Şrift:
Yaponiyada təbii fəlakət nəticəsində həlak olanların sayı 60 nəfərə çatıb
08.07.2020 [09:38] - Xəbərlər, Hadisə
Yaponiyanın cənub-qərbində yerləşən Kyuşü adasında artıq beş gündür ki, davam edən güclü yağışlar və daşqınlar nəticəsində həlak olanların sayı 60 nəfərə çatıb, daha 16 nəfərin itkin düşdüyü bildirilir.

Bu barədə Yaponiya KİV-ləri polis orqanlarına və xilasedicilərə istinadla məlumat yayıb. Bildirilir ki, həlak olanların hamısı leysan yağışlar nəticəsində əmələ gələn torpaq sürüşmələri və daşqınların qurbanlarıdır.

İyulun 7-də fövqəladə hallar üzrə qərargahın iclasında iştirak edən Baş nazir Şinzo Abe bildirib ki, fəlakət regionunda yerli əhaliyə yardım üçün lazım olan bütün tədbirlər görülür. Əraziyə ilkin tələbat malları, ərzaq və digər məhsullar göndərilir. Bununla yanaşı, polis, xilasetmə və özünümüdafiə qüvvələrinin 80 minədək əməkdaşı xilasetmə işlərinə cəlb edilib. Zərərçəkənlərə kömək üçün helikopterlər və digər texnika da ayrılıb.

Leysan yağışların ən çox Kumamoto prefekturasına ziyan vurduğu bildirilir. Keçdiyi ərazi boyunca bir neçə yerdə mənbəyindən çıxan Kuma çayı böyük fəsadlar törədib. Ərazidə qatarların və marşrut avtobusların hərəkəti dayandırılıb. Bir neçə min ev elektrik enerjisiz qalıb. Həlak olanların əksəriyyətinin bu prefekturadan olduğu qeyd edilir.

Hazırda güclü yağışların Yaponiyanın mərkəzi Hönşü adasında yerləşən Qifu və Naqano prefekturalarına çatdığı bildirilir. Yaponiya Meteorologiya Agentliyi həmin prefekturalarda fövqəladə xəbərdarlığı ən yüksək səviyyə qaldırıb. Bildirilir ki, bu ərazilərdə belə güclü yağışlar son bir neçə on ildə müşahidə edilməyib. Həmin ərazilərdə təqribən 60 min nəfərə təcili təxliyə barədə xəbərdarlıq göndərilib.
Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed