Şrift:
77 bıçaq zərbəsi ilə qətlə yetirilən azərbaycanlı ilə bağlı şok təfərrüatlar
31.10.2012 [14:27] - Hadisə
Qatillər öldürdükləri şəxsin guya sağ olduğunu iddia edərək, onun azadlığa buraxılması müqabilində 150 min avro istəyiblər

Rusiya paytaxtında qətlə yetirilən 22 yaşlı Azərbaycan vətəndaşının cinayət işinin təfərrüatları məlum olub.Bu ilin sentyabrın 5-də Azərbaycan vətəndaşını girov götürən dörd nəfər şəxs onu 77 bıçaq zərbəsi vuraraq qətlə yetiriblər. Qətli törədən şəxslərin adları da açıqlanıb. Onlar polis əməkdaşları Dmitri Kolotovkin, Aleksandr Vlasenko və Artyom Skubakdır. Qətldə polis əməkdaşlarının tanışı, yol müfəttişliyi vəzifəsində staj keçən Andrey Alyoxin də iştirak edib.

Onlar qətli törətdikdən sonra mərhumu Yaroslavl ərazisində basdırıblar. Həmyerlimizin “BMW-350” markalı maşınını qaçıran qatillər öldürdükləri şəxsin qohumlarına onun guya girov götürüldüyünü bildirib və azadlığa buraxılması üçün 150 min avro pul tələb ediblər. Cinayəti törətmiş hər üç polis əməkdaşı saxlanıb, qətldə iştirak etmiş Andrey Alyoxin isə federal axtarışa verilib.

Qeyd edək ki, Moskvada Azərbaycan vətəndaşını qətlə yetirməkdə şübhəli bilinən üç polis əməkdaşı və onların tanışı saxlanıb. “RİA Novosti” yaydığı məlumata görə, sentyabrın 5-dən 6-na keçən gecə beş nəfər gənc adam maşınla Moskvadan şəhərətrafı qəsəbələrdən birinə gediblər. Yolda onların arasında münaqişə baş verib və dörd nəfər maşındakı digər şəxsi qətlə yetirib, sonra onun BMW-350 markalı maşınını qaçırıblar. Qətli törədən şəxslər bu hadisənin üstü açıldıqdan sonra hüquq-mühafizə orqanlarından qovulublar. Bundan başqa Moskva şəhər polis idarəsinin rəisi Anatoli Yakunin saxlanan şəxslərin işlədiyi şöbənin bütün rəhbərliyinin işdən çıxarılması barədə sərəncam imzalayıb, Şimal Qərb Dairəsi daxili işlər idarəsinin rəisinin inzibati məsuliyyətə cəlb olunması haqqında DİN rəhbərliyi qarşısında məsələ qaldırıb. Məlumatda yeni şöbə rəisinin başqa dairədən gətiriləcəyi, həmin polis şöbəsinin ciddi nəzarətə götürüləcəyi bildirilir.

Güc strukturlarındakı mənbə “RİA Novosti”yə bildirib ki, sentyabrda paytaxtın şimal-qərbində, Parşin küçəsində yaşıl rəngli BMW markalı maşının və sahibinin yoxa çıxması barədə məlumat daxil olub. Operativ tədbirlər nəticəsində məlum olub ki, post-patrul xidmətinin üç əməkdaşı, staj keçən yol müfəttişliyinin əməkdaşı ilə əlbir olaraq Azərbaycan vətəndaşını girov götürüb, onun azadlığa buraxılması müqabilində qohumlarından pul alıb, daha sonra Yaroslavl vilayəti ərazisində girovu qətlə yetirərək naməlum yerdə dəfn ediblər. Şübhəli şəxslər saxlanıb, onlar istintaqa verdikləri ifadədə törətdikləri cinayəti etiraf ediblər. Faktla bağlı “adam oğurluğu”, “dələduzluq” və “hədə-qorxu yolu ilə pul tələb etmə” maddələri ilə cinayət işi başlanıb.
Bu xəbər oxucular tərəfindən 1338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed