Şrift:
İranın İrəvandakı səfirindən Qarabağla bağlı ermənilərə böyük jest
12.07.2020 [11:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Diplomat müsahibə zamanı rəsmi Tehranın Qarabağ münaqişəsi ilə bağlı "balanslı mövqeyinin dəyişmədiyini deyib.


Jurnalist Zühuriyə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin bəzi vaxtlarda ölkəsinin Qarabağın Azərbaycanın ərazisi olmaqla bağlı səsləndirdiyi mövqeyə diqqət çəkib və ondan "İranın rəsmi mövqeyindən fərqlənən bu fikirlər"lə bağlı sual soruşub.


Diplomat verdiyi cavabda İranın Bakıdakı səfirinin mövqeyini "əsassız" və "qeyri-rəsmi" adandırıb:


"Biz hər zaman İran İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimizi sərgiləmişik və bu xüsusda heç bir dəyişiklik olmayıb. Hardasa başqa şəxslər tərəfindən səsləndirilən fikirlər rəsmi mövqe hesab edilmir və İranın balanslı mövqeyi dəyişməz olaraq qalır. Hər hansı bir dəyişikliyi yalnız İran Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edə bilər, hansı ki, bu hal indiyədək baş verməyib", - deyə Abbas Bədəxşiyan Zühuri fikrini tamamlayıb.


Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə İrana məxsus yük maşınlarının işğal altında olan Qarabağa yanacaq daşımasını əks etdirən görüntülər yayılmışdı. Bu məsələ Azərbaycan xalqı və dövlətinin kəskin etirazı ilə qarşılandığından, İranın Bakıda akkreditə edilmiş səfiri Cavad Cahangirzadə görüntülərlə bağlı açıqlama verməyə məcbur olmuşdu.


Videoları "saxta" adlandıran səfir rəsmi Tehranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmişdi.


Ondan əvvəl isə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Bağıri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyini bəyan etmişdi.


İranın İrəvdandakı səfirinin Bakıdakı səfirinin və Hüseyn Bağırinin sözlərini birmənalı olaraq yalanlaması və əsassız adlandırması rəsmi Tehranın Azərbaycana qarşı ikili standartlar tətbiq etdiyini, şəraitdən asılı olaraq ara-sıra ölkəmizdə olan səfiri vasitəsilə qulağa xoş gələn bəyanatlar verdiyi, Ermənistanda isə bunun əksini ifadə etdiyi nəzərə çarpır.


Qeyd etmək lazımdır ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi- Qarabağın işğalı bütün dünya ölkələri və BMT kimi mötəbər beynəlxalq qurumlar tərəfindən tanınır və Ermənistan təcavüzkar ölkə kimi pislənməklə yanaşı, dərhal işğal etdiyi əraziləri tərk etməyə çağırılır.


Amma "özünü müsəlmanların himayəçisi" adlandıran İran rejiminin bu məsələdə "balanslı mövqeyi" onun mövcud işğal faktının davam etməsində maraqlı olduğunu göstərir. Elə Tehranın uzun illərdir Azərbaycan tərəfindən iqtisadi blokadaya salınmış Ermənistan üçün nəfəslik rolunu oynaması da bunun üçündür.
Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed