Şrift:
Maliyyə cəhətdən özünü saxlaya bilməyən partiyalar Azərbaycana lazımdırmı - hamının PA-dan pul istəyi...
10.07.2020 [21:49] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Hər adına partiya deyilən quruma da pul vermək olmaz”

Azərbaycan Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin mütəmadi şəkildə yeni qeydiyyatdan keçən və qeydiyyatı olan partiyaların sədrlərilə görüşləri keçirilir. Bu görüşlər müxalif partiyalarla daha çox baş tutur.

Bugünlərdə isə onlayn formatda parlamentdə təmsil olunan partiyaların sədrləri ilə görüş keçirildi. PA rəsmisi ilə görüşdən çıxan partiyaların rəhbərləri mətbuata geniş açıqlama verir. Həmin açıqlamada müzakirə olunan məsələlər barədə məlumatlar nəzərə çatdırılır. Diqqət çəkən vacib məqam budur ki, görüşdən çıxan partiya sədrlərinin əksəriyyəti Ədalət Vəliyevin qarşısında partiyalarının dövlət tərəfindən maliyyəşəməsi məsələsini qaldırdıqlarını deyir.
Maraqlı sual ortaya çıxır: uzun illər fəaliyyət göstərən və hakimiyyətə iddalı olduqlarını gizlətməyən partiyalar özlərini maliyyələşdirə bilmirsə, onların siyasi institut kimi mövcudluğu lazımdırmı?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, elə bir az əvvəl onun PA-da Ədalət Vəliyevlə görüşü olub:“Bir çox məsələlər ətrafında müzakirələr apardıq. Məni daha çox ictimai-siyasi məsələlər və Dağlıq Qarabağ problemi maraqlandırdığı üçün daha çox bu mövzuların üzərində dayandıq. Mən partiyamızın ofislə təmin olunması və rayon şöbələrimizə normal şəraitin yaradılması ilə bağlı məsələ qaldırdım. Bilirsiniz ki, parlament partiyaları dövlət tərəfindən maliyyələşir. Bizim partiya da uzun müddət belə maliyyəşmə sistemindən yararlanıb. Ancaq budəfəki çağırış Milli Məclisdə təmsil olunmadığımız üçün, həmin maliyyələşmədən kənarda qalmışıq. Razıyam ki, partiyalar üzvlərindən topladıqları ianə ilə öz maliyyələşmələrini təmin etməlidirlər. Elə ölkələr var ki, orda partiyalar dövlət tərəfindən maliyyələşdirilir. Bizim üçün də sərfəli olardı ki, partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsinə baxılsın. Ancaq reallıq budur ki, hər adına partiya deyilən quruma da pul vermək olmaz. Çünki elələri var ki, qeydiyyatları olsa da, rayon təşkilatları yoxdur, heç bir siyasi fəaliyyətləri nəzərə çarpmır. Partiyaların ofislə təmin olunması, yerli şöbələrə heç olmasa bir otağın ayrılmasına ciddi ehtiyac var. Bizim bugünkü müzakirəmizdən məlum oldu ki, artıq Bakı Meriyasına partiyaların qurultayının keçirilməsi üçün yerlərin ayrılmasına göstəriş verilib. Mən bütün partiyaların dövlət tərəfindən maliyyələşməsini düşünmürəm. Partiyaların maliyyələşməsi üçün ən ideal variant Azərbaycanda proporsional seçki sisteminin bərpa olunmasıdır. Onda cəmiyyətdə hansı düşüncənin öndə olduğu üzə çıxar. Heç kim də özünü ana müxalifət adlandırmaz. Cəmiyyətin verdiyi səsə uyğun da partiyaların qazandığı mandatın sayına görə maliyyələşməsi həyata keçirilər. Onda heç kim hansısa partiyaya niyə pul verildiyinə etiraz etməz. Heç nə ilə yadda qalmayan, lazımi kriteriyalara uyğun olmayan partiyaların dövlətə yük olması da lazım deyil”.

Hər halda, siyasi təsisatlar yaxşı tərəfdar toplasalar, elə öz üzvlərinin hesabına da maliyyə problemlərini həll edə bilərlər. Lazım olan sayda üzvü olmayan partiya isə siyasi prosesləri kənardan izləsə daha məntiqli olar.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed