Şrift:
Beynəlxalq media mütəxəssisi şəhid çavuş Vüqar Sadıqovun övladlarının fotosunu paylaşıb
22.07.2020 [09:38] - Xəbərlər, Hərb
Britaniyalı beynəlxalq media mütəxəssisi Den Meyson sosial şəbəkə hesabında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri bölmələrinin törətdikləri təxribatlarla bağlı fikirlərini paylaşıb.

O, hadisələrlə bağlı narahatlığını qeyd edərək zorakılıq və insan ölümlərindən dərin kədər və məyusluq hissini ifadə edib: “Bir çox insanın həyatını çoxdan məhv edən bir qarşıdurmada yaxınlarını itirən ailələrə ürəyim acıyır. Nə üçün? Beynəlxalq siyasətin qaranlıq kölgəsində yenə qan tökülür”, - deyə o, bildirib.

Den Meyson bu hadisələrin fonunda baş verən informasiya müharibəsinə də toxunub: “Etibarlı faktları tapmaq çətindir və arxa hissə mürəkkəbdir. Ancaq bu bəhanə deyil. Siyasi vəziyyəti, təbii qaynaqları və iqtisadi mənzərəni nəzərə alaraq regional xəritəyə bir neçə dəqiqə nəzər salmağınızı istəyirəm. Bu zaman bir çox sualların cavabı sizə aydın olacaq”.

Beynəlxalq mütəxəssis öz paylaşımında müharibədən və münaqişələrdən ən çox uşaqların ziyan çəkdiyini və bütün bunlara səssiz qalmağın düzgün olmadığını da vurğulayıb: “Hər hansı bir millətdən olan uşağın qəlbində bu qədər böyük acı ilə, kədərlə böyüməsinə razı olmaq, göz yummaq qəbulolunmazdır”, - deyə o, bildirib.

Den Meyson paylaşımını “Dünyanın daha yaxşısına layiq olan hissəsində tezliklə ədalət və sülhün bərqərar olmasını diləyirəm” sözləri ilə yekunlaşdıraraq, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də cəbhənin Tovuz istiqamətində həyata keçirdiyi təxribatın qarşısını alarkən şəhid olmuş Azərbaycan ordusunun çavuşu Vüqar Sadıqovun övladlarının gözüyaşlı fotosunu paylaşıb.

Qeyd edək ki, D.Meyson 30 ildən çox professional jurnalist kimi Böyük Britaniyanın ən qabaqcıl media qurumlarında çalışıb. Son 10 il ərzində Azərbaycanla yanaşı, Gürcüstan, Qətər, İsrail, Misir, Çin, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Kipr və Avropa ölkələrində rəqəmsal media təlimləri keçməkdədir. Mütəxəssis 2017-2020-ci illər ərzində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman jurnalistikası” magistr proqramının rəhbəri olub.
Bu xəbər oxucular tərəfindən 456 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed