təxribatla üz-üzə qala bilərik. Məsələn, İranın Azərbaycana yeni təyin olunan səfiri əvvəlcə dedi ki, “Səhər” kanalı artıq Azərbaycan əleyhinə siyasi verilişlər yayımlanmayacaq, cəmi iki gün sonra isə iranlı diplomat belə bir açıqlama verdiyini inkar etdi.

İƏT-in toplantısına Özbəkistan və Qazaxıstan prezidentləri qatılmamışdılar. Bunu hardasa anlamaq olar. Bir neçə gün öncə Özbəkistan prezidenti İslam Kərimov Bakıya gəlmişdi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə Ankarada görüşlər keçirmişdi. Hər ikisi əməkdaşlığın inkişafı yollarını müzakirə etmişdilər. İslam Kərimov inşası tamamlanmaqda olan Bakı-Tiflis-Qars dəmiryoluna böyük önəm verdiklərini bildirərək, bu istiqamətlə yük daşımağa maraqlı olduqlarını vurğuladı. Eyni sözləri İqtisadi Əməkdaşlıq Təşkilatı zirvə toplantısında Tacikistan prezidenti İmaməli Rəhmənov dilə gətirdi. O da adı çəkilən dəmiryolu ilə yük daşımaq istədiklərini qeyd etdi.

Göründüyü kimi, Bakı-Tiflis-Qars dəmir yalnız Türkiyə ilə Azərbaycanı Avropa ilə birləşdirəcək layihə deyil, bu bütün türk dünyasına körpü salacaq dəmir yolu xəttidir.
Bu xəbər oxucular tərəfindən 1396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed