Şrift:
İraq Suriyaya uçan İran təyyarələrini yerə endirir
30.10.2012 [09:47] - Gündəm, Güney Azərbaycan xəbərləri
İraq hökuməti Suriyaya silah-sursat daşımaqda şübhəli bilinən İran təyyarəsini Bağdada enməyə vadar etdikdən sonra yoxlayıb.

İraq Aviasiya Şirkətinin rəsmisi Nasir Bəndər oktyabrın 28-də jurnalistlərə açıqlamasında deyib ki, Bağdad aeroportunda enməyə vadar edilən İran təyyarəsinə yoxlandıqdan sonra uçmağa icazə verilib: “Yoxlama zamanı təyyarədə hər hansı silah aşkarlanmayıb və onun Suriyaya qida maddələri və dava-dərman daşıdığı bəlli olub. Məhz buna görə də onun öz yolunu davam etdirməsinə icazə verilib. Biz bir daha bildiririk ki, Suriyaya silah-sursat daşımaqda şübhəli bilinən İran təyyarələrinin yoxlanması bundan sonra da davam etdiriləcək”.

İraqın xarici işlər naziri Huşyar Zibari sentyabrın 30-da jurnalistlərə açıqlamasında ölkə üzərindən Suriyaya uçan İran təyyarələrini endirərək yoxlayacaqlarını bildirib: “İraq hökuməti Amerika rəsmilərinə İran təyyarələrini endirəcəyi, onları yoxlayacağı haqda zəmanət verib. Hökumət bu barədə qəti qərar qəbul edib. Biz Suriyaya silah və pul daşınması üçün İraqdan tranzit yolu kimi istifadə olunmasına qarşıyıq. Biz həmçinin İran hökumətinə müraciət edərək Suriya hökumətini silahlandırmaq məqsədi ilə uçuşlar həyata keçirməsini dayandırmasını istəmişik”.
Bu xəbər oxucular tərəfindən 997 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed