Şrift:
Siyasi fəal Kave Şirzad tanınmış milli fəalın azadlığa buraxılmasını tələb edib
12.07.2020 [14:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Şahrvandyar İnstitutu”nun üzvü olan Şirzad həmçinin milli fəalın və bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.





“Vətəndaşların ümumi mənafeləri naminə fəaliyyət göstərən insanlar həbs olunmamalı, işgəncəyə məruz qalmamalıdır. Bunlar daha yaxşı bir cəmiyyətin inşası üçün səy göstərən cəmiyyətdəki ən yaxşı insanlardır,” deyə o vurğulayıb.





Şirzad həmçinin qeyd edib ki, bu gün Abbas Lisani kimi insanların yerinə “hakimiyyətdəki dövlət malını mənimsəyənlər, böyük oğrular və cinayətkarlar” həbs edilməlidir.





“Kimsənin fikirləri ilə razılaşıb razılaşmaya bilərik. Bu əhəmiyyət kəsb etmir. Önəmli olan hər kəsin həbs və işgəncə təhlükəsi ilə üzləşmədən sərbəstcə öz fikrini ifadə etmək hüququnun olmasıdır,” deyə Şirzad əlavə edib.







Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb.

Hazırda Ərdəbil zindanının 7-ci korpusunda saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.





Xatırladaq ki, son günlərdə İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri, siyasi fəallar və insan hüquqları təşkilatları Abbas Lisaniyə qarşı çıxarılan hökmə reaksiya göstərərək bu hökmün ləğv edilməsini istəyiblər.

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin sədri Jalə Təbrizi və Türkiyədə fəaliyyət göstərən “Çağdaş Azərbaycan Kültür Dərnəyinin” sədri Camal Məhmətxanoğlu, həmçinin İranda ərəb millətinin hüquqlarını müdafiə edən məşhur fəal və yazıçı Yusif Əzizi Bənitorof və Bəluc Fəallar Kampaniyası təşkilatının sədri Abdulla Arif, eləcə də Türkmənsəhra İnsan Haqları Kampaniyası fəalı Sadıq Rəcəbiyan Təmək və Türkmənsəhra İnsan Hüquqları Müdafiəçiləri Təşkilatının Koordinasiya Şurasının katibi Yusif Kor daha öncə tanınmış fəal barəsində çıxarılan həbs cəzasının təsdiqlənməsini qınayaraq onun qeydsiz-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed